Milli fiziologiya məktəbinin banisi, akademik Abdulla Qarayevin 100 illik yubileyi qeyd edilmişdir

Aprelin 2-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda milli fiziologiya məktəbinin banisi, BDU-nun sabiq rektoru, əməkdar elm xadimi, akademik Abdulla Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdən əvvəl görkəmli akademikin bu ali təhsil ocağında rəhbərlik etdiyi kafedrada barelyefinin açılışı olmuşdur.
Sonra mərasimdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xarici işlər naziri Elmar Məmmədyarov kafedrada görkəmli akademikin adını daşıyan auditoriyanın rəmzi açılışını bildirən lenti kəsmişlər.
Universitetin akt zalında davam edən tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycanın ilk fizioloq alimi A.Qarayevin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. A.Qarayevin Azərbaycan elminə böyük töhfələr verdiyini deyən A.Məhərrəmov onun dövlətçilik, elm və təhsil tariximizdə unudulmaz izlər qoyduğunu söyləmişdir. Alimin yubileyinin keçirilməsinin vətəndaşlıq, milli təəssübkeşlik və ideoloji baxımdan əhəmiyyətini vurğulayan rektor, belə tədbirlərin bu sahədə çalışan gənclərə örnək olduğunu söyləmişdir.
Qeyd edilmişdir ki, A.Qarayev artıq 30 yaşında elmlər doktoru və professor adını almış, fiziologiya kafedrasının və fiziologiya institutunun yaradıcılarından olmuşdur. Akademik A.Qarayevin insan və heyvan fiziologiyası sahəsində apardığı tədqiqatlar bu gün də öz aktuallığını qoruyub saxlamışdır.
A.Məhərrəmov 1944-50-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru olmuş A.Qarayevin adına bu gün təqaüdlərin təsis edildiyini və yaxın gələcəkdə təqaüdçülərin sayının artacağını söyləmişdir.
Daha sonra akademik A.Qarayevin həyat və yaradıcılığından bəhs edən fotofraqmentlər nümayiş olunmuşdur.
Tədbirdə BDU-nun professoru Əli Əliyev, akademik Məhərrəm Məmmədyarov və digərləri çıxış edərək görkəmli alim A.Qarayevin Azərbaycan elminin və təhsilinin inkişafında rolundan danışmışlar.
Vurğulanmışdır ki, A.Qarayevin elmi yaradıcılığı, həyat yolu və ictimai fəaliyyəti gənc nəslə nümunə ola bilər.
Azərbaycanda nəzəri və eksperimental fiziologiya məktəbinin banisi olan A.Qarayev bütün şüurlu həyatını fiziologiya, biologiya və tibb elminin müxtəlif nəzəri və təcrübi sahələrinin tədqiqinə həsr etmişdir. Alim istedadlı tələbələrini də öz tədqiqat işlərinə cəlb etmiş, elmi araşdırmalarını genişləndirmiş, milli fiziologiya elminin dünya miqyasına çıxarılması üçün əlindən gələni əsirgəməmişdir.
A.Qarayevin təşəbbüsü ilə 1938-ci ildə Elmi-Tədqiqat Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutunda respublikada ilk dəfə elmi-təcrübi fizioloji laboratoriya yaradılmışdır. Bu laboratoriyada müalicə nefti olan Naftalanın orqanizmə təsirini öyrənmək sahəsində çox səmərəli işlər görülmüşdür. Ömrünün böyük hissəsini kurort sərvətlərinin öyrənilməsinə həsr edən alimin dövri mətbuatda 50-dən artıq elmi əsəri, Naftalan neftinin, Turşsu, İstisu, Badamlı, Darıdağı və digər müalicə sularının insan və heyvan orqanizminə təsirinə dair kitabları nəşr olunmuşdur.
Tədbirin sonunda akademik A.Qarayevin nəvəsi, biologiya elmləri namizədi Vəfa Adıgözəlova çıxış edərək babasının yubileyini belə yüksək səviyyədə təşkil etdikləri üçün BDU-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir. Akademik A.Qarayevin Azərbaycanın böyük gələcəyinə inandığını deyən V.Adıgözəlova, görkəmli alimin bütün arzularının həyata keçdiyini söyləmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında