Hacıqabul: minnətdarlıq ifadəsi gözlərdən oxunur

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən rayonun daşqından zərər çəkmiş ərazilərində yeni mənzillərin tikilməsinə başlanılmışdır

{nl}

Nə mümkünsə onu biz maksimum edirik və edəcəyik. Bu işlərdə bütün qurumlar vahid idarəçilik formatında işləməlidirlər. Nazirliklər, bütün dövlət qurumları, yerli icra orqanlarının nümayəndələri - hamımız birlikdə çalışmalıyıq. Çünki bu, bizim ümummilli işimizdir. Bu vaxta qədər heç zaman ölkənin ərazisinin böyük bir hissəsi belə təbii fəlakətə məruz qalmamışdır. Qısa bir müddət ərzində qırxdan çox rayonda subasma və sürüşmə halları baş vermişdir. Yəni bu, misli görünməmiş təbii fəlakətdir və biz maksimum səmərə ilə bu vəziyyətdən çıxa bilirik.
Prezident İlham ƏLİYEVİN mayın 11-də keçirilmiş səyyar müşavirədəki çıxışından.

{nl}

May ayının əvvəllərindən başlayaraq güclü leysan yağışların yağması nəticəsində Kür çayında yaranmış daşqınlar bir çox rayonlar kimi, Hacıqabula da ziyan vurmuşdur. Ayın 23-də sel suları təqribən səksən-yüz metr uzunluğunda bəndi uçurmuş, Meyniman kəndindən yüz əlli evin sakinləri müvəqqəti sığınacaq üçün qohumlarının evlərinə köçürülmüşdür. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış qərargah bir çox məsələləri yerindəcə həll etmək üçün kənddə yerləşdirilmişdir. İşlərin düzgün təşkil olunması nəticəsində əhalinin mal-qarasına, demək olar ki, cüzi ziyan dəymişdir. Ərazidən su çəkilməyə başladıqdan sonra sakinlər yavaş-yavaş geriyə qayıtmağa başladılar. Əlbəttə, bu zaman onları narahat edən əsas məsələ necə və harda yerləşdirilmələridir. Çünki köhnə evlərin böyük əksəriyyəti çiy kərpicdən tikildiyindən, çoxu yararsız vəziyyətə düşmüş və dağılmışdır. Ancaq bütün problemlərin həllinə nail olmağı bacaran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və göstərişi əsasında bu cür əziyyətlə üzləşmiş insanları çətinlikdə qoymamaq, narahatçılıq yaratmamaq bir nömrəli vəzifə kimi qarşıya qoyulmuşdur. Evləri uçulub dağılmış insanlara ölkə başçısının göstərişi ilə daha möhkəm və yaraşıqlı evlərin tikilməsi də vacib məsələlərdən biri kimi nəzərdə tutulmuşdur.
Artıq bu istiqamətdə Hacıqabul rayonunda ilkin addımlar atılmışdır. Belə ki, 21-i Meyniman, 1-i Ələtli kəndində olmaqla rayonun 22 uçmuş evinin yerində yenisinin tikilməsi nəzərdə tutulmuşdur. Bu işlərə start verilmiş və 17 evin tikintisinə başlanılmışdır. Burada maraqlı məqamlardan biri də ondan ibarətdir ki, yeni evlər tikilən zaman ev sahiblərinin istəkləri nəzərə alınır, onlara qarşılığı ödənilməklə tikintidə işləmək üçün şərait yaradılır. Buna görə də bu gün ərazidə aparılan tikinti işlərində yüzə yaxın kənd sakini də çalışır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, daşqınlar zamanı su altında qalmış Meyniman kəndinin həkim məntəqəsi qısa müddət ərzində, yenidən bərpa olunmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə kənd həkim məntəqəsinin müdirinin də "Tərəqqi" medalı ilə təltif olunması sözsüz ki, əhali arasında yüksək əhval-ruhiyyə yaratmışdır.
Hələlik daşqınlar nəticəsində nə qədər evə, təsərrüfata ziyanın dəyməsi dəqiqləşdirilir. Hamı bir nəfər kimi bu inamdadır ki, ölkə başçısının vədinə uyğun olaraq sakinlər yeni mənzillərlə təmin olunacaqlar. Meyniman kəndində tikintisi aparılan evlərin bəzilərinə baş çəkdik. Hamının simasından minnətdarlıq duyğusunu asanlıqla sezmək mümkündür. Kənd sakini Həsən Cəfərov deyir:
- Mən Böyük Vətən müharibəsinin iştirakçısıyam. Yəni yaşıma görə çox şeylər görmüşəm. Sovet hökumətinin ən qüdrətli vaxtında da yaşamışam, müstəqil dövlətimizin bu gününün də şahidiyəm. Ancaq dövlətin, dövlət başçısının diqqətini, qayğısını heç vaxt indiki kimi görməmişəm. Müstəqilliyimiz heç iyirmi il deyil, ancaq möhtərəm Prezidentimiz İlham Əliyev yüz - iki yüz illik tarixi olan dövlətlərin rəhbərlərindən daha qətiyyətlidir, daha inamlıdır. Zarafat deyil, bütün uçub dağılmış, qəzalı vəziyyətə düşmüş evlərin yerində təzələri tikiləcək. Allah bilir, bu nə qədər vəsait deməkdir. Həm də biz arxayınıq ki, evlər ürəyimizcə tikilir. Bu da bəlkə, Allahın qismətidir ki, belə nəhəng işə bizim Meyniman kəndindən başlanılıb. Mən əziz dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm və onun atdığı addımlar atası, ulu öndər Heydər Əliyevin addımlarını, yerişini, duruşunu xatırlatdığından həm kövrəlirəm, həm də qürur, iftixar hissi keçirirəm. Bilirəm ki, Heydər Əliyevin yadigarı bizi heç vaxt çətinlikdə qoymaz. Allah onun köməyi olsun.
Bəxtiyar Qasımov, kənd sakini:
- Açığını deyim ki, təbii fəlakətin ilk vaxtlarında sağ-salamat qalmağımıza şükür etsək də, bizi fikir götürmüşdü ki, nə edəcəyik, harada qalacağıq. Çünki ev-eşiyimizdən əsər-əlamət qalmamışdı. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin çadır şəhərciyində keçirdiyi müşavirədə uçmuş evlərin yerində yenilərinin tikiləcəyi barədə dedikləri, verdiyi tapşırıqlar, qayğımıza qalması bizdən bu narahatçılığı götürdü. Bu gün mənim köhnə evimin yerində dördotaqlı ev tikilir. Həm də istədiyim kimi. Yəqin ki, neçə il bundan sonra da mənim bu cür gözəl ev tikmək imkanım olmazdı. Bu şəraitə görə ömrüm boyu möhtərəm Prezidentimizə borcluyam.
Kəklik Yaqubova, kənd sakini, təqaüdçü:
- Elnən gələn dərd toy-bayramdı, deyiblər. Ay bala, hamı kimi mən də ev-eşiyimdən olmuşam. Allah İlham Əliyevə uzun ömür versin ki, atasının yolunu uğurla davam etdirir, həmişə xalqın, camaatın qayğısına qalır. Mənə də yenidən dördotaqlı ev tikilir. Özümü xoşbəxt sanıram ki, bu cür gözəl dövlətimiz və humanist, insanpərvər dövlət başçımız var. İnanıram ki, onun qətiyyəti sayəsində bütün ev-eşiyindən olanlar daha gözəl mənzillərlə təmin olunacaqlar və şad-xürrəm yaşayacaqlar.
... Söhbət elədiyim insanların hamısının gözlərində dövlətə, dövlət başçısına olan inamın, sevginin təzahürünü gördüm. Bu sevgi, bu inamla nələr etmək olmaz?!

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında