Laureatlar Azərbaycan Dövlət İqtisad Universitetində olmuşlar

Oktyabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş iqtisadiyyat üzrə Nobel mükafatı laureatları Edvard Preskot və Kennet Errou ilə görüş keçirilmişdir. 
AzərTAc xəbər verir ki, ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində iqtisadiyyat üzrə Nobel mükafatı laureatları ilə görüşlərin ənənəyə çevrildiyini, ABŞ-ın iki tanınmış iqtisadçı alimi ilə bugünkü görüşün universitetin həyatında yaddaqalan, mühüm hadisələrdən olduğunu bildirmişdir.
Ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan ADİU haqqında qonaqlara geniş məlumat verən rektor amerikalı alimlərin universitetlə əlaqələrinin davamlı olacağına əminliyini ifadə etmişdir.
Sonra Harvard Universitetinin professoru Kennet Errou və Arizona Dövlət Universitetinin professoru Edvard Preskotun həyat və yaradıcılığı haqqında məlumat verilmişdir.
Professor K.Errou tədbirdə çıxış edərək demişdir ki, biz həm elmi inkişaf etdiririk, həm də həmkarlarımızla və tələbələrlə təcrübəmizi bölüşürük. Bu baxımdan universitetlərdə keçirilən görüşlərin böyük əhəmiyyəti vardır. Azərbaycanın qabaqcıl ali təhsil müəssisəsi ilə tanışlığı yüksək dəyərləndirən K.Errou dünyanın aparıcı alimlərinin iqtisad elminə verdiyi töhfələrdən söz açmış, tələbələrə onlardan nümunə götürməyi tövsiyə etmişdir.
Hazırda dünyada iqtisadi artım tempinin sürətləndiyini, bir çox ölkələrdə sosial institutların inkişaf etdiyini vurğulayan professor E.Preskot bildirmişdir ki, əsrin sonunda Qərb ölkələri ilə yanaşı, digər ölkələr də iqtisadi baxımdan zəngin olacaqlar. Əslində bu, iqtisadiyyat sahəsində elmi biliklərin paylaşılmasının real nəticəsi olaraq özünü göstərəcəkdir. E.Preskot universitetlərdə elmi araşdırmaların aparılmasının əhəmiyyətini qeyd etmiş, tələbələrin tədqiqatları üçün lazımi şərait yaradılmasının zəruriliyini diqqətə çatdırmışdır.
Sonra professor Ş.Hacıyev dünya iqtisad elminə verdikləri töhfələrə görə amerikalı professorlar K.Errou və E.Preskota Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri doktoru adı verilməsi barədə universitetin Elmi Şurasının qərarını elan etmişdir.
K.Errou və E.Preskota ADİU-nun fəxri doktoru diplomu, mantiya və universitetin yubiley qızıl medalı təqdim olunmuşdur.
Millətlərin tərəqqisində elmin, təhsilin önəmli rolunu vurğulayan tanınmış alimlər bu sahələrin inkişafı ilə bağlı fikirlərini söyləmiş, gənclərə tövsiyələrini vermişlər. Amerikalı qonaqlar ADİU-nun fəxri doktoru adına layiq görülmələrindən məmnunluqlarını bildirmiş, universitetin kollektivinə uğurlar arzulamışlar.
Sonra K.Errou və E.Preskot sualları cavablandırmışlar.
Universitetin professor və müəllimləri qonaqlarla xatirə şəkli çəkdirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında