Bakıda diplomatik akademiyaların 40-cı Ümumdünya Forumu işə başlamışdır

Sentyabrın 27-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni tədris kompleksində Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının 40-cı Ümumdünya Forumu işə başlamışdır. 
AzərTAc xəbər verir ki, tədbiri açan ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev akademiyanın yeni tədris kompleksi barədə məlumat vermişdir. Rektor bildirmişdir ki, bu kom- pleksdə tədris prosesi yeni metodlarla aparılır. Regionda ilk dəfə olaraq bu tədris kompleksində alternativ enerji mənbələrindən istifadə olunur. Azərbaycan neft və qazla zəngin ölkə olsa da, biz alternativ enerjini inkişaf etdirmək niyyətindəyik. Çünki bu, gələcəyə bir töhfədir. Kom- pleksdə energetika və ətraf mühitlə bağlı yeni mərkəz açılmışdır.
Fəaliyyətə başladığı dövrdən sürətlə inkişafda olan akademiyanın beynəlxalq əlaqələrini genişləndirdiyini vurğulayan Hafiz Paşayev ADA-nın dünyanın başqa diplomatik akademiyaları ilə bir çox sahələrdə, o cümlədən alternativ enerji sahəsində də fəal əməkdaşlıq etdiyini demişdir. Bildirilmişdir ki, ADA bir çox proqram və layihələr həyata keçirməklə öz fəaliyyətini durmadan genişləndirir.
Corctaun Universitetinin Diplomatiya Araşdırmaları İnstitutunun direktoru Paula Nyuberq Azərbaycan Diplomatik Akademiyasının müasir tələblərə cavab verən yeni tədris kompleksində belə mühüm tədbirin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu bildirmişdir.
Vyana Diplomatik Akademiyasının direktor köməkçisi Nadya Vozoniq çıxış edərək diplomatların, Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının, gənc professorların bu sahədəki fikirlərinin öyrənilməsi, eləcə də beynəlxalq münasibətlər və beynəlxalq biznes sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından forumun əhəmiyyətini vurğulamışdır.
ADA-nın prorektoru Fariz İsmayılzadə çıxışında akademiyanın sürətli inkişaf yolundan və beynəlxalq əlaqələrindən danışmışdır. Bildirilmişdir ki, ildən-ilə inkişaf edən bu təhsil ocağında 2009-cu ildən tədris proqramının genişləndirilməsinə və "Beynəlxalq əlaqələr və diplomatiya" sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılmışdır. 2011-ci ildən etibarən isə "Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər" üzrə bakalavr ixtisasları yaradılmışdır. Ən müasir tələblərə cavab verən akademiyada hazırda 19 ölkədən olan tələbələr də təhsil alır.
Forumun əhəmiyyətindən danışan F.İsmayılzadə iştirakçılara tədbirin gündəliyi və müzakirə olunacaq mövzularla bağlı məlumat vermişdir.
Sonra forum işini panel iclaslarında davam etdirmişdir.
Moderatoru ADA-nın müəllimi Kavus Abuşov olan "Kiçik dövlətlərin diplomatiyası" mövzusundakı birinci panel iclasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Xorvatiya Diplomatik Akademiyasının rektoru, səfir Mladen Adrliç və Belçikanın Avropa Kollecinin professoru Siqlind Gstöhl qloballaşmanın hazırkı kontekstində kiçik dövlətlərin üzləşdiyi çağırışları, qlobal iqtisadiyyata və siyasi institutlara inteqrasiya olunarkən, eyni zamanda, milli suverenliyi və mədəni dəyərləri qorumaq cəhdləri məsələlərini müzakirə etmişlər.
"Enerji və ətraf mühit diplomatiyası" mövzusundakı ikinci panel iclasının moderatoru ADA-nın Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzinin rəhbəri, professor Elnur Soltanov, çıxış edənlər isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, İsrailin Hayfa Universitetinin professoru Brenda Şafer, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia olmuşlar. Bu panel iclasında dövlətlərin xarici siyasətində enerjinin rolu vurğulanmış, həmçinin beynəlxalq aləmdə iqlim dəyişikləri və ətraf mühit məsələlərinin artan əhəmiyyəti önə çəkilmiş, bu istiqamətdə müzakirələr aparılmışdır.
Forum işini sentyabrın 28-də "Dünya siyasətində dəyişikliklərin mənzərəsi" və "Regional təşkilatların diplomatiyasının inkişafı" mövzularındakı panel iclasları ilə davam etdirəcəkdir.
1972-ci ildə təsis olunmuş foruma Vyana Diplomatik Akademiyası (Avstriya) və Corctaun Universiteti (ABŞ) həmsədrlik edirlər. Ötən il bu tədbir ABŞ-ın Boston şəhərində keçirilmişdir. Növbəti il isə forumun Serbiyanın Belqrad şəhərində keçirilməsi gözlənilir. ADA 2007-ci ildən forumun fəal iştirakçısıdır.
"Diplomatik təlim üzrə beynəlxalq Forum" adlanan bu toplantının mövzusu "XXI əsrdə diplomatik təlim: Təcrübə mübadiləsi və yeni çağırışların görüşməsi"dir. Forumda 60 ölkənin diplomatik təhsil verən ali məktəblərinin 90-dan artıq rektor və dekanı iştirak edir. Tədbirdə diplomatik təlim, qlobal siyasi məsələlər və onların müasir təhsilə təsiri müzakirə olunur. Mövzular arasında enerji diplomatiyası, kiçik ölkələrin diplomatiyası, qlobal siyasi dəyişikliklər, regional təşkilatların inkişafı və ekoloji məsələlər vardır.
Forum sentyabrın 30-dək davam edəcəkdir. Tədbirin sonunda ADA ilə Perunun, Qətərin, Koreya Respublikasının, Mərakeşin, Macarıstanın və Serbiyanın diplomatik akademiyaları arasında əməkdaşlıq sazişləri imzalanacaqdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında