Milli Məclisin payız sessiyası öz işinə başlamışdır

Oktyabrın 1-də dördüncü çağırış Milli Məclisin payız sessiyası öz işinə başlamışdır. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq payız sessiyasının başlaması münasibətilə deputatları təbrik etmiş, qanunvericilik fəaliyyətində onlara uğurlar arzulamışdır. 
Parlamentin payız sessiyası dövründəki fəaliyyətindən danışan O.Əsədov bildirmişdir ki, Milli Məclis ötən sessiyada məhsuldar işləmiş, dövlətimizin qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir. Yaz və növbədənkənar sessiyalarda Milli Məclisin 13 iclası keçirilmişdir və 128 qanun qəbul olunmuşdur.
Milli Məclisin deputatları bir sıra ölkələrdə keçirilən parlament seçkilərini həm fərdi, həm də beynəlxalq təşkilatların müşahidə missiyası tərkibində izləmişlər.
Parlament payız sessiyasında da gərgin işləyəcəkdir. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulmuşdur. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında, parlamentə Prezident İlham Əliyev tərəfindən təqdim ediləcəkdir.
Payız sessiyasının gündəliyinə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun və büdcə zərfinə daxil olan sənədlər, eləcə də ölkənin iqtisadi, siyasi, mədəni sahələrini, beynəlxalq əlaqələrini əhatə edən bir sıra vacib qanun layihələri daxil edilmişdir.
İclasın gündəliyi təsdiq olunduqdan sonra sədr diqqətə çatdırmışdır ki, son vaxtlar Azərbaycan Ordusunun zabiti Ramil Səfərov haqqında bəzi beynəlxalq təşkilatlarda qətnamələr qəbul olunur, Azərbaycana təzyiqlər göstərilir. Milli Məclisin sədri bu təzyiqin bu günlərdə AŞPA-da spikerlərin görüşündə də hiss etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, həmin görüşdə də Ermənistan parlamentinin sədri bu məsələni qaldırsa da, Azərbaycan tərəfi onun layiqli cavabını vermişdir. Avropalıların diqqətinə çatdırılmışdır ki, bu məsələ dünyada presedent olan məsələdir və beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilmişdir. Məsələnin əsas məğzi ondan ibarətdir ki, erməni diasporu, ermənipərəst dövlətlər bu məsələdən istifadə edərək Dağlıq Qarabağ problemini unutdurmaq, status-kvonu saxlamaq və bu vasitə ilə Azərbaycana təsir etmək istəyirlər. Bunun nəticəsi olaraq biz gördük ki, Avropa Parlamentində belə bir qətnamə qəbul edilmişdir. Bu qətnamə "təxirəsalınmaz" adı altında qəbul olunmuşdur. O.Əsədov demişdir: "Mən Strasburqda parlament qrupları ilə görüşlərimdə də bu məsələnin şişirdilməsinə etirazımı bildirdim. Təəssüflər olsun ki, bir çoxlarının Ermənistana ekstradisiya olunmuş insanlar haqqında, onların əməlləri barədə xəbərləri yoxdur. Bir neçə partiya qrupunun rəhbəri ilə görüşdük, mən onlara bu barədə müvafiq sənədlər təqdim etdim, onları məlumatlandırdım. İclasda da bildirdim ki, status-kvo belə qalmayacaq, ona ümid etməsinlər. Onlar Prezident İlham Əliyevin saytına müraciət edəndə isə, mən onlara minnətdarlığımı bildirdim ki, bizim Prezidentimizin saytını belə yüksək səviyyədə izləyirlər, bu saytdan nəyisə öyrənə bilirlər. Amma hərdən öz prezidentlərinin də saytına diqqət yetirsinlər. Bir ölkənin prezidenti Dağlıq Qarabağ müharibəsi zamanı Xocalı soyqırımında iştirak etməsi ilə fəxr edirsə, bu ölkənin heç kəsə demokratiya dərsi verməyə ixtiyarı yoxdur".
Sədr çıxışının sonunda bildirmişdir ki, hazırda AŞPA-nın da Büro iclası gedir, onlar da bunu təxirəsalınmaz məsələ kimi gündəliyə salmaq istəyirlər, bizim nümayəndə heyətimiz də oradadır.
Sonra O.Əsədov gələcəkdə də belə qətnamələrin qəbulunun qarşısını almaq üçün Milli Məclisdə müvafiq komissiya yaradılmasını təklif etmişdir. Bu komissiya beynəlxalq təşkilatlara və parlamentlərə öz müraciətlərini, bəyanatlarını göndərəcəkdir.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərlik edəcəyi komissiyaya deputatlar Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov və Sədaqət Vəliyeva üzv seçilmişlər.
Sonra iclasın gündəliyi müzakirə olunmuş, deputatlar seçiciləri maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirmişlər.
Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunmuşdur.
Deputatlar qanunvericilik işləri planına dair qeyd və təkliflərini irəli sürmüşlər. Payız sessiyasının işlər planına hazırlanmaqda olan "Milli Məclis deputatının etik davranış kodeksi"nin layihəsinin də daxil edilməsi təklif olunmuşdur. Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiq edildi.
Fasilədən sonra deputat Sədaqət Vəliyeva Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını oxumuşdur. Bəyanat səsə qoyularaq təsdiq edildi. (Bəyanatın mətni qəzetin 2 oktyabr tarixli nömrəsində dərc edilmişdir).
Sonra parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında Milli Məclisin Qərarına dəyişikliklər və əlavələr edilmiş, Çili, Peru və Uruqvay ilə parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılmışdır.
İclasın gedişində "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Milli arxiv fondu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "Heyvanlar aləmi haqqında" Qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilmişdir. Qeyd olunmuşdur ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir.
İclasda, həmçinin "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə qanun layihəsi də təsdiq olunmuşdur.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında