Veteranlar Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərindən müraciətlərinə cavab gözləyirlər

Xəbər verdiyimiz kimi, ötən il sentyabrın 29-da Bakıda Azərbaycanın İkinci Dünya müharibəsi veteranlarının Ümumrespublika toplantısı keçirilmişdir. Hitler faşizmini və nasizmi ittiham edən Nyurnberq prosesinin 65-ci ildönümünə həsr edilmiş həmin toplantıda veteranlar "İkinci Dünya müharibəsi, Nyurnberq prosesi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda müzakirələr aparmışlar.
Toplantının iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinə müraciət qəbul etmişdilər. Müraciət həmin ölkələrin Azərbaycandakı səfirlikləri vasitəsilə prezidentlərə çatdırılmışdır.
Respublika Veteranlar Şurasının sədri Ə.Baxışovun imzası ilə bu il sentyabrın 24-də AzərTAc-a daxil olmuş məktubda deyilir: "Müraciət təkzibedilməz faktlara əsaslanmışdır. Buna görə də toplantıya böyük ümidlə gəlmiş veteranlar inanırdılar ki, onların müraciətinə hörmət və diqqətlə baxılacaq, haqq səslərinə dərhal cavab veriləcək, münaqişənin həlli üçün qəti tədbirlər görüləcəkdir. Lakin belə olmadı, müraciətin qəbulundan bir il keçməsinə baxmayaraq, veteranlar hələ də cavab gözləyirlər. Ona görə də müraciətdə deyildiyi kimi, münaqişənin həlli işğalçı dövlətin xeyrinə uyğun olaraq daha bir il uzanmış, vəziyyət daha da mürəkkəbləşmişdir. Odur ki, müraciəti yenidən sizlərə ünvanlayırıq".
Müraciətdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, tarixi abidələrimizin, şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin dağıdıldığı vurğulanır. Bildirilir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların torpaqlarımızın işğaldan azad edilməsi barədə qərar və qətnamələrinə məhəl qoymur, atəşkəs rejimi düşmən ordusu tərəfindən intensiv pozulur, beynəlxalq ictimaiyyət ikili standartlardan çıxış edir. Əlləri dinc azərbaycanlıların qanına batmış Ermənistan rəhbərlərinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllini uzadır. Biz müharibə veteranları münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və hər iki ölkənin xalqlarının dinc şəraitdə yaşamasını istəyirik. Bunun üçün isə sizdən - Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərindən siyasi iradə və qətiyyət göstərməyi xahiş edirik. Münaqişənin uzanması bölgə xalqlarının maraqlarına deyil, işğalçı və separatçı dairələrin mənafelərinə xidmət edir.
Ordumuzun zabiti Ramil Səfərovun beynəlxalq normalar çərçivəsində Azərbaycana verilməsi və milli qanunvericilik çərçivəsində əfv olunması münaqişənin həllindən daim müxtəlif bəhanələrlə boyun qaçıran Ermənistan üçün yeni şantaj faktına çevrilmişdir. Ermənistanın bu cür hərəkətləri gözlənilən olsa da, həmsədr ölkələrin bu məsələdə tutduqları mövqe veteranlarda ciddi etiraz doğurmuşdur. Əslində bu, təcavüzkarı, separatçı rejimi müdafiə etməkdən başqa bir şey deyildir. Biz veteranlar bu ədalətsiz mövqeyə qarşı qətiyyətlə çıxış edirik.
Müraciət bu sözlərlə bitir: "Biz müharibə veteranları sizdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasını istəyirik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında