Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva Qəbələnin tarixi keçmişi, müasir istirahət-turizm obyektləri, istehsal müəssisələri ilə tanış olmuşdur

Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva Azərbaycana səfəri çərçivəsində oktyabrın 3-də Qəbələ rayonunda olmuşdur. 
Qonaq əvvəlcə Qəbələdə "Tufan" dağ-xizək yay-qış istirahət kompleksinin inşasında işlərin gedişi ilə tanış olmuşdur. Roza Otunbayevaya məlumat verilmişdir ki, bu sağlamlıq-turizm obyektində turistlərə qış idman növləri ilə məşğul olmaq, eləcə də ilin bütün fəsillərində kompleksə ekskursiyaya gələnlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Bildirilmişdir ki, dağ-xizək kompleksinin ərazisində 18 min metr uzunluğunda 10 enmə zolağı inşa ediləcəkdir. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma sistemi ilə təchiz edilməsi nəzərdə tutulur və bu məqsədilə orada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılır. İstirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaqdır.
Sonra qonaq tikintisi davam edən Qəbələ Konqres Mərkəzinə baş çəkmişdir. İnşaat işləri ilə maraqlanan Roza Otunbayevaya məlumat verilmişdir ki, 2,8 hektar ərazisi olan mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradılacağı mərkəz gələn ilin birinci yarısında istifadəyə veriləcəkdir.
Qırğız Respublikasının keçmiş Prezidenti Qəbələdə "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə də tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilməsi mümkündür.
Sonra qonaq Qəbələ konserv zavodunda olmuşdur. Müəssisə ilə tanışlıq zamanı məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıqlar quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat formada məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Roza Otunbayeva rayona səfəri zamanı Qəbələ limonad zavoduna da baş çəkmiş, istehsal prosesi ilə maraqlanmışdır. Qonağa məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə "Məhsul-kola", "Tərxun", "Düşes", "Limon", "Üzüm" limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir.
Qırğızıstanlı qonaq rayon tarix-diyarşünaslıq muzeyində də olmuşdur. Muzeylə tanışlıq zamanı qonağa məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonağın diqqətini 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri cəlb etmişdir.
Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva səfərinin sonunda Qəbələdəki beşulduzlu otellər - "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuş, qonağa bölgənin turizm imkanları barədə geniş məlumat verilmişdir.
Qonaq Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görülərək uğurlar əldə edildiyini vurğulamış, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan müəssisələrin yaradılmasının şahidi olduğunu bildirmiş və Qəbələyə səfərindən məmnunluğunu ifadə etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında