Şriftin ölçüsü:
04.10.2012 02:25 | Oxunma sayı: 519
Payız sessiyasını bir sıra mühüm əhəmiyyətli ümumavropa məsələlərinin geniş müzakirələri ilə keçirən Avropa Şurası Parlament Assambleyasının gündəliyində deputatlarda ciddi maraq oyadan daha bir məruzə ətrafında diskussiyalar aparılmışdır.
"İnsan hüquqları və xarici siyasət" mövzusunda bu məruzə siyasi işlər və demokratiya komitəsi tərəfindən təqdim edilmişdir. İtaliyalı deputat Rietro Marcenaronun hazırladığı məruzə ilə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış etmişdir. Azərbaycan deputatları ümumavropa səciyyəli məsələlərin müzakirələrində fəal iştirak etməklə yanaşı, adətən həmin müstəvidə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən problemləri də gündəmə gətirir, xüsusən, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz siyasətinin müxtəlif istiqamətləri ilə əlaqədar fikirlərini də səsləndirirlər. Bu dəfə də deputat Rafael Hüseynov məruzədə qaldırılan məsələnin mahiyyətindən bəhs etdikdən sonra bu mövzunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda nəzərdən keçirərək demişdir: "Təqdim olunmuş məruzə düşündürür, cavabı olan və cavablarının tapılması çətin görünən çoxlu suallar doğurur.
Hər bir ölkə xarici siyasətini ilk növbədə öz dövləti və millətinin maraqları üzərində qurur. Amma təbii ki, bu zaman qəbul edilmiş beynəlxalq qayda və qanunlara riayət etmək də əsas şərtlər sırasına çıxır. Amma beynəlxalq qanun və qaydalar həm də dövlətlərdən insan haqlarına əməl etməyi istəyir. Zahirən sanki heç bir ziddiyyət vəd etməyən bu iki istiqamət reallıqda bir çox paradoksları doğurmaqdadır. Avropa Şurasının iki üzv dövlətinin - Ermənistan ilə Azərbaycanın diplomatik münasibətləri yoxdur. Lakin təbii ki, ərazilərinin 20 faizini işğal etmiş Ermənistan ilə bağlı Azərbaycanın konkret xarici siyasəti vardır. Azərbaycan iqtisadi baxımdan regionda həlledici sözə malik ölkədir və bir çox regional və qlobal enerji, nəqliyyat, ticarət layihələrində həlledici tərəfdir. İyirmi ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı daha 7 rayonunu işğal altında saxlayan və bu təcavüzə son vermək istəməyən Ermənistana münasibətdə Azərbaycan iqtisadi təcrid siyasəti yürüdür, bu niyyətini gələcəkdə davam etdirəcəyini də gizlətmir. Azərbaycan münaqişənin hərbi yolla həllinin tərəfdarı olmadığından, Ermənistan isə məsələnin danışıqlar vasitəsilə çözülməsinə hər vəchlə maneələr yaratdığından təsir mexanizmi olaraq, iqtisadi rıçaqlardan istifadə etmək təcavüzə məruz qalmış ölkənin yeganə çıxış variantı kimi önə çıxır. Azərbaycan anlayır ki, nüfuz sahibi olduğu mənfəətli layihələrlə bağlı apardığı bu təcrid siyasəti Ermənistanın onsuz da ağır olan iqtisadi vəziyyətini gündən-günə pisləşdirir. Azərbaycan anlayır ki, ona qarşı düşmənçilik edən ölkə ilə əlaqədar öz dövlət və millət maraqları naminə atmağa məcbur olduğu bu addımlar Ermənistanın sadə insanlarının həyatını daha da çətinləşdir. Normal həyat şəraitinə malik olmaq, rifah içində rahat yaşamaq insan haqlarının başlıca prinsiplərindəndir. Ermənistan hakimiyyəti və ona havadarlıq edənlərin ölkə içərisində yaratdığı səfalət və qanunsuzluq mühiti, digər tərəfdən qonşuları da belə təcrid siyasətinə əl atmağa vadar etməsi öz vətəndaşına qarşı düşmənçiliyin bariz nümunəsidir. Azərbaycanın bir milyona yaxın insanını qaçqına və məcburi köçkünə çevirən, belə nəhəng kütlənin elementar insan hüquqlarını bütün istiqamətlərdə ayaq altına alan Ermənistan nəticə etibarilə öz vətəndaşlarının da hüquqlarının pozulmasına bais olur. Azərbaycanın mühüm bir hissəsi olan Naxçıvanı 20 ildən artıq müddətdə blokada şəraitində yaşamağa vadar edən, Azərbaycanın 20 faiz torpağını ölü zonaya döndərən Ermənistan düşünməli idi ki, bais olduğu belə vəziyyətə görə qarşı tərəf ona təşəkkür etməyəcəkdir.
BMT-nin 2005-ci ildə keçirilmiş Ümumdünya Sammitində dövlət və hökumət başçıları yekdilliklə "qorumaq məsuliyyəti" adlanan yeni normaya imza atmışlar. Həmin sənədə görə dövlət xalqın suveren hüquqlarını, insani haqlarını qoruya bilməyəndə bu ixtiyarı beynəlxalq birliyin öhdəsinə verə bilər. Öz xalqının hüquqlarını ölkə daxilində mütəmadi şəkildə pozan, üstəlik apardığı təcavüzkar xarici siyasəti ilə qonşuları da belə vəziyyətin bir qədər də dərinləşdirməsinə təhrik edən Ermənistan BMT sənədində nəzərdə tutulan arzuolunmaz vəziyyəti reallığa çevirmişdir. Bu gün artıq Ermənistan əhalisini Ermənistan hakimiyyətindən qorumaq məsuliyyətini beynəlxalq birliyin öz üzərinə götürməsi ehtiyacı yaranmışdır. Biz əvvəllər yalnız Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsindən bəhs açırdıq. İndi isə reallıq budur ki, Ermənistanın mövcud hakimiyyəti və onlarla əlbir olan qüvvələr erməni xalqını da işğal etmişlər. Bu, Ermənistanda xarici siyasət və insan haqları nisbətini düzgün tənzimləyə bilməyən, yaxud bunu istəməyənlərin, yumşaq desək, günahı, dəqiq ifadə etsək, cinayətidir".
R.Hüseynovun çıxışı Parlament Assambleyası üzvləri tərəfindən maraqla qarşılanmışdır.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.