Xocavənd rayonundan olan məcburi köçkünlər beynəlxalq təşkilatlara müraciət ünvanlamışlar

Xocavənd rayonundan olan məcburi köçkünlər rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlamışlar.
AzərTAc xəbər verir ki, müraciətdə deyilir: "Azərbaycan Respublikasının Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində xalqımızın qədim maddi mədəniyyət nümunələri talan edilərək yandırılmış, yüzlərlə insan erməni terrorunun qurbanı olmuş, rayonun azərbaycanlı əhalisi məcburi köçkün kimi respublikamızın müxtəlif bölgələrində məskunlaşmışdır.
1988-1993-ci illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.
Ermənistanın Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz torpağında qaçqın vəziyyətinə düşmüş və hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər regionda etnik təmizləmə siyasəti həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə-necə qanlı soyqırımları törətmiş Ermənistan Respublikasına və Dağlıq Qarabağdakı cinayətkar rejimə göstərilən bütün siyasi, maddi yardım, mənəvi dəstəkləri qətiyyətlə pisləyir, bunun beynəlxalq hüquq prinsiplərinə tamamilə zidd olduğunu bəyan edirik.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də əksini tapdığını bir daha nəzərinizə çatdırırıq.
Biz sizdən, humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Erməni təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.
Biz, Xocavənd rayonundan olan məcburi köçkünlər birmənalı surətdə bəyan edirik ki, nəyin bahasına olursa-olsun öz doğma yurdlarımıza qayıdacağıq! Bu bizim haqqımızdır və bu haqqı heç kimə və heç nəyə güzəştə getmək fikrimiz yoxdur! Biz sadəcə öz evimizə getmək istəyirik!".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında