23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür

Dövlət qulluqçusu həm də yaxşı analitik olmalıdır
Hər bir ölkənin müasir dünya dövlətləri sırasında öz layiqli yerini tutması qloballaşma əsrində yaranmış iqtisadi və geosiyasi vəziyyəti düzgün qiymətləndirməsindən və buna uyğun mövqe tutmasından, ölkədə siyasi sabitliyin bərqərar edilməsindən, bundan yararlanmaqla dövlətin iqtisadi qüdrətinin gündən-günə artırılmasından, demokratik proseslərin daha da sürətləndirilməsindən çox asılıdır. Bunun üçün dövlət idarəetmə sisteminin gündən-günə təkmilləşdirilməsi, ölkənin idarə olunması məsuliyyətini üzərinə götürən dövlət qulluqçularının daha səmərəli işləməsi, cəmiyyətdə gedən proseslərdə müşahidəçi kimi deyil, fəal və aparıcı qüvvə kimi iştirak etməsi vacibdir. Bu baxımdan Azərbaycan nəinki postsovet məkanında, hətta dünyada çoxlarına nümunə ola bilər.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanıb ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyamızda təsbit olunmuş müddəalar əsasında Azərbaycan öz müstəqilliyini gündən-günə möhkəmləndirir və yeritdiyi düzgün daxili və xarici siyasət sayəsində dinamik inkişaf edir. Sözsüz ki, bu işdə dövlət orqanlarında çalışan şəxslərin, o cümlədən dövlət qulluqçularının rolu böyükdür. "Dövlət qulluğu haqqında" Qanun dövlət qulluqçularının hüquqi statusunu müəyyən etmək, onların sosial müdafiəsini gücləndirməklə yanaşı, bu şəxslərə qarşı tələbkarlığı da xeyli artırmış, onların xalqa və dövlətə daha yaxşı xidmət etməsinə, dövlət qulluğunun müasir dövrə uyğun meyarlarının formalaşmasına təkan vermişdir.
Dövlət qulluğunun təşkilinin yaxşılaşdırılmasında, hər bir dövlət orqanının rəhbərlik etdiyi sahə üzrə düzgün qərarlar qəbul etməsində, qarşısına qoyulmuş vəzifələri daha yaxşı yerinə yetirməsində, həyata keçiriləcək tədbirlərin iqtisadi, siyasi, sosial əhəmiyyətini düzgün müəyyənləşdirməsində, bu tədbirlərin kifayət qədər dərindən və elmi cəhətdən əsaslandırılmasında analitik işin də böyük əhəmiyyəti vardır.
Hazırda respublikada 28 mindən artıq dövlət qulluqçusu fəaliyyət göstərir ki, bu da 2005-ci ilə nisbətən 3 min nəfər çoxdur. Onların böyük əksəriyyətini inzibati vəzifələrin 5-9-cu təsnifatları üzrə çalışanlar təşkil edir. Məhz bu kateqoriyadan olan dövlət qulluqçuları dövlət orqanlarının gündəlik fəaliyyətində əsas rol oynayır, müxtəlif materialların, o cümlədən konkret məsələlər barədə arayışların, təhlillərin, hesabatların və icmalların hazırlanmasında yaxından iştirak edirlər.
Qeyd etmək lazımdır ki, dünya təcrübəsində olduğu kimi, respublikamızda da dövlətin idarə olunmasında analitik xidmətlərin fəaliyyətindən geniş istifadə edilir. Bu məqsədlə respublikanın elmi idarələri ilə yanaşı, xüsusi olaraq müstəqil qurumlar, mərkəzi icra hakimiyyəti orqanlarında müxtəlif xidmətlər yaradılmışdır. Konkret problemlərin öyrənilib araşdırılmasında Azərbaycan Milli Elmlər Akademiyasının sahə institutlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və digər ali məktəblərin, bir sıra müstəqil araşdırma mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının, müstəqil ekspertlərin xidmətindən geniş istifadə olunur. Məhz bu işin əhəmiyyəti nəzərə alınaraq 2007-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi yaradılmışdır.
Bu xidmətlərin fəaliyyəti cəmiyyətdə həllini gözləyən aktual problemlərin vaxtında müəyyən edilməsinə, onların həlli üçün konkret proqramların hazırlanmasına imkan verir və ölkədə gedən quruculuq proseslərini sürətləndirir. Həmin proqramlarda Azərbaycan cəmiyyətinin sosial və iqtisadi inkişafının müxtəlif istiqamətləri, əsas vəzifələri proqnozlaşdırılır, onların konkret həlli yolları göstərilir, son nəticədə respublika iqtisadiyyatının yüksələn xətlə inkişafına zəmin yaradılır.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbərliyinə gəldiyi ilk günlərdən bu məsələlərə xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının 2003-cü ildə imzaladığı ilk fərmanlarından birində Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən edən konkret proqramların hazırlanıb təqdim edilməsi respublikanın dövlət hakimiyyəti orqanlarının qarşısında bir vəzifə kimi qoyulmuşdur.
Ölkə Prezidentinin rəhbərliyi altında 2003-cü ildən başlayaraq respublikada ən müxtəlif sahələr üzrə 60-dan çox dövlət proqramı və tədbirlər planı hazırlanıb təsdiq edilmişdir ki, bunların bir çoxu artıq yerinə yetirilmiş, digər proqramların yerinə yetirilməsi inamla davam etdirilir. Bu proqramlar təkcə iqtisadi sahələri deyil, eyni zamanda humanitar sahələri də əhatə edir. Müvafiq elmi idarələri, mütəxəssisləri cəlb etməklə hazırlanan bu proqramlar beynəlxalq təşkilatlar, həmçinin dünyanın tanınmış analitik mərkəzləri və ekspertləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, konkret proqramlarla təmin olunmasın. Həm də qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır".
Bunlardan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını xüsusi qeyd etmək lazımdır. Məhz bu proqramların birincisinin həyata keçirilməsi nəticəsində 2004-2008-ci illərdə respublikanın regionlarında böyük quruculuq işləri aparılmış, yeni istehsalat sahələri yaradılmaqla minlərlə daimi iş yeri açılmış, bütövlükdə respublikanın siması tanınmaz dərəcədə dəyişərək xeyli inkişaf etmişdir. 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı da uğurla həyata keçirilməkdədir. Bu və digər mühüm proqramların hazırlanıb həyata keçirilməsində dövlət hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının böyük əməyi vardır.
Unutmaq olmaz ki, bu proqramların hər biri həmin sahənin real vəziyyətinin təhlili, mövcud dünya standartları ilə müqayisələr əsasında hazırlanmış, Azərbaycanı da bu standartlar səviyyəsinə yüksəltmək, bütövlükdə Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq istəyindən və amalından yaranmışdır. Buna görə də ölkə Prezidenti inamla bildirir: "...Yaxın zamanlarda Azərbaycanda həyat səviyyəsi, mövcud olan standartlar, demokratik proses, ictimai proseslər Avropanın ölkələrindən fərqlənməyəcəkdir. Həyat səviyyəsini yaxşılaşdırmaq bu işdə vacib məsələdir".
Analitik işin dövlət qulluğunda əhəmiyyətindən danışarkən hər bir idarədə, hər bir xidmətdə analitik işin qurulması prinsiplərindən, onun əsas xüsusiyyətlərindən də danışmaq lazımdır. Bu, əslində hər bir dövlət qulluqçusundan yüksək hazırlıq, öyrəndiyi sahə, problem və məsələ barəsində geniş məlumat, praktiki iş, eyni zamanda ümumiləşdirmə və proqnozlaşdırma qabiliyyəti tələb edir.
Müdriklik və uzaqgörənliklə yanaşı, bütün bu xüsusiyyətləri özündə cəmləşdirən fenomenal şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu olan ümummilli liderimiz Heydər Əliyev bu cəhətdən hər bir insana əvəzsiz nümunə idi. Hər bir sahəni kamil mütəxəssis kimi bilən ulu öndərimiz öz analitik təfəkkürü və məntiqi ilə çoxlarını heyrətə salırdı.
Analitik iş, əslində, elmi tədqiqat işi ilə sıx əlaqəlidir, lakin elmi işin məqsədi hər hansı bir mövzunun tədqiqi və müvafiq elm sahəsində nəzəri biliklərin artırılması olsa da, dövlət orqanlarında analitik materialların əhəmiyyəti ilk növbədə həmin orqanın düzgün qərar qəbul etməsinə xidmət edir və onun əsas məqsədi lazımi informasiyanın verilməsidir.
Bu gün respublikanın dövlət hakimiyyəti orqanlarında çalışan məmurların gündəlik işlərinə nəzər salarkən görürük ki, bunun bir hissəsi müxtəlif məsələlər barəsində kollegiya, şura iclaslarında və digər tədbirlərdə müzakirə üçün arayışlar, layihələr hazırlamaqdan ibarətdir. Buna görə də çəkinmədən demək olar ki, bu işin öhdəsindən layiqincə gəlmək üçün dövlət qulluqçuları mütləq analitik vərdişlərə malik olmalı, hazırladığı hər bir məsələni dərindən öyrənməli, topladığı faktları saf-çürük etməyi, ümumiləşdirməyi, nəticə çıxarmağı, konkret təklif və tövsiyələr verməyi bacarmalıdır. Əks-təqdirdə onun gördüyü işin səmərəsi az olar, düzgün və obyektiv qərarlar qəbul etməkdə çətinliklər yaranar.
İnformasiya-təhlil sənədlərinin hazırlanmasında əsas prinsiplərdən biri onun vaxtında hazırlanmasıdır. Bu materiallar hər hansı bir problemin öncədən müəyyən edilməsi, real vəziyyəti əks etdirməsi və konkret nəticələr əldə edilməsi üçün hazırlanır. Belə materialların lazımi səviyyədə hazırlanması üçün gündəlik və sistemli iş aparılmalıdır. Bu işlə məşğul olan hər bir məmur ardıcıl və mütəmadi şəkildə özünün informasiya bankını yaratmalı, məlumatın axtarış mənbələrinə, mövcud məsələ üzrə qanunvericilik bazasına yaxşı bələd olmalı və statistik məlumatlardan kifayət qədər xəbərdar olmalıdır.
Müasir dövlət qulluqçusunun qarşısında qoyulan əsas tələblərdən biri də onun müasir informasiya texnologiyalarından istifadə bacarığıdır. Çox geniş imkanlara malik bu texnologiyalar vasitəsilə dövlət qulluqçuları operativ təhlillər aparmaq üçün lazımi məlumatları toplamaqla, bu vasitələrdən istifadə etməklə öz işini qat-qat sürətləndirə və daha keyfiyyətlə yerinə yetirə bilərlər.
Unutmaq olmaz ki, analitik materialların əsasını faktlar təşkil edir. Lakin faktlar məntiqi ardıcıllıqla öyrənilməsə və ümumiləşdirilməsə, onlardan çıxarılan nəticə də zəif olacaqdır. Faktlar yalnız düzgün ümumiləşdirildikdə məsələnin məğzini əks etdirə bilir. Bundan asılı olaraq konkret tədbirlər müəyyən edilir, müvafiq təklif, yaxud tövsiyə verilir. Analitik materialların hazırlanmasında operativlik çox zəruri amillərdən biridir. Burada materialın toplanması, yəni informasiya axtarışına vaxtın az sərf edilməsi daha vacibdir. Bu isə yalnız o halda təmin edilə bilər ki, bu işə mütəmadi və ardıcıl hazırlıq görülsün.
Analitik materialların hazırlanmasını bir neçə mərhələyə bölmək olar. Bunlar texniki problemlər, informasiya axtarışı, təhlil və redaktə mərhələlərindən ibarətdir. Göstərilən mərhələlərin hansına daha çox vaxt sərf edilməsi də vacib amillərdən biridir. Bəzən sənədin hazırlanması üçün verilmiş vaxtın çox hissəsini texniki məsələlər və informasiya axtarışı aparır. Təbiidir ki, bu, işin keyfiyyətinə mənfi təsir göstərir. Ən optimal variantlardan biri budur ki, materialların hazırlanmasında informasiya axtarışı ilə analitik işə sərf edilən vaxt 1:4 nisbətində olsun. Belə bölgü materialın vaxtında, son dərəcə dolğun və dəqiq hazırlanmasına imkan verir. Nəzərə almaq lazımdır ki, analitik materiallar konkret situasiya və şərait üçün nəzərdə tutulduğundan elmi əsərlərdən fərqli olaraq onların əhəmiyyəti vaxt keçdikcə azalır.
Analitik materialların hazırlanmasında digər vacib cəhət odur ki, məsələnin mahiyyəti və məğzi konkret göstərilməklə yanaşı, orada müəyyən nəticələr də çıxarılsın və konkret tövsiyələr verilsin. Əks-təqdirdə belə materialların əhəmiyyəti heçə enir. Analitik materiallarda əldə edilmiş nəticələr əsasında problemin real həlli yolları ilə yanaşı, müəyyən proqnozlar da verilməlidir. Əgər bu tələbə əməl olunmasa, hadisələrin inkişaf istiqamətləri və məsələnin həlli yolları müəyyən edilə bilməz. Bir daha qeyd edilməlidir ki, nəticələrin çıxarılması onu hazırlayan şəxsdən yüksək peşəkarlıq, məntiqi düşüncə qabiliyyəti və ustalıq tələb edir.
Analitik materialların hazırlanmasında ən müxtəlif informasiya mənbələrindən istifadə olunur. Bu, məlumat zənginliyi ilə yanaşı, faktların və rəqəmlərin müqayisə yolu ilə yenidən yoxlanmasına imkan verir. Nə qədər çox mənbədən istifadə olunarsa, faktların yoxlanması da asanlaşar. Lakin buna hədsiz aludəçilik hazırlanan analitik materialın fakt yığınına çevrilməsinə səbəb olar və istənilən səmərəni verməz. İnformasiyanın həddən artıq bolluğu müəyyən pərakəndəliyə və yayğınlığa gətirib çıxara bilər. Bəzən informasiya bolluğu da informasiya qıtlığı qədər çətinlik yaradır.
Təbiidir ki, belə materialların hazırlanmasında təkcə statistik rəqəmlər kifayət etmir. Müəyyən bir mövzu araşdırılarkən problemlərin həlli yollarını müəyyən etmək üçün bu sahədə ölkə daxilində və xaricdə olan müsbət təcrübə dərindən öyrənilməli və nəticələr çıxarılmalıdır. Bəzən təhlillər zamanı faktoloji materialların, yəni rəqəmlərin və digər göstəricilərin sadalanması istənilən nəticəni vermir. Buna görə də onların müqayisəli araşdırılması zərurətə çevrilir.
Analitik materialların səciyyəvi cəhətlərindən biri də sadə və asan başa düşülən formada yazılmasıdır. Analitik materialların əsas xüsusiyyəti onlarda istifadə olunan anlayışların və terminlərin dəqiqliyi, dilin aydın və konkretliyi, eyni zamanda sadəliyidir. Analitik materialların sərlövhəsində, mətnində, yekun nəticələrində hər bir ifadə, hər bir termin dəqiq və sərrast seçilməlidir.
Dövlət qulluğunda analitik işin əhəmiyyətindən danışarkən vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaqda bunun nə dərəcədə zəruri olması üzərində xüsusilə dayanmaq lazımdır. Dövlət qulluqçularının yerinə yetirdikləri əsas funksiyalardan biri də vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu, vətəndaşların qaldırdıqları problemlərin ümumiləşdirilməsi və həlli yollarının tapılmasıdır.
Məlumdur ki, vətəndaşlar dövlətin idarə olunmasında məhz öz müraciətləri vasitəsilə iştirak edirlər. Onların müraciətləri cəmiyyətdəki problemlərin üzə çıxarılmasında mühüm vasitədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların müraciətlərinə daim böyük diqqət və qayğı ilə yanaşır və bunu hər dövlət orqanından, hər bir dövlət məmurundan qətiyyətlə tələb edir.
Bu baxımdan son illər dövlət orqanlarında, idarə və müəssisələrdə bu məsələyə diqqət artırılmışdır. Qeyd etmək lazımdır ki, dövlət qulluqçularından böyük vaxt və enerji tələb edən bu işin yaxşılaşdırılmasında təhlillərin rolu böyükdür. Təhlillər müraciətlərdə qaldırılan məsələlərin nə dərəcədə səciyyəvi olduğunu, müəyyən sahədə hansı nöqsanların qabarıq nəzərə çarpdığını aydınlaşdırmağa, müraciətlərin yaranma səbəblərini aradan qaldırmağa imkan verir.
Son illərdə Prezident Administrasiyasında vətəndaşların müraciətlərinə aid təhlillərin daha geniş və mükəmməl şəkildə aparılması mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu işə daha ciddi yanaşılmasına gətirib çıxarmışdır. Bu işdə səmərəliliyi və operativliyi artırmaq üçün daha yeni və müasir proqramlar hazırlanaraq tətbiq edilməyə başlanmışdır.
Hazırda respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da bu məsələlərə ciddi fikir verilir. Əvvəlki illərdən fərqli olaraq indi hər il mərkəzi və yerli icra hakimiyyəti orqanları onlara daxil olmuş müraciətləri daha diqqətlə öyrənir, rəhbərlik etdikləri sahələrdə mövcud olan nöqsan və çatışmazlıqları daha tez müəyyənləşdirir, daha çox narahatlıq doğuran məsələləri aşkar edərək onların aradan qaldırılması yolları barədə öz təklif və tövsiyələri ilə yuxarı dövlət orqanlarına müraciət edirlər. Alınan məlumatların ən müxtəlif parametrlər - mövzular, növlər, regionlar, rayonlar, hətta kənd və qəsəbələr, adambaşına sayı, mövzudaxili bölgüsü, təkrar yazılması, harada baxılması, nəzarətə alınması, onların barəsində hansı tədbirlərin görülməsi və sair cəhətlər üzrə təhlili hər bir iqtisadi rayonda, hər bir konkret sahədə əhalini narahat edən məsələlərin aşkar olunmasına və müvafiq qurumlarda bu işin təşkilinin qiymətləndirilməsinə şərait yaradır.
Digər məsələlərdə olduğu kimi, vətəndaş müraciətlərinin təhlilində də müqayisələr zəruri amillərdən biridir. Yəni real vəziyyəti müəyyən etmək üçün eyni göstəricilərin əvvəlki illərlə, digər sahələrlə, regionlarla müqayisəsi vacib şərt kimi ortaya çıxır. Məsələn, illik yekunların təhlili zamanı müəyyən şəhər və rayondan daxil olan müraciətlərin ümumi sayının azalması müsbət fakt kimi qiymətləndirilə bilər. Lakin bu müraciətlərin növlər üzrə təhlilində əgər şikayətlərin sayının artması, yaxud şikayətlərin özündə kollektiv müraciətlərin sayının artması müşahidə olunarsa, bu, həmin rayon və şəhərin rəhbərlərini düşündürməlidir.
Bu baxımdan yanaşdıqda, müəyyən şəhər və rayondan Prezident Administrasiyasına və digər mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin sayı bilavasitə yerli orqanlara yazılmış müraciətlərin sayından çoxdursa, deməli, vətəndaşlar həmin yerli orqanlarda laqeydliklə üzləşir, kifayət qədər diqqət və qayğı görmürlər. Belə parametrləri çox göstərmək olar.
Ancaq son nəticədə aparılan təhlillərin məqsədi birdir: real vəziyyət barədə dəqiq məlumat əldə etmək, müraciətlərin yaranma səbəblərini müəyyənləşdirmək və onların aradan qaldırılması yollarını göstərmək.
Vətəndaşların müraciətləri üzrə aparılan təhlillərin nəticələri hər il respublika mətbuatında geniş şərh olunur, vaxtaşırı keçirilən zona seminar-müşavirələrində bu məsələlər ətraflı müzakirə edilir.
Hazırda analitik işin əhəmiyyəti getdikcə artmaqda, dövlət qulluqçularının gündəlik fəaliyyətində əsas yer tutmaqdadır. Bunu bizdən müasir dünya təcrübəsi, ölkə rəhbərliyinin dövlət qulluqçuları qarşısında qoyduğu məsul və şərəfli vəzifələr tələb edir.
İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu məsələyə diqqət daha da artırılacaq, bununla da həmin orqanlar öz işlərini daha yaxşı qura biləcək, bütövlükdə dövlət qulluğunun səmərəsini daha da yüksəldəcəklər.

{nl}

 Süleyman İSMAYILOV, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında