Şriftin ölçüsü:
28.09.2012 09:04 | Oxunma sayı: 477
Sentyabrın 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə Bakıda "Jumeirah Bilgeh Beach" otelində "Körpülərin salınması" beynəlxalq konfransı işə başlamışdır.
AzərTAc xəbər verir ki, AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən təşkil edilən ikigünlük beynəlxalq konfransda Avropanın 14 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak edir. Tədbirdə siyasi, iqtisadi, idman, elm, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, həmin sahələrdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin genişlənməsi, qarşılıqlı anlaşma və etibarın yüksəldilməsi məsələləri və s. müzakirə olunacaqdır.
Yerli dövlət və hökumət nümayəndələrinin də qatıldığı tədbirdə, konfrans iştirakçıları sırasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, keçmiş dövlət məmurları, nazirlər, Avropa Parlamentinin deputatları, eləcə də Avropa İttifaqı strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları vardır.
AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov tədbirdə çıxış edərək, Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan danışmışdır. O bildirmişdir ki, bəzi hallarda Azərbaycan ikili standartlar, ayrı-seçkiliklə üzləşir. Bu isə Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurur. Nədənsə, bəzi dövlətlər və nüfuzlu şəxslər bu bölgədə təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymurlar. Bu gün hamı Dağlıq Qarabağ münaqişəsinin həllindən danışır. Amma heç kim demir ki, bu, münaqişə deyildir. Bu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızı işğal etməsi faktıdır.
Sonra İNEA-nın sədri, Almaniyanın keçmiş dövlət naziri Yurgen Qramke çıxış etmiş, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir.
Konfrans "Avropaya doğru əməkdaşlıq" adlı birinci panellə işini davam etdirmişdir. Paneldə Avropanın qonşuluq siyasəti və qarşıda duran problemlər müzakirə olunmuşdur. Avropa Komissiyasının keçmiş prezidenti, Lüksemburqun sabiq dövlət naziri və Robert Şuman Fondunun keçmiş sədri Santer Jaques Azərbaycanın Cənubi Qafqaz regionundakı rolundan danışmışdır.
Avropa Parlamentinin üzvü, Sloveniyanın keçmiş xarici işlər naziri İvo Vayq isə söyləmişdir ki, Azərbaycan artıq beynəlxalq arenada öz sözünü deyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması faydasızdır.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev konfransdakı çıxışında ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan, Avropaya inteqrasiyasından söz açmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan nazir müavini demişdir ki, rəsmi Bakı Avropa İttifaqının Dağlıq Qarabağ üzrə məsələdəki mövqeyi ilə razı deyildir.
Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir ki, Azərbaycanın regionda oynadığı rol, Avropanın mühüm enerji tərəfdaşı olması onun Aİ üçün əhəmiyyətini daha da artırır.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlıdır". Bu sözləri isə konfransdakı çıxışında Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz demişdir.
Sonra Milli Məclisin deputatları Azay Quliyev, Fazil Mustafa, Fərəc Quliyev, Asim Mollazadə, Niderlandın keçmiş dövlət naziri Van Eeklen Villem və başqaları çıxış edərək mövzu ilə bağlı rəy və təkliflərini bildirmişlər. Çıxışlarda Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığı xüsusi qeyd olunmuşdur.
Fasilədən sonra konfrans işini "Azərbaycan və Avropa arasında iqtisadi əlaqələr" adlı ikinci paneldə davam etdirmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.