Milli Məclisin deputatı AŞPA-nın sessiyasında dünyada yayılan islamafobiya meyillərinin yaratdığı təhlükələrdən danışmışdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ikinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinin növbəti ənənəvi hesabatı dinlənilmişdir. Nazirlər Komitəsinin bu sessiyadan etibarən fəaliyyətdə olan sədri, Albaniyanın xarici işlər naziri Edmond Panariti ötən müddətdə görülmüş işlər haqqında məlumat verdikdən sonra dünyada mövcud olan bir sıra problemlərlə bağlı deputatların suallarını cavablandırmışdır. 
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov komitə sədrinə son dövrdə bəzi məkrli qüvvələrin dini təməldə dünyanın müxtəlif ölkələrində qarşıdurmalar yaratmaq cəhdlərinin doğurduğu təhlükə ilə bağlı sualla müraciət etmişdir. İslama qarşı həqarət təmayüllərinə əsaslanan "Müsəlmanların məsumluğu" filmi və digər bu qəbildən olan arzuolunmaz hadisələrə diqqəti cəlb edən Rafael Hüseynov demişdir: "Böyük dinlərin müqəddəs kitabları və peyğəmbərləri xalqların heysiyatı ilə bağlı mühüm rəmzlərdir və bu rəmzlərlə ehtiyatsız, həqarətli davranışlar dəhşətli fəlakətlərə gətirib çıxara bilər. Ona görə də yüz milyonlarla insanın etiqad etdiyi İslam dinini və Məhəmməd Peyğəmbəri son dövrlərdə bir sıra Avropa ölkələrində, o cümlədən Fransada kütləvi informasiya vasitələrində məsxərəyə qoymaq, filmlərin, karikaturaların mövzusuna çevirmək cəhdləri dözülməzdir. Müəyyən qüvvələr sanki məqsədli şəkildə Şərq və Qərb arasında gərginliyi artırmağa çalışırlar. Biz dinlər və mədəniyyətlər arasında dialoqu dərinləşdirməyə səy göstərdiyimiz halda belə qəbuledilməz hərəkətlər cəmiyyəti hər an baş verə biləcək və başlandıqdan sonra qarşısının alınması, dayandırılması mümkünsüz olacaq sosial partlayışlara sürükləyir". Rafael Hüseynov Nazirlər Komitəsinin üzv ölkələrdə belə halların qarşısının alınması üçün hansı təcili tədbirlərin görülməsini zəruri hesab etməsi ilə bağlı qurumun sədrinə sualla müraciət etmişdir.
Nazirlər Komitəsinin sədri E.Panariti bildirmişdir ki, qaldırılan məsələ son dərəcə həssasdır və Avropa Şurası daim bu problemi diqqətdə saxlayır. Əsas hədəflərindən biri mədəniyyətlərarası dialoq olan Avropa Şurası yaxşı başa düşür ki, dinlərarası dialoq mədəniyyətlərarası anlaşma və yaxınlaşmanın başlıca elementidir. Xüsusən, qloballaşma dövründə bu, daha artıq aktuallıq kəsb edir. Təsadüfi deyildir ki, məhz bu zərurəti nəzərə alaraq Avropa Şurası hər il dinləmələr təşkil edir.
Rafael Hüseynovun islamafobiya meyillərinin və antiislam hərəkətlərin doğura biləcəyi ağır siyasi fəsadlarla bağlı qənaəti ilə əlaqədar Nazirlər Komitəsinin sədri demişdir ki, belə təhlükələr mövcuddur. Ona görə də Avropa Şurası yalnız qitədə deyil, ümumilikdə dünyada daha dözümlü dini mühit formalaşdırmaq üçün səyləri artırmalıdır. Təmsil etdiyi Albaniyanın bu istiqamətdə yaxşı təcrübəyə malik olduğunu bildirən E.Panariti Avropanın gələcəyinin sıx dialoq və səmimi əməkdaşlığa bağlı olduğunu söyləmişdir.
Rafael Hüseynovun qaldırdığı məsələ avropalı deputatlar arasında ciddi reaksiya doğurmuş və göstərmişdir ki, əslində sözü gedən proseslər assambleyada çoxlarını narahat edirmiş. Daha iki deputat - Litvadan Egidiyus Varekis və Türkiyədən Burhan Qayatürk müzakirələrə qoşularaq Rafael Hüseynovun mövqeyini dəstəklədiklərini bildirmiş və Nazirlər Komitəsinin, bütövlükdə Avropa Şurasının bu problemə diqqət artırmasının vacibliyini vurğulamışlar.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında