Avropa Şurasında Azərbaycanın mədəni irsi ilə bağlı sərgi təşkil edilmişdir

İyunun 21-də Avropa Şurasının iqamətgahında Azərbaycan Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə ölkəmizin mədəni irsi ilə bağlı sərgi təşkil edilmişdir.
Sərgini açmış Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu Azərbaycanın mədəni baxımdan zəngin ölkə olduğunu, burada çoxlu etnik azlıqların yaşadığını və onlara böyük hörmətlə yanaşıldığını diqqətə çəkmişdir. M.Çavuşoğlu Azərbaycanın Avropa Şurasının dəyərlərinə tam uyğun olaraq, hər bir etnik qrupun tarixinə, mədəniyyətinə və adət-ənənələrinə xüsusi qayğı ilə yanaşdığını qeyd etmişdir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxışında bildirmişdir ki, gömrük xidmətinin əsas vəzifəsi vergilərin toplanması və qaçaqmalçılıqla mübarizə ilə yanaşı, xalqa məxsus qiymətli əsərlərin, mədəni irsin ölkədən kənara çıxarılmasına imkan verməməkdir. Sədr 1998-ci ildən etibarən mədəni irslə bağlı Azərbaycan gömrük xidmətinin keçirdiyi əməliyyatlar nəticəsində 1460 qədim əşyanın müsadirə edildiyini, onların böyük bir hissəsinin dövlət muzeylərinə, aidiyyəti olan müxtəlif müəssisələrə verildiyini, az qisminin isə komitə tərəfindən yaradılmış muzeydə saxlanıldığını xatırlatmışdır.
A.Əliyev gömrük tərəfindən müsadirə edilmiş əsərlərdən ibarət sərginin Avropa Şurasında təşkilində əsas məqsədin Azərbaycan xalqının qədim və zəngin tarixi, mədəniyyət və incəsənət nümunələri ilə avropalıları tanış etmək, işğal altındakı ərazilərimizdə ermənilər tərəfindən törədilən yanğınlar nəticəsində Azərbaycan mədəni irs nümunələrinin məhv edilməsi ilə bağlı geniş təsəvvür yaratmaqdan ibarətdir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ötən ildə Avropa Şurasının 60 illiyinin qeyd edilməsi, qarşıdan gələn ildə isə ölkəmizin AŞ-a üzvlüyə qəbul olunmasının 10 illiyinin təntənəli şəkildə qeyd olunacağı barədə danışmış, bu ilin hər iki yubiley arasında bir növ körpü rolu oynadığını diqqətə çəkmişdir.
S.Seyidov qeyd etmişdir ki, həqiqi mədəniyyətlərarası dialoq yalnız demokratiya olan yerdə mümkündür. Bu sərgi onu göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun və beləliklə də demokratiyanın tarixi çox qədimdir.
Sonra yay sessiyasında iştirak edən avropalı deputatlar, Strasburqda yaşayan soydaşlarımız və tələbələrimiz sərgi ilə yaxından tanış olmuşlar.
Sərgidə xalqımıza məxsus qədim geyimlər, silahlar, məişət əşyaları, kiçik həcmli palaz və xalçalar, xurcunlar, müxtəlif səpgili tablolar və digər eksponatlar nümayiş etdirilir.
Sərgi yay sessiyasının sonunadək fəaliyyət göstərəcəkdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında