Avropa ədliyyə nazirlərinin növbəti konfransı keçirilmişdir

Sentyabrın 19-21-də Avropa Şurası tərəfindən Avstriya hökuməti ilə birgə Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransı keçirilmişdir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, konfransda Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. 
Avropa ədliyyə nazirlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi konfransda Avstriyanın ədliyyə naziri xanım Beatriks Karl və Avropa Şurası baş katibinin müavini xanım Qabriela Battani-Draqoni giriş sözü ilə çıxış etmişlər.
"Zorakılığa qarşı ədliyyənin cavabları" mövzusuna həsr olunmuş tədbirdə cinayətkarlığın qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkar qrupların yeni fəaliyyət növləri və şəhərlərdə baş verən zorakılıq ilə mübarizə, yuvenal ədliyyənin problemləri və digər aktual məsələlər müzakirə olunmuşdur.
Müzakirələr zamanı Azərbaycanın ədliyyə naziri çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə hüquq mexanizmlərinin təkmilləşdirilməsi üzrə həyata keçirilən islahatlar, bu sahədə yeni qanunların qəbulu, insan hüquqlarının qorunması, yuvenal ədliyyənin tətbiqi, yeniyetmə məhkumların imtiyazlarının və tərbiyəvi tədbirlərin genişləndirilməsi barədə məlumat vermiş, konkret təkliflər irəli sürmüşdür. Çıxışda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyon insanın, o cümlədən yüz minlərlə uşağın hüquqlarının kobud şəkildə pozulması faktı vurğulanmışdır.
Konfransda bütün Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlili üzrə hazırlanmış hesabatın təqdimatı keçirilmişdir. Həmin hesabat Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən tərtib olunmuşdur. Azərbaycanın məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr və CEPEJ ilə səmərəli əməkdaşlığı nəzərə alınaraq, təşkilatçıların dəvəti ilə Avropa məkanından cəmi üç dövlətin - konfransa ev sahibliyi edən Avstriya ilə yanaşı, Fransa və Azərbaycanın ədliyyə nazirləri təqdimat mərasimində iştirak etmişlər.
Tədbirin açılışında çıxış edən F.Məmmədov bu sahədə Avropa Şurasının fəaliyyətinin əhəmiyyətini, məhkəmə-hüquq islahatları üçün CEPEJ-in hesabatından üzv dövlətlərin bəhrələndiyi və Azərbaycanın uğurları haqqında məlumat vermişdir.
Hesabatda Azərbaycanda genişmiqyaslı məhkəmə islahatı, bu sahənin maliyyələşməsinin yüksəldilməsi, hakimlərin sayının artırılması, modern məhkəmə infrastrukturunun yaradılması və müasir texnologiyaların tətbiqi təqdir olunmuşdur.
Media nümayəndələri tərəfindən böyük marağa səbəb olan mərasimdən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilmiş, ədliyyə fəaliyyəti üzrə çoxsaylı suallar cavablandırılmış, ölkəmizin ədliyyə naziri Türkiyə KİV-inə ayrıca müsahibə vermişdir.
Konfrans çərçivəsində bütün nazirlərin iştirakı ilə korrupsiya ilə mübarizəyə həsr olunmuş "dəyirmi masa" da keçirilmişdir. Tədbirdə Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının direktoru çıxış edərək bu sosial bəla ilə bağlı aparılmış geniş təhlillərin təqdimatını keçirmiş, rəhbərlik etdiyi qurum haqqında məlumat vermiş, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılmışdır.
Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə korrupsiyaya qarşı sərt mübarizənin aparılması, bu sahədə beynəlxalq əməkdaşlığa və tədrisə böyük əhəmiyyətin verilməsi nəzərə alınaraq dövlətimiz Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə xüsusi qanunla yenicə qoşularaq onun tamhüquqlu üzvü olmuşdur. Səfər zamanı nümayəndə heyəti tərəfindən akademiyaya baş çəkilərək onun fəaliyyəti ilə tanış olmuş, qurumun rəsmiləri ilə görüş keçirilmiş, konkret əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Konfransın yekununda müzakirə olunan məsələlərə dair qətnamə qəbul olunmuşdur.
Bu mötəbər tədbirin tribunasından öz çirkin niyyətləri üçün istifadə etmək istəyən Ermənistan tərəfi Ramil Səfərovun Azərbaycana verilməsi və əfvi ilə bağlı etirazını təkidlə gündəliyə salmağa, bu mövzu üzrə xüsusi çıxış etməyə və müzakirələrin aparılmasına cəhd göstərmişdir. Lakin tədbirin mövzusuna heç bir aidiyyəti olmayan bu yersiz cəhdin qarşısı Azərbaycan nümayəndə heyətinin qəti və əsaslandırılmış etirazları nəticəsində alınmışdır. Öz məkrli cəhdinin puça çıxdığını görən Ermənistan tərəfi iştirakçılar arasında R.Səfərovun əfv edilməsinin guya Avropa hüquq və dəyərlərinə zidd olması barədə bəyanat paylamışdır. Lakin dərhal Azərbaycan nümayəndə heyəti tərəfindən məsələni hüquqi çərçivədə həqiqətə uyğun açıqlayan bəyanat yayılmışdır. Sənəddə məsələnin beynəlxalq konvensiya və ikitərəfli öhdəliklərə tam uyğun həll olunduğu qeyd edilmişdir. Qəti tədbirlər nəticəsində ermənilər öz absurd məqsədlərinə nail olmamış, əksinə, konfrans iştirakçılarının diqqəti erməni terrorizminə, xüsusilə də ASALA erməni terror təşkilatının azərbaycanlılara qarşı terror hədələrinə cəlb edilmişdir.
Səfər çərçivəsində bir sıra dövlətlərin ədliyyə nazirləri, habelə Avropa Şurasının yüksək səviyyəli nümayəndələri ilə əməkdaşlığa dair danışıqlar aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında