Şəkidə ilk dəfə "Şəhər günü" bayram tədbiri keçirilmişdir

Şəkinin yaranmasının 2700 illiyi və "Şəhər günü" ilə əlaqədar sentyabrın 23-də Şəki şəhərində bayram tədbirləri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin təmsilçiləri, Qazaxıstanın, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının və Türkiyənin tanınmış teatr, musiqi və rəqs kollektivləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhər icra hakimiyyətinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra şəhərin Azadlıq Meydanında bayramın təntənəli açılış mərasimi olmuşdur.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov zəngin tarixə, qədim mədəniyyətə malik olan Şəki şəhərində ilk dəfə "Şəhər günü" bayramının keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin "Elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçiliyin əsaslarının yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir" sözləri xatırlanmışdır.
Qeyd olunmuşdur ki, həqiqətən də bütün tarixi dövrlərdə Şəki Azərbaycan tarixində mühüm yerə malik olmuşdur. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan nadir bir bölgədir. Şəki həm də Azərbaycanın mühüm turizm mərkəzinə çevrilmişdir.
AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirmişdir ki, Şəki tarixən Azərbaycanın şimal-qərbində mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz hesab olunmuşdur. Bu gün Şəki şəhəri orta əsr Şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bir məkandır. Şəhərdəki nadir tarixi-memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Bu gün Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdən biridir. Bu baxımdan Prezident İlham Əliyevin 2011-ci il sentyabrın 12-də Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamın mühüm tarixi əhəmiyyəti vardır.
Milli Məclisin deputatı Hadı Rəcəbli və digər qonaqlar çıxış edərək Şəkidə ilk dəfə keçirilən "Şəhər günü"nün şəhərin bütün sakinlərinin, qonaqların yaddaşında xoş xatirə kimi qalacağını bildirmişlər.
Tədbirdə Şəki Musiqi Kollecinin xor kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Bayram tədbiri daha sonra şəhərin tarixi məkanlarından birində - Şərq memarlığının nadir incisi, XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində davam etdirilmişdir. Qazaxıstandan gəlmiş "Alkisa" xalq çalğı alətləri orkestrinin, Başqırdıstan Respublikasının "Sterlitamak" Dövlət Dram Teatrının, Türkiyənin Konya şəhəri Meram bələdiyyəsinin xalq oyunları rəqs qrupunun çıxışları bayram iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivlərə xatirə hədiyyəsi təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında