"ASAN xidmət" mərkəzləri vətəndaşlara müxtəlif sahələrdə xidmət göstərəcəkdir

Sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri", həmçinin "Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planları"nın ictimai müzakirələri keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev Milli Fəaliyyət planlarının ictimai müzakirələrində dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın vacibliyindən danışmışdır. Bildirilmişdir ki, Milli Fəaliyyət planlarında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və ictimaiyyətin iştirakının təmin edilməsi məsələləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasında, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Artıq bir neçə ildir ki, ölkəmizdə bu məqsədlə vətəndaşlar üçün bəzi sahələrdə elektron xidmətlərin "Bir pəncərə" prinsipi əsasında təşkili təmin olunur.
Vurğulanmışdır ki, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir və bu qurumun nəzdində "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcəkdir. Artıq vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə edilməsində "ASAN xidmət" mərkəzlərindən faydalana biləcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzləri barədə məlumat vermişdir.
İ.Kərimov diqqətə çatdırmışdır ki, "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən vətəndaşlar üçün göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Yaxın vaxtlarda Azərbaycanda fəaliyyət göstərəcək "ASAN xidmət" mərkəzləri özündə 9 dövlət orqanının 23 xidmətini vahid məkanlarda birləşdirəcəkdir.
Mərkəzlərin əsas mahiyyəti vətəndaşlara yeni nəsil xidmətlərini göstərməkdir və onların fəaliyyət prinsipində əsas meyar vətəndaş məmnunluğu olacaqdır. O qeyd etmişdir ki, mərkəzlərin fəaliyyətində şəffaflığın qorunması əsas şərtlərdən biridir.
Vətəndaşlar artıq müxtəlif ünvanlarda yerləşən dövlət orqanlarına vaxt itirmədən bir məkanda müraciət edə biləcəklər. "ASAN xidmət" mərkəzlərində vətəndaşlarla dövlət qulluqçuları arasında heç bir təmas olmayacaq və bütün ödənişlər elektron qaydada aparılacaqdır. Mərkəzlər həftənin bütün günlərində fasiləsiz fəaliyyət göstərəcəklər.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının nümayəndəsi Vüsal Hüseynov isə demişdir ki, Milli Fəaliyyət planları korrupsiya ilə mübarizənin daha da gücləndirilməsinə imkan yaradacaqdır. Bildirilmişdir ki, bu, artıq elektron xidmətlərin təkmilləşdirilməsi məsələsində öz əksini tapır.
Tədbirdə mövzu ilə bağlı təkliflər səslənmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında