Söhbət Prezident İlham Əliyevin sərəncamı ilə cəbhə bölgəsində çəkilən yollardan gedir
{nl}
Xalqımızın əsrlərdən süzülüb gələn müqəddəs adətlərindən biri də budur: yol çəkmək, körpü salmaq. Bu, insanlara sevinc və rahatlıq bəxş etməklə bərabər, həm də xeyirxah və savab iş hesab olunur. Azərbaycanın son 40 illik tarixinə nəzər salsaq, görərik ki, bu dövr belə xeyirxah və savab işlərin silinməz-pozulmaz izləri ilə zəngindir.
Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə həyatımızın bütün sahələrində olduğu kimi, yol quruculuğunda da əsaslı və uzunmüddətli tədbirlər işlənib həyata keçirilmişdir. Məhz həmin illərdə respublikanın müxtəlif bölgələrində min kilometrlərlə yol çəkilmiş, yüzlərlə körpü salınmış, geniş nəqliyyat kommunikasiyası yaradılmışdır.
Olduqca fərəhlidir ki, belə nəcib və xeyirxah ənənə bu gün iri miqyasda, ardıcıl və sistemli şəkildə davam etdirilir. Aeroport yolu, İpək yolu, ən ucqar yerlərə, o cümlədən Qonaqkəndə, Lerikə, Yardımlıya, Daşkəsənə.... çəkilən geniş, rahat, müasir standartlara cavab verən yollar... Minlərlə, milyonlarla insanın rahatlığı, sevinci, ürəkdən gələn təşəkkür və minnətdarlığı deməkdir bütün bunlar... Aşağıdakı yazıda da söhbət məhz bu barədədir- son illər görülmüş işlərdən, çəkilmiş yollardan, insanların ürək sözlərindən, təşəkkür və minnətdarlığından...
Ağcabədi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2010-cu il tarixli sərəncamına əsasən, 14 min əhalinin yaşadığı, 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə və bərpasına başlanılmışdır. Qaradolaq - Yeni Qaradolaq - Aran - Mehrablı - Kəbirli kəndlərini birləşdirən həmin avtomobil yolunun ümumi uzunluğu 24,5 kilometrdir.
Ağcabədi rayonundakı 33 saylı Yol İstismar İdarəsinin kollektivi ilk gündən bütün imkan və səylərini ona yönəltmişdir ki, yolun əsaslı təmiri və bərpası nəzərdə tutulmuş müddətdə və keyfiyyətlə başa çatdırılsın. İşin düzgün təşkili, möhkəm intizam, gündəlik nəzarət və tələbkarlıq öz səmərəli nəticəsini verdi. Ağcabədi - Qaradolaq - Kəbirli avtomobil yolunun təmir və bərpası müəyyən olunmuş müddətdə başa çatdırılmış və ölkə başçısının rayona növbəti səfəri zamanı - 6 may 2011-ci il tarixdə istifadəyə verilmişdir.
Biz bu yazı üzərində işləyərkən həmin kəndlərin sakinləri ilə görüşdük, onların ürək sözlərini eşitdik, arzu və təklifləri ilə tanış olduq.
Piri Təhməzov, Qaradolaq kənd sakini:
- Əvvəlcədən onu deyim ki, bu yol məsafəcə rayon mərkəzindən ən uzaqda olan yaşayış məntəqələrini birləşdirir. İndi özünüz təsəvvür edin: yararsız halda, tamamilə bərbad vəziyyətdə olan bu yolla hərəkət etmək nə qədər çətin idi. Halbuki, hər gün müxtəlif məqsədlərlə nə qədər insan yola çıxmalı olurdu. Mən fürsətdən istifadə edərək bu diqqət və qayğı üçün ölkə Prezidenti İlham Əliyevə on minlərlə kənd sakinlərinin hədsiz təşəkkür və minnətdarlıqlarını bildirmək istəyirəm.
Bayram Cəfərov, Aran kənd sakini:
- Son 50 il ərzində Ağcabədi - Qaradolaq - Kəbirli avtomobil yolu bir dəfə də olsun əsaslı şəkildə təmir olunmamışdır. Ona görə də, demək olar ki, gediş-gəliş üçün tam yararsız vəziyyətdə idi. Çox əziyyət çəkirdik, vaxt itirirdik. Xəstələr, qocalar, uşaqlar daha çox narahat olurdular.
Əvvəllər yola sərf etdiyimiz vaxt 3-4 dəfə azalıb. Nə qədər vaxt itkisinə yol verdiyimizi özünüz təsəvvür edin. Bu rahatlıq, bu gözəllik isə, əlbəttə, öz-özünə yaranmayıb. Mən həyatımızın bütün sahələrinə, o cümlədən, kənd yollarının çəkilməsinə, müasir səviyyədə təmirinə və bərpasına göstərdiyi diqqətə görə ölkə başçısına səmimi minnətdarlığımı bildirirəm. Görün, hər gün bu yollardan nə qədər insan ötür. Hamısının da ürəyindən eyni minnətdarlıq duyğuları keçir.
Bərdə
Alpoud - Mustafaağalı - Qaratəpə - Nazırlı avtomobil yolunun ümumi uzunluğu 22 kilometrdir. 14 yaşayış məntəqəsini birləşdirən bu yol uzun illərdən bəri gediş-gəliş üçün yararsız hala düşmüşdü. Bu isə yerli sakinlərdə, elə qonaqlar arasında da haqlı narazılığa səbəb olurdu. Ona görə də adları çəkilən kəndlərin sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin yolların əsaslı təmiri barədə müvafiq sərəncamını böyük razılıq və dərin minnətdarlıqla qarşıladılar. Biz kənd sakinləri ilə söhbət edərkən bir daha bunun şahidi olduq.
Mətləb Qaraşov, Nazırlı kənd sakini:
- Yaxşı deyiblər ki, hər şeydən əvvəl, yol mədəniyyətdir. Ancaq, təəssüf ki, uzun illər bizim yollar hamımıza narahatlıq, narazılıq, əsəbilik gətirib. Belə ki, 10-15 dəqiqəlik məsafəyə az qala saatlarla vaxt itirirdik. Təsəvvür edin ki, Alpoud - Nazırlı avtomobil yolundan 24 min əhali istifadə edir. Hələ qonaqları demirəm. Mən işimlə əlaqədar olaraq hər gün bu yolla gedib-gəlirəm. Səsimi yüzlərlə, minlərlə insanın səsinə qatıb demək istəyirəm: bu diqqət, bu qayğı üçün çox sağ olun, cənab Prezident! Biz bərdəlilər həmişə olduğu kimi, bu gün də Sizin müdrik və qətiyyətli daxili və xarici siyasət xəttinizi bəyənir, dəstəkləyir və daim Sizinləyik.
Yeri gəlmişkən, son vaxtlar rayonda daxili imkanlar hesabına təmir və bərpa olunmuş yollar barədə də məlumat vermək istəyirik. Belə ki, təkcə rayon mərkəzində 7 kilometr yol, əslində, yenidən qurulmuşdur. Bundan başqa, Bərdədə 11,4 kilometr kəndlərarası yollar əsaslı, 16,2 kilometr kəndlərarası və 147 kilometr kənddaxili yollar cari təmir edilmişdir.
Bir halda ki, söhbət yollardan gedir, qısa müddət ərzində əsaslı şəkildə təmir edilmiş və yenidən qurulmuş Bərdə - Yevlax avtomobil yolunu xüsusilə qeyd etmək lazımdır. Təəssüf ki, gediş-gəlişin çox sıx olduğu bu yol son 30 ildə əsaslı şəkildə təmir olunmamışdı. İldə bir-iki dəfə vurulan yamaqlar isə vəziyyəti düzəltmirdi. İndi isə Bərdə - Yevlax yolu həm rahatlıq, həm də təhlükəsiz sürət deməkdir.
Füzuli
Əhmədbəyli - İkinci Mahmudlu - Aşağı Kürdmahmudlu - Yuxarı Kürdmahmudlu - Alıxanlı - Beşinci Zobucuq yaşayış məntəqələrini birləşdirən avtomobil yolunun uzunluğu 18 kilometrdir. Bu yolun əsaslı təmiri və bərpası üçün respublika Prezidentinin 13 iyul 2011-ci il tarixli sərəncamı ilə 6,9 milyon manat vəsait ayrılmışdır. Onu da əlavə edək ki, Əhmədbəyli - Beşinci Zobucuq avtomobil yolu 25 min nəfər əhaliyə xidmət edir.
Əlbəttə, yeni yolların çəkilişi, köhnə yolların əsaslı təmiri və bərpası hər yerdə vacib və zəruridir. Hər şeydən əvvəl, ona görə ki, bu ərazilərdə bir vaxtlar şiddətli döyüşlər getmiş, yollar, körpülər dağıdılmışdır. Füzulinin adları çəkilən yaşayış məntəqələri isə hətta bir neçə ay düşmən işğalında olmuşdur. Yeri gəlmişkən, deyək ki, Əhmədbəyli - Beşinci Zobucuq avtomobil yolunun əsaslı təmiri və bərpası nəzərdə tutulmuş vaxtda, yüksək keyfiyyətlə başa çatdırılmışdır. Bundan başqa, daxili imkanlar hesabına qısa müddət ərzində Bala Bəhmənli - Səngər - Araz Dilağırda - Araz Zərgər kəndlərini birləşdirən 6,9 kilometrlik yol əsaslı təmir və bərpa olunmuşdur.
Onu da qeyd edək ki, rayon rəhbərliyi müvafiq respublika təşkilatları qarşısında Əhmədalılar - Qazaxlar - Kərimbəyli - Aşağlı Yağlıvənd - Bala Bəhmənli - Qaralar - Şükürbəyli - İkinci Zobucuq yaşayış məntəqələrini birləşdirən 47 kilometrlik yolun təmir və bərpası ilə əlaqədar məsələ qaldırmışdır.
Biz cəbhə bölgəsində yaşayan kənd sakinlərinin də ürək sözlərini eşitdik. Onların bəzilərini sizə təqdim edirik.
Balaxan Məmmədov, Alıxanlı kənd sakini:
- Bu yollar 30 il bundan qabaq çəkilib. Digər tərəfdən, şiddətli döyüşlər, ağır texnika yolları dağıtmış, bərbad hala salmışdır. Bizim kəndlə Horadiz şəhəri arasında məsafə o qədər də böyük deyil. Lakin biz bu yolu 2 saata ancaq gedə bilirdik. Belə vəziyyət isə cəbhə xəttində onsuz da narahat, təhlükəli həyat yaşayanlar arasında haqlı narazılıq, giley-güzar yaradırdı. İndi isə vəziyyət tamamilə dəyişib. Biz uzağı yarım saata Horadiz şəhərinə çata bilirik. Bu rahatlığı, normal şəraiti yaratdığına görə mən kənd sakinlərinin adından ölkə Prezidenti İlham Əliyevə dərin razılığımızı və minnətdarlığımızı bildirirəm.
Zakir Əliyev, Yuxarı Kürdmahmudlu kənd sakini: - Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bütün sahələrdə əsaslı inkişafa, dinamik yüksəlişə səbəb olub. Bunu bütün bölgələrdə, özü də hər addımda görmək olar. Elə bizim rayonun son vaxtlardakı inkişafı bu dediklərimizə ən gözəl misaldır. İndi Horadiz şəhərini tanımaq olmur. Qısa müddət ərzində burada nə qədər binalar tikilmiş, park və xiyabanlar, yaşıllıq zolaqları salınmışdır...
Ancaq etiraf edək ki, kənd yollarının vəziyyəti bizi qane etmirdi. Nahamar, bərbad yollarda saatlarla vaxt itirirdik, narahat olurduq. İndi isə gördüyünüz kimi, güzgü kimi asfalt yollarla hərəkət edirik. Hər birimizin qəlbindən bu sözlər keçir: Sizə hədsiz dərəcədə minnətdarıq, cənab Prezident! Biz füzulililər daim sizinləyik.
Ağdam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 iyul 2011-ci il tarixdə Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Həmin sərəncamda Quzanlı - Xındırıstan - Əhmədağalı - Əfətli avtomobil yolunun əsaslı təmiri və bərpası nəzərdə tutulmuşdu. Onu da əlavə edək ki, 28 kilometr uzunluğunda olan bu yol rayonun 21 kəndində, 1 qəsəbədə yaşayan 46 min əhaliyə xidmət edir.
Qeyd etmək lazımdır ki, yolun əsaslı təmiri və bərpası nəzərdə tutulmuş müddətdə və yüksək keyfiyyətlə başa çatdırılmışdır. İndi cəbhə bölgəsində yaşayan əhali mənzil başına əlavə vaxt və vəsait itirmədən vaxtında və rahat şəkildə çata bilirlər.
Çəmənli kənd sakini, ağsaqqal ziyalı Bayram Aslanov elə bil hamının ürəyindən keçənləri ifadə etdi:
- Cəbhə bölgəsində yaşayanları narahat edən, qayğılandıran çatışmazlıq çoxdur. Onlardan biri də yol məsələsidir. Açığını deyim ki, indiyə qədər yol sarıdan çox əziyyət çəkirdik. Dağılmış, bərbad vəziyyətdə olan yollarla hərəkət etmək bəzən saatlarla vaxt aparırdı. Döyüş əməliyyatları keçirilən dövrdə hərbi texnika, ağır maşınlar bu yolları yararsız hala salmışdı.
İndi isə mənzil başına sakit, rahat və nəzərdə tutulmuş vaxtda çata bilirik. Bu isə bölgədə yaşayan 46 min əhalinin, eləcə də qonaqların dərin razılığına səbəb olub. Ona görə də mən bu bölgədə yaşayan əhalinin adından ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm.
{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.