Astara xəbərləri

Azərbaycan klassiklərinin, dünya korifeylərinin dəyərli sənət nümunələrinin geniş oxucu kütləsinə çatdırılması, gənclərdə elmə, kitaba marağın artırılması məqsədilə ölkəmizdə ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin, F.Köçərli adına Respublika Uşaq Kitabxanası əməkdaşlarının və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq Kitab Karvanı" tədbiri də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.
Rayon Mərkəzi Mədəniyyət evinin qarşısındakı meydanda təşkil edilmiş tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri, müəllimlər, orta məktəb şagirdləri və məktəbəqədər müəssisələrin uşaqları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon mərkəzi kitabxananın direktoru N.Fərəməzov qonaqları salamlayaraq kitab bayramının önəmindən danışmış, bu sahəyə göstərilən yüksək diqqət və qayğıya görə iştirakçılar adından ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Respublikanın tanınmış uşaq şair və yazıçıları İlyas Tapdıq, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, "Tumurcuq" qəzetinin redaktoru Səməd Məlikzadə, yazıçı Nüşabə Məmmədli iştirakçılarla fikir mübadiləsi aparmış, uşaqlara öz kitablarını hədiyyə etmişlər. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri F.Quliyeva və kitabxananın əməkdaşları tədbirin maraqlı keçməsini təmin etmişlər. Həmin gün rayon mərkəzi kitabxanasına 1000 nüsxəyə qədər müasir uşaq ədəbiyyatı nümunəsi hədiyyə edilmişdir.
Tədbirdə rayonun musiqi kollektivləri nümunəvi konsert proqramı ilə çıxış etmişlər.
***
Astara rayonunda növbəti "Əmək yarmarkası" keçirilmişdir
Yarmarkanın keçirildiyi rayon mərkəzi kitabxanasına gələnlərin əksəriyyəti gənclər idi. Yarmarkada asılmış xüsusi lövhədə iş yeri təklif edən 25 idarə, müəssisə və təşkilatın, bələdiyyələrin, özəl qurumların adları və təklif etdikləri iş yerlərinin sayı yazılmışdı. Ümumilikdə vətəndaşlara 196 iş yeri təklif olunmuşdur.
Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Z.Şükürov iştirakçılara məlumat verərək bildirdi ki, keçirilən tədbir vətəndaşların işlə təmin edilməsində böyük əhəmiyyətə malikdir. Hər kəs burada iştirak edən müəssisə və təşkilatların, bələdiyyələrin, özəl qurumların nümayəndələrinə müraciət edib işlə təmin olunmaq imkanı əldə edə bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq Xidmətinin məsul işçisi Xətai Mehrəliyev hər il rayonlarda keçirilən "Əmək yarmarkası"ndan danışmış, Astarada "Əmək yarmarkası"nın təşkilindən razılığını bildirmişdir.
"Əmək yarmarkası"nda 65 nəfərə işə düzəlmək üçün göndəriş verilmişdir.
***
Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşlarla görüşlərin keçirilməsi, yerli əhalini düşündürən, narahat edən məsələlərin operativ şəkildə həllinə köməklik göstərilməsi Astara rayonunda ənənəyə çevrilmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin iştirakı ilə belə görüşlərdən biri Siyakü ərazi icra nümayəndəliyinin Vaqo kəndində keçirilmişdir.
Rayon rəhbərliyinin nümayəndələri əvvəlcə rayonun girəcəyindəki Telman kəndində aparılan tikinti abadlıq işləri ilə tanış olmuş, Vaqo kənd orta məktəbi üçün yeni tikilən binada işlərin gedişi ilə maraqlanmışlar. İcra başçısı tikinti işlərinin sürətlə və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını vermişdir.
Vaqo kənd sakinləri ilə görüşü Siyakü ərazi icra nümayəndəsi Xanəhməd Zahirov açaraq məlumat verdi ki, Təngərüd, Şiyəkəran və Pensər kəndləri ilə qonşu olan Vaqoda əhalinin təbii qaz, elektrik enerjisi ilə təminatı qaydaya salınmışdır. Kənddəki 476 təsərrüfatda 1888 nəfər yaşayır. Ərazidə asfalt və çınqıl zavodları, tibb müəssisəsi, məktəb və digər sosial obyektlər vardır. Əhalini ən çox narahat edən məsələ ötən əsrin 50-60-cı illərindən istismar edilən elektrik təsərrüfatının köhnəlməsidir.
Qəzənfər Ağayev sakinləri salamlayaraq Siyakw ərazi nümayəndəliyinə bir neçə dəfə görüşə gəldiyini və vətəndaşlarla işgüzar fikir mübadiləsi apardığını xatırladı. Görülən işlərdən danışdı. O dedi ki, Vaqo kəndində də xeyli iş görülüb. Yeni məktəb binası tikilir, abadlaşdırma aparılır. Eyni zamanda rayon rəhbərliyi sakinləri narahat edən məsələlərə də biganə qalmır, problemləri vaxtında həll etməyə çalışır.
Kənd sakinləri M.Əliyev, A.Güləliyev və H.Muradov ölkədə və rayonda aparılan abadlıq və quruculuq işlərindən, sosial məsələlərin həllindən razılıqlarını ifadə edərək Azərbaycan rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, Siyakü ərazi icra nümayəndəliyinin kəndlərində yeni məktəblərin tikintisi ucqarlara qayğı və diqqətin parlaq təzahürüdür. Sakinlər həmçinin mərkəzi yoldan kənardakı təsərrüfatlara qaz xətti çəkilməsi, qəbiristanlıq yolunun təmiri, arıçılıqla məşğul olanların Bakı şəhərində keçirilən sərgi-yarmarkada iştirakına köməklik göstərilməsi və sair məsələlərlə əlaqədar xahişlərini dilə gətirdilər, müxtəlif təklif, rəy və arzularını söylədilər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev dedi ki, burada qaldırılan bütün məsələlərə həssaslıqla yanaşılacaq və müvafiq tədbirlər görüləcək. Qaz təsərrüfatı bütün ölkə miqyasında yenilənir, elektrik təsərrüfatında təmir-bərpa işləri davam etdirilir. Bütün vacib məsələlər ardıcıl olaraq həllini tapır və tapacaq.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında