Biz laçınlı ağsaqqal və ziyalılar "Azadlıq" qəzetinin 25 sentyabr tarixli sayında xalq arasında heç bir sosial dayağı olmayan, qondarma "İctimai Palata" adı altında birləşmiş radikal müxalifət üzvlərindən bəzilərinin laçınlılar adından danışaraq, verdikləri saxta məlumatlara kəskin etirazımızı bildirir, bunu rayonumuza qarşı qarayaxma kimi qiymətləndiririk.
Birmənalı olaraq bildiririk ki, rayon sakinləri adından danışmağa heç bir hüququ və əsası olmayan Rafiq Daşdəmirli, Əhməd Cəlaloğlu kimilərinin belə sərsəm çıxışları bütün rayon sakinləri tərəfindən hiddətlə qarşılanmışdır. Əli Kərimili, İsa Qəmbər və onların əlaltıları olan belə naqis siyasətbazlara üzümüzü tutub deyirik ki, onsuz da sizin xalq arasında heç bir dayağınız yoxdur, nahaq yerə növbəti axtarışa başlamısınız.Bəsdir bir dəfə xalqı aldadaraq hakimiyyətə gəldiyiniz. Xalqımız sizin kimi siyasətbazların səriştəsizliyi, naşılığı ucbatından düçar olduğu hakimiyyət böhranını, xaos və anarxiyanı hələ unutmamışdır. Məgər bu gün haqqın, ədalətin bərpasından, demokratiyadan, vətəndaş həmrəyliyindən danışan, xalqa özünü canıyanan göstərən sizin kimi müxalifətçilər deyildimi ki, Xocalı, Şuşa, Laçın və digər torpaqlarımız yağı düşmənlə üzbəüz qaldığı bir vaxtda, onlar hakimiyyət davası edir, "qoçu" qismində saxladıqları hərbi birləşmələrini düşmənə qarşı çevirmək əvəzinə, Bakıya qaytarır, xalqı yalan vədlərlə aldadaraq çaş-baş salırdılar.
Acı təəssüf hissi ilə bildiririk ki, bu naşı siyasətbazların qısa fəaliyyəti zamanı ölkədə qaçqın və məcburi köçkün vəziyyətinə düşən soydaşlarımıza ikinci qrup insanlar kimi baxılır, onlar addımbaşı alçaldılaraq mənəvi əzaba məruz qoyulurdular. Heç tutduğunuz bu əməllərdən utanırsınız?
İndi hansı üzlə yenidən laçınlıların adını tutur, onlara müraciət edirsiniz. Biz sizin əməllərinizə, mənəvi cılızlığınıza yaxşı bələdik. Nəinki laçınlılar, digər rayon sakinlərinin də heç biri sizə heç zaman dəstək olmayacaqdır.
Haqlı olaraq sizin kimi siyasətbazlardan birdəfəlik üz döndərən xalqımız o çətin anlarda yeganə düzgün seçim edərək, onu bir çox bəlalardan məharətlə qorumuş Heydər Əliyevə üz tutdu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə nəinki məcburi köçkünlərdə, eləcə də bütün ölkə vətəndaşlarında yaşamaq əzmini və qurub yaratmaq amalını yenidən özünə qaytardı. Ölkəmiz fəaliyyətsizliyiniz ucbatından düçar olduğu hakimiyyətsizlikdən, xaos və anarxiyadan, qardaş qırğınından qurtuldu. Vahid komandanlıq altında birləşdirilən ordu qüvvələri cəbhə bölgəsində bir sıra ərazilərimizi düşməndən azad etdi. Birmənalı olaraq bildiririk ki, artıq bu gün Rafiq Daşdəmirli, Əhməd Cəlaloğlu kimilərinin ölkəmizdə sürətli inkişafın, dayanıqlı sabitliyin, əmin-amanlığın bərqərar edildiyi bir vaxtda sadə zəhmət adamlarını aldatmağa yeni cəhd göstərmələri, saxta məlumatlar yaymaqları heç də bizi bir daha aldada bilməz. İndi xalqımız kimin kim olduğunu yaxşı bilir və özünün əbədi ümummilli lideri olan Heydər Əliyev ideyaları ətrafında sıx birləşmişdir.
Qürurla qeyd edirik ki, əvəzolunmaz Heydər Əliyev strategiyası 2003-cü ildən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharət və bacarıqla davam etdirilir. Hakimiyyəti xalqa xidmət etmək üçün bir fürsət hesab edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə işsizliyin aradan qaldırılması, günbəgün yeni və müasir müəssisələrin fəaliyyətə başlaması, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin bir çox mötəbər yarışlara ev sahibliyi etməsi, anbaan gözəlləşən paytaxtımızın gələn qonaqları heyran etməsi hər bir azərbaycanlı kimi biz laçınlıların da qəlbində iftixar hissi yaradır.
Minnətdarlıq hissi ilə bildiririk ki, ölkə başçısı cənab İlham Əliyevin ata-baba torpaqlarından didərgin salınmış insanlara daha həssaslıqla yanaşmasını, respublikamızın ərazisindəki bütün çadır şəhərciklərinin ləğv edilərək əvəzində abad qəsəbələr salınmasını, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin və məşğulluğunun artırılmasını yüksək qiymətləndiririk. Xüsusilə, bu diqqət və qayğının bariz nümunəsi kimi, 24 dekabr 2011-ci il tarixdə, əlli yaşının tamam olduğu bir gündə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvəqqəti məskunlaşdığımız Ağcabədi rayonu Taxtakörpü ərazisinə səfəri, laçınlı məcburi köçkünlər üçün inşa edilmiş 552 evdən ibarət, bütün infrastruktura malik qəsəbənin açılışında iştirak etməsi hər bir laçınlının yaddaşına ən əziz xatirə kimi əbədi həkk olunmuşdur.
Qoy müxalifət liderləri yaxşı bilsinlər ki, həmişə olduğu kimi bu gün də hər bir laçınlı əvəzedilməz liderləri olan cənab İlham Əliyevin ətrafında sıx birləşib. Onlar qəti əmindirlər ki, ölkə Prezidentinin apardığı müdrik və qətiyyətli siyasət, dəyişməz mövqe nəticəsində tezliklə işğal altındakı torpaqlarımız azad ediləcək, bütün məcburi köçkünlər kimi laçınlılar da ata-baba yurdlarına qayıdacaqlar. Birmənalı şəkildə bəyan edirik ki, biz nə Rafiq Daşdəmirlini, nə də Əhməd Cəlaloğlunu tanıyırıq. Belələrinə qəti xəbərdarlıq edirik ki, bir daha əsəblərimizlə oynamasınlar, onların bu hərəkətləri növbəti siyasi manevr olmaqla bütün laçınlılara xəyanətdir. Qətiyyətlə qeyd edirik ki, həmişə olduğu kimi bu gün də bütün laçınlıların ardınca getdikləri, ümid və inamlarını bağladıqları yeganə siyasi qüvvə Yeni Azərbaycan Partiyasıdır. Məhz bunun nəticəsidir ki, rayonda yeganə mənzil qərargahı olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatının hazırda üzvlərinin sayı artaraq 3000 nəfəri ötmüşdür. Biz laçınlı ağsaqqal və ziyalılar xalq arasında bütün nüfuz və dayaqlarını itirmiş radikal müxalifət nümayəndələrinə üzümüzü tutaraq bir daha bildiririk ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizdə formalaşmış milli birliyi, dövlət və vətəndaş həmrəyliyini heç bir qüvvə sarsıda bilməyib və bundan sonra da sarsıda bilməyəcəkdir.
{nl}
Laçınlı məcburi köçkünlər adından:
Ağayar İSMAYILOV, Solmaz MƏHƏRRƏMOVA, Abuzər ABUZƏROV, Müsü ABDÜLƏZİMOV, Malik CƏBRAYILOV, Şükufə RZAYEVA, Cəmşid TAĞIYEV, Şahverdi ƏHMƏDOV
Cəmi; 478 nəfər
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.