Neft kimyası üzrə VIII Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransı işə başlamışdır

Oktyabrın 3-də Neft kimyası üzrə VIII Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransı işə başlamışdır.
Üç gün davam edəcək konfransda neft emalı və neft kimyası sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlər, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlığın təşkil olunması və s. məsələlər müzakirə olunacaqdır.
AMEA-nın prezidenti akademik Mahmud Kərimov konfransın açılışında çıxış edərək, Azərbaycanın neft tarixindən, əldə olunan nailiyyətlərdən bəhs etmişdir. İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan neftinin böyük rolunu qeyd edən M.Kərimov akademik Yusif Məmmədəliyevin bu sahədə əvəzedilməz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Y.Məmmədəliyev 1947-1951-ci illərdə və 1958-1961-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olmuşdur. Onun Akademiyaya rəhbərlik etdiyi dövrdə bir çox institutlar fəaliyyətə başlamışdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda da tanınır. Y. Məmmədəliyev müxtəlif fəxri adlara, ordenlərə layiq görülmüşdür.
M.Kərimov bildirmişdir ki, görkəmli alimin əsas elmi tədqiqatları neftin və neft qazlarının katalitik emalı sahəsi üzrə idi. O, Azərbaycanda neft kimyasının əsasını qoymuşdur.
Təsadüfi deyil ki, Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı, bp və Dövlət Neft Şirkətinin sponsorluğu ilə keçirilən konfrans böyük alimin əziz xatirəsinə həsr olunur.
AMEA-nın prezidenti bildirmişdir ki, bugünkü konfrans daha bir əlamətdar hadisə ilə də fərqlənir. Belə ki, bu gün konfransda dünya şöhrətli alim, 1999-cu ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş, Kaliforniya Texnologiya İnstitutunun professoru, Amerikada yaşayan misirli Əhməd Zevayl iştirak edir. Görkəmli alim AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Akademiyanın xarici üzvü seçilmişdir.
Sonra M.Kərimov Nobel mükafatına layiq görülən tanınmış alimə AMEA-nın xarici üzvü diplomunu təqdim etdi.
AMEA-nın prezidenti, həmçinin Ə. Zevaylın "Zaman içrə səyahət" kitabının Azərbaycan dilinə tərcümə edildiyini də diqqətə çatdıraraq, bu işdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirmişdir.
Daha sonra tərcüməçi redaktor, akademik Tofiq Nağıyev "Zaman içrə səyahət" kitabı haqqında ətraflı məlumat vermişdir.
Neft-Kimya Prosesləri İnstitutunun rektoru, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vaqif Abbasov çıxış edərək, Nobel mükafatı laureatı Ə.Zevaylın konfransda iştirakını yüksək qiymətləndirmişdir. V.Abbasov konfransın əhəmiyyətini vurğulayaraq, müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışmış, qarşılıqlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yarandığını diqqətə çatdırmışdır.
Böyük Britaniya, Rusiya, Özbəkistan, Gürcüstan, ABŞ və digər ölkələrdən çoxsaylı alim və mütəxəssislərin iştirak etdikləri konfrans plenar iclaslarla işini davam etdirmişdir. İclaslarda "Neft emalı və neft-kimyası sintezinin əsas və təkrar emal məhsullarının perspektiv istehsal və emal texnologiyaları və üsulları", "Neft emalı və neft kimyası sintezi proseslərində kataliz", "Neft emalı və neft kimyası sintezi proseslərinin ekoloji problemləri", "İfrat kritik həlledicilər və ion mayelərinin istifadəsinə əsaslanan texnologiyalar və üsullar", "Neftçıxarma, neft emalı, neft kimyası sintezi proseslərində nanotexnologiyalar və nanomateriallar", "İstilik effekti yaradan qazların tutulması və səmərəli emalı" və digər mövzular üzrə məruzələr dinlənilmişdir.
Beynəlxalq konfrans işini davam etdirir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında