Avropa, dünya və Olimpiya çempionları yetirən idman liseyi

Bakının Sabunçu rayonunda bir idman liseyi var. Bu təhsil ocağı 1963-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Respublika idman təmayüllü orta ümumtəhsil internat məktəbi adı altında yaradılıb. İndi isə Respublika Olimpiya İdman Liseyi adlanır. O vaxt həmin məktəbin yaradılmasında əsas məqsəd güclü idmançılar yetişdirmək, ölkə yığma komandası üçün ehtiyat qüvvələr yaratmaq idi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra idman liseyinin maddi - texniki bazası daha da gücləndirildi. Çünki burada yetişdirilən idmançılar Azərbaycanın idman şərəfini qoruyacaq, beynəlxalq turnirlərdə müstəqil dövlətimizi təmsil edəcəkdilər.
Liseydə çalışan məşqçilər və təhsil alan şagirdlər də bunu yaxşı dərk edirdilər. Axı, Avropa, dünya və Olimpiya yarışlarında Azərbaycanın bayrağını yüksəkliyə qaldırmaq, dövlət himnimizin səsləndirilməsinə nail olmaq çox böyük fəxarət hesab olunur. Bu şərəfə nail olmaq hər adama nəsib olmur. Ancaq Respublika Olimpiya İdman Liseyinin idmançıları bu zirvələri fəth etdilər. Son illər Avropa, dünya və Olimpiya yarışlarında mükafata layiq yerlər tutan, bayrağımızı ən yüksəkliyə qaldıran və dövlət himnimizin səsləndirilməsinə nail olan idmançıların əksəriyyəti məhz bu idman liseyinin yetirmələridir.
Azərbaycanın idman tarixinə şanlı səhifə yazmş Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalardan səkkizi bu liseyin yetirmələrinə məxsus idi. Bu günlərdə Bakıda keçirilmiş güləş üzrə yeniyetmələrin dünya birinciliyində və Tailandın Pattaya şəhərində gənc güləşçilər arasında dünya birinciliyində Olimpiya İdman Liseyinin yetirmələri bir - birinin ardınca parlaq qələbələr qazanaraq mükafata layiq yerlər tutublar. Bütün bunlar idman liseyində bacarıqlı idmançıların yetişməsindən xəbər verir.
Bu günlərdə Olimpiya İdman Liseyində oldum. Buranın hər daşı, divarı, idman meydançaları, yataqxanası, sinif otaqları mənə doğma idi. Axı, mən də bu məktəbin qoynundan pərvazlanmış, orta təhsilimi bu məktəbdə başa vurmuşam.
Liseyin direktoru Rasim Muradovla budəfəki söhbətimiz də, həmişəki kimi, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan oldu. Onu da qeyd edim ki, R.Muradov uzun müddətdir ki, idman liseyinə rəhbərlik edir. Məktəbin tarixində qazanılan ən yüksək idman nailiyyətləri də məhz onun rəhbərliyi dövrünə təsadüf edir. Rasim müəllimə ilk sualım da elə London Olimpiadası barəsində oldu:
-Rasim müəllim, XXX Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları qələbə uzun müddət xatirələrdən silinməyəcək. Bu qələbədə sizin liseyin də zəhmət payı var. Bizdə olan məlumata görə, Olimpiya iştirakçılarından səkkizi sizin liseyin yetirmələri olub.
-Bu sevinc hər bir azərbaycanlının yaddaşında uzun müddət qalacaq. Ötən Olimpiya oyunlarından fərqli olaraq bu dəfə on medal qazandıq. Mən bu möhtəşəm qələbədə ilk növbədə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmək istərdim. Məhz möhtərəm Prezidentimizin tapşırığı ilə idmançılara hər cür şəraitin, müasir tələblərə cavab verən idman komplekslərinin yaradılması sayəsində bir - birinin ardınca parlaq qələbələr qazandıq. XXX Yay Olimpiya Oyunları həm də ona görə yaddaqalandır ki, müstəqillik tariximizdə ilk dəfə idi ki, Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edirdi. Olimpiya oyunlarına 50-dən çox idmançı ilə qatılan ölkə böyük idman ölkəsi kimi tanınır. Ölkəmiz isə budəfəki Olimpiya oyunlarına 53 idmançı ilə qatılmışdı. Bu, ölkəmizin idman potensialının sürətlə inkişafının göstəricisidir. Möhtərəm Prezidentimizin Londonda keçirilmiş XXX Yay Olimpiya oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdəki çıxışı idmançılarımızı qələbəyə daha da ruhlandırdı. Onlar Olimpiya oyunlarına böyük ruh yüksəkliyi ilə getdilər. Dövlətimizin başçısı həmin çıxışında demişdir: "... Mən 15 ildir ki, Milli Olimpiya Komitəsinin Prezidentiyəm. Baxmayaraq ki, ölkə Prezidenti kimi mənim çoxsaylı işlərim, böyük, çoxşaxəli funksiyalarım vardır, Milli Olimpiya Komitəsinin Prezidenti kimi də mən daim idmançılarla təmasdayam, onların problemləri ilə maraqlanıram, onların uğurlarına sevinirəm. Hesab edirəm ki, bu, həm cəmiyyət, həm də idmanın inkişafı üçün lazımdır. Mən onu da qeyd etmək istəyirəm ki, ölkə Prezidenti vəzifəsinə də idman aləmindən gəlmişəm. 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti və 2003-cü ildə respublika Prezidenti seçilmişəm. Yəni, mən Azərbaycan rəhbərliyində, belə demək mümkünsə, idmançıları təmsil edirəm və bundan sonra da hər bir sahəyə olduğu kimi, bu sahəyə də xüsusi diqqət göstərəcəyəm. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda "İdman ili" elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, idmana, doğrudan da, dövlət tərəfindən böyük dəstək, idmançılara böyük qayğı vardır. İdmançılar bizim milli sərvətimizdir. Azərbaycan idman arenalarında öz sözünü deyir, deyəcəkdir. Mən əminəm ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaqdır".
Azərbaycan Prezidentinin idmançılarımıza inamı, etimadı özünü qazanılan medalların sayı ilə doğrultdu. Olimpiaya oyunlarına qoşulan 205 dövlət arasında 30-cu olmaq çox böyük uğurdur. Bizim sevincimiz isə ikiqat artıqdır. Çünki mükafatçılar sırasında liseymizin yetirməsi də var.
- Rəhbərlik etdiyiniz liseyin yetirmələri arasında London Olimpiadasına qədər Olimpiya çempionu olmuşdurmu?
-Bu gün respublikamızın adlı-sanlı, dünya şöhrətli idmançılarının əksəriyyəti bizim liseyin yetirmələridir. Ümumilikdə isə bu vaxta qədər müxtəlif idman növləri üzrə Olimpiya çempionlarımız olub. 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibləri - yunan-Roma güləşçisi Kamandar Məcidov, qılıncoynadan Boris Koretski, 1992-ci ildə Barselonada keçirilmiş Yay Olimpiya Oyunlarının çempionları-çüdoçu Nazim Hüseynov, gimnast Valeri Belenki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının cüdo üzrə qalibi Elnur Məmmədli, sərbəst və yunan-Roma güləşləri üzrə Olimpiya, dünya və qitə çempionları və mükafatçıları olmuş Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev, Həsən Əliyev, Zəfər Quliyev, Vitali Rəhimov, Cəbrayıl Həsənov, Nazim Əlicanov və başqaları liseyimizin yetirmələridir. Mən yalnız dünyada kifayət qədər tanınmış idmançıların adlarını çəkdim. Son illərdə isə liseyimizdə yeniyetmələr və gənclər arasında xeyli Avropa və dünya çempionları yetişmişdir. Qızların da idmanla məşğul olmaları üçün əlverişli şərait yaratmışıq. Bu da nəticəsiz qalmayıb. Respublikamızın tanınmış cüdoçusu Kifayət Qasımova məhz bizim liseyin yetirməsidir. O,1999-cu ildə yeniyetmələr arasında Avropa çempionu olmuş, 2000-ci ildə dünya birinciliyində bürünc medal qazanmışdır.
-Hazırda liseyin şagirdləri arasında gələcəkdə respublikamızı mötəbər yarışlarda təmsil edə biləcək perspektivli idmançılar varmı?
- Yaxın gələcəkdə respublikamızın idman tarixində iz qoyacaq idmançılarımız çoxdur. XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanan boksçumuz Teymur Məmmədov hələ çox gəncdir. Ona ümidlərimiz böyükdür. İnanırıq ki, o, qələbələr seriyasını davam etdirəcək. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Murad Bazarov bu günlərdə gənclər arasında dünya çempionu oldu. Murad 2005-2006-cı ildə liseyin 5-ci sinfinə daxil olub. Onu yunan-Roma güləşinə təcrübəli məşqçimiz, respublikanın əməkdar məşqçisi Vaqif Feyzullayev cəlb etdi. Murad əvvəlcə sərbəst güləş ilə məşğul olurdu. Lakin Vaqif müəllim ondan yaxşı yunan - Roma güləşçisi olacağını əminliklə bildirdi və onu öz bölməsinə cəlb etdi. İllər keçdi və məşqçinin zəhməti öz bəhrəsini verdi. İndi Murad Bazarov gələcəyin ən güclü idmançılarından biri kimi ümidləri doğruldur. Elə bu günlərdə Bakıda başa çatmış yeniyetmələrin dünya birinciliyində liseyimizin yetirmələrindən ikisi qızıl medal alaraq Azərbaycanın bayrağının ən yüksəkliyə qaldırılmasına və dövlət himnimizi səsələndirməyə nail oldular. Yarışa qatılan digər güləşçilərimizdən biri gümüş, biri isə bürünc medal qazandı. Şagirdlərimizin qazandıqları bu parlaq qələbələr aşağı sinif şagirdlərini də ruhlandırıb. Açığını deyim ki, son illər qazanılan qələbələr və idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı liseyimizdə təhsil almaq istəyənlərin sayını xeyli artırıb. Ona görə də liseyə qəbul zamanı fiziki cəhətdən sınaq yoxlamaları keçirir və ən güclü, daha çevik, dözümlü uşaqları seçirik. Hazırda lisyedə təhsil alan şagirdlərimizə böyük ümidlərimiz var.
-Belə bacarıqlı idmançıların yetişməsində məşqçilərin də zəhməti yüksək qiymətə layiqdir. Liseydə çalışan məşqçilərin fəaliyyətini necə qiymətləndirirsiniz?
-Hər bir idmançının yetişib ərsəyə gəlməsində məşqçinin böyük zəhməti var. Məşqçilər yetirmələrini öz övladları kimi sevir, onların qazandıqları qələbələrə valideynlərindən çox sevinirlər. Bu qələbələr, həm də məşqçilərin neçə illərdən bəri çəkdikləri zəhmətin bəhrəsidir. Hər dəfə Azərbaycanın bayrağı ən yüksəkliyə qaldırılanda, dövlət himnimiz səsləndiriləndə məşqçilərin sevinci yerə - göyə sığmır. Bu, uzun illərin bəhrəsidir. Həm də ölkəmizin bayrağı bayraqlar sırasında ən yüksəkliyə qaldırılıb. Bundan da böyük sevinc, fərəh olarmı? Bu sevinci insanlara bəxş edən bacarıqlı, təcrübəli, öz peşəsinin vurğunu olan məşqçilərimiz çoxdur. Onlar respublikamızın adlı - sanlı, beynəlxalq aləmdə yüksək reytinqə malik olan məşqçiləridir. Liseyimizdə sərbəst güləş üzrə baş məşqçi olmuş əməkdar bədən tərbiyəçisi və idman xadimi Oqtay Hüseynovu nəinki respublikada, hətta dünyada da yaxşı tanıyırlar. O, hazırda təqaüddə olsa da, onun təcrübəsindən həmişə istifadə edirik. O.Hüseynov uzun müddət güləş üzrə respublika yığma komandasına rəhbərlik edib. Sidney və Afina Yay Olimpiya Oyunlarında hakimlik edib. Cüdo bölməsinə əməkdar məşqçi Ağayar Axundzadə və Nağı Babayev kimi məşqçilər rəhbərlik ediblər. Yunan-Roma güləş bölməsində çalışan Vaqif Feyzullayev respublikanın əməkdar məşqçisidir. Onun yetirmələri arasınada Avropa və dünya birinciliklərinin, habelə Olimpiya oyunlarının mükafatçıları var. Başqa təcrübəli məşqçilərimiz də var. Onlar beynəlxalq turnirlərdə mükafat alan idmançılar yetişdirmək üçün bütün imkanlardan istifadə edirlər.
-Azərbaycanda idmanın inkişafı üçün geniş imkanlar yaradılıb. Yəqin, bu imkanlar sizin liseyin də maddi - texniki bazasının gücləndirilməsinə öz təsirini göstərib.
-Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində idmanın kütləviliyinin təmin edilməsi üçün ölkədə geniş tikinti-quruculuq işləri aparılır. Hazırda 34 regional Olimpiya Mərkəzi tikilib istifadəyə verilmiş, 8 mərkəzdə isə tikinti işləri davam edir. İdmana dövlət səviyyəsində göstərilən qayğı bizdə yaxın zamanlarda hər bir rayon mərkəzində müasir Olimpiya İdman Kompleksi açılacağına əminlik yaradıb. Olimpiya İdman Kompleksinin tikintisinə 2000-ci ildən başlanılıb və son 12 il ərzində, demək olar ki, əksər rayonlarda müasir Olimpiya kompleksləri tikilmişdir. Gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim milli Olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri də öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş Olimpiya komplekslərində başlamışlar. Biz də bu qayğıdan bəhrələnərək respublikamızın bir neçə rayonunda məktəbimizin filialını yaratmışıq. Rayonlarda çoxlu bacarıqlı idmançılar var. Onların Bakıda təhsil almaları və idmanla məşğul olmaları üçün müəyyən problemlər olduğunu nəzərə alıb regionlarda filiallar yaradırıq. Dövlət başçımızın idmana göstərdiyi yüksək diqqət və qayğını beynəlxalq turnirlərdə parlaq qələbələr qazanmaqla doğrultmağa çalışacağıq.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında