Azərbaycana qarşı məkrli erməni siyasəti əsrlər boyu davam edib və müxtəlif dövrlərdə fərqli çalarlarda üzə çıxmışdır. Onların müxtəlif səpkili bu "incə" siyasətinin son anda kobud bir məntiqi olmuşdur: erməni millətçiliyi. Tarix kitablarında, elmi-metodiki dərgilərdə, publisistik nümunələrdə, ədəbi-bədii əsərlərdə erməni millətçiliyi, erməni vandalizmi faktlarla, real, həyati detallarla göstərilmiş, dünya ictimaiyyəti qarşısında ifşa edilmişdir. Yazıçı Əli İldırımoğlu öz yaradıcılığında bu məsələyə dönə-dönə müraciət etmişdir. Həyatın hər üzünü görmüş qocaman qələm sahibinin yenicə işıq üzü görmüş "Daş yağan gün" romanı bu mövzuda fundamental ədəbi nümunədir.
Əli İldırımoğlu geniş profilli, dərin məzmunlu, fəlsəfi mündəricəli əsərləri ilə ədəbi ictimaiyyətə yaxşı tanışdır. Onun əsərlərini Azərbaycan həyatının, azərbaycanlı taleyinin ensiklopediyası adlandırsaq, səhv eləmərik. Təqdimata ehtiyacı olmasa da, söhbətimizin ruhuna uyğunluğunu nəzərə alıb onun insan taleləri ilə zəngin əsərlərini bir daha yada salaq: "Həmin adam", "Zorən jurnalist", "Közərən sətirlər", "Dərd", " Qarlı gecələr", "Mənim rəncbər atam", "Aqibət" və s. insan talelərini, milli, sosial, əxlaq məsələlərini fərqli rakurslarda əks etdirən bu əsərlərdə erməni məsələsi, erməni problemi, xalqımız üçün daim başağrısına çevrilmiş ermənilik məsələsinə bu və ya digər yöndən toxunulmuş, fəlsəfi, estetik və əxlaqi təhlilə, təşrihə cəlb edilmişdir.
Nəhayət, birbaşa erməni məsələsinə, ermənizmin vəhşi təbiətinə həsr olunmuş "Daş yağan gün" romanı... Fabulası son dərəcə həyati, real ictimai lövhələr, canlı xarakterlər üzərində qurulmuş romanda insan mənzərələri, təbiət və cəmiyyətin harmoniyası zərif ədəbi dildə, səmimi bir təhkiyə ilə təqdim edilir. Ədib xalqımıza tarixən qənim kəsilmiş erməni şovinizminin, erməni vəhşiliyinin kökdən, dibdən gələn səbəblərini göstərir, düşmənçiliyi ənənəyə çevirmiş xəbis erməni psixologiyasının heyrətamiz dərəcədə real və obrazlı şərhini verir. Son anda ağsaqqal, ağırtaxtalı yazıçı mətləbləri, məsləhətləri, təhkiyənin yekunu kimi müdrik nəsihətlər, atalar sözü mərtəbəsində ədəbi-estetik nəticələr...
Əsərin bədii mətləbi onu deyir ki, bu roman bizim stolüstü kitabımız olmağa, ömrümüzün, taleyimizin bələdçisi rolunu oynamağa layiqdir. Axı, biz həm də unutqanıq... Buradakı hadisələr, qələmə alınmış mövzu, ictimai kolliziyalar bizim taleyimizlə, milli mövcudluğumuzla birbaşa bağlıdır. Belə kitablar mənəvi dayağımız, dumanlı və əzablı yollarımıza tutulan bir işıq, zamanın qapalı suallarına cavabdır. Biz kimik, hardan gəlib hara gedirik? Necə gedirik, nə üçün gedirik? Bu ziqzaqlar içərisində bir xalq kimi mövcudluğumuzu necə qorumalıyıq? Əbədiyyət qarşısında hansı sınaqlara hazır olmalıyıq? Başımıza yağan daşları yığıb saxlamalıyıqmı, yoxsa onların üstündən laqeydcəsinə adlayıb keçməliyikmi? Özünüdərk, özünütəsdiq nədir: Allah vergisidirmi, xarakterdimi, xarizmadırmı, milli mentalitetdirmi?.. Müdrik yazıçımız "Daş yağan gün" romanında bu qapalı suallara müəyyən açıq cavablar verir. Və Köhnə Həsənlinin ağsaqqallarından biri Babanın diliylə estetik qənaətini bəyan edir: "Nə millət olursa-olsun, insan ki, Allahdan qorxmadı, ondan nə pis əməl desən çıxar."
Tale işidir. Belə gətirib ki, yazıçının uşaqlıq və gəncliyi uzun illər ermənilərlə ünsiyyətdə, başqa sözlə, qonşuluqda keçib. Ədibin ata yurdu Qubadlının Əliquluuşağı kəndi haqdanmı-nahaqdanmı erməni kəndlərinin qonşuluğunda yerləşib. Anasının kəndi Həsənli isə erməni vandalları tərəfindən yandırılıb, yerlə yeksan edilib. Həm əmin-amanlıq dönəmində, həm ara qarışanda müəllif ermənilərin əsl sifətini, iç üzünü yaxşı görüb. Sakitlikdə quzu kimi davranan ən fağır erməninin ara qarışanda qızıl ilan kimi quyruğu üstdə necə durduğunun çox şahidi olub. Odur ki, kövrək uşaq yaddaşı getdikcə coşqun yazıçı təxəyyülünə çevrilərək bədii əsərlərdə təzahür etməyə başlayıb.
Əli İldırımoğlu bu əsərlərdə həm də öz taleyini yazıb, erməni vəhşiliyinə tuş gəlmiş, zərbələr almış taleyini. Erməni vandalizmi onun şəxsi həyatında, qeyd etdiyimiz kimi, çox ağrılı-acılı izlər buraxıb. Qohum-əqrəbaları, yaxınları erməni terrorizminin qurbanı olublar. Əmisi Əmrah yüzbaşı Zəngəzur dağlarını özünə səngər edərək erməni qəsbkarlarına qarşı uzun müddət vuruşub. Zaman-zaman onların Qarabağa yollarını kəsib, ən nəhayət, qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Bu və ya digər faktlar yazıçının həyatında silinməz izlər qoyub və bədii tədqiqat obyektinə çevrilib.
"Daş yağan gün" daha çox fəlsəfi-əxlaqi problem üzərində qurulmuş romandır. Bu fonda ədəbi qəlib kimi seçilən Nəcəfin taleyi işığında ədib məsələnin təkcə fəlsəfi-əxlaqi qaynaqlarını araşdırmır, eyni zamanda, qneseoloji köklərinə qədər gedir. Əsərdə baş verən hadisələr, insan taleləri, təbiət təsvirləri, cəmiyyətin fərqli həsb-halı həmin məqsədə xidmət edir. Əslində, problem erməni vəhşiliyinin, pozulmuş əxlaqdan süzülüb gələn erməni millətçiliyinin ifşasıdır. Bir gəncin nakam taleyi bütün məsələlərə işıq salmaqda, problemə müxtəlif rakurslardan yanaşmaqda yazıçıya kömək edir, onun bədii-estetik manevr imkanlarını artırır.
Əli müəllim problemin açılmasında, şaxələnmiş süjetin bir məcraya yönəldilməsində daha çox insan talelərinə güvənir, onların fərdi cizgilərini, məişət gizlinlərini, həyat fəlsəfəsini, yaşam tərzini, sosial münasibətlərini bu istiqamətə yönəldərək toplum şəklində təqdim edir. Şübhəsiz, əsərdəki təbiət təsvirləri, etnoqrafik etüdlər, simvollar, yuxugörmələr, mistik təxəyyüllər də qarşıya qoyulan yazıçı amalının şərhində az rol oynamır. Bir sözlə, faktdan, hadisədən, həyat həqiqətlərindən tutmuş ədəbi-bədii vasitələrə qədər hər şey mobil bir ahəngdarlıqla problemin açılımına səfərbər edilir, sanki, işıq bir nöqtəyə istiqamətləndirilir.
U.Folkner müsahibələrinin birində: "Sizə nə ad verməmişlər: naturalist, ənənəçi, simvolist və s. Maraqlıdır, bəs siz, öz fikrinizcə, hansı məktəbə mənsubsunuz?" sualına cavabında "Mənsub olduğum və ya mənsub olmaq istədiyim məktəb humanistlər məktəbidir"- deyir. Səmimiyyətlə deyə bilərik ki, Əli İldırımoğlu da öz yazıçı məziyyətlərilə bu humanistlər nəslinin davamçılarındandır. Humanizm, xeyirxahlıq, canıyananlıq və digər yüksək əxlaqi məziyyətlər onun əsərlərində ədəbi-estetik bir sistem kimi özünü göstərir. Bu estetik harmoniya onun hər bir əsərində özünəməxsus ahəngdə təzahür edir. "Daş yağan gün" əsəri bu mənada özünəxas ştrixlərlə zəngindir.
Əsər belə başlayır: "İlıq yaz axşamı. Bağlı-bağatlı kənd alma, gilənar, gilas çiçəklərinə bürünmüşdü. Naxır örüşdən təzəcə qayıdırdı. Çiyni sənəkli qız-gəlin şən əhval-ruhiyyə ilə bulaq başına tələsirdi. Məscidlərin minarələrindən azan səsi gəlirdi. Möminlər axşam namazına hazırlaşırdılar. Güney məhəllədəki həyətlərin birində toy məclisi qurulmuşdu. Çal-çağır səsi kəndi başına götürmüşdü. Aşıqların sazı-sözü qəlbləri ehtizaza gətirirdi. Bir neçə saatdan sonra gəlin atlanıb təntənə ilə bəy evinə yola salınmalıydı. Bu əsnada ara vermədən atılan top mərmilərinin qulaqbatırıcı uğultusu kəndi təlatümə gətirdi. Təpədən dırnağa qədər silahlanmış ermənilər dörd bir tərəfdən qara qarışqa kimi kəndi mühasirəyə aldı. Toy yasa döndü. Top mərmiləri evlərin külünü göyə sovurdu." Əli müəllimin yaradıcılığına xas dəqiq, real, obrazlı təhkiyə...
Əli İldırımoğlu ədəbiyyatı daha çox xarakterlər üzərində qurulur, insan taleləri fonunda boy göstərir. "Daş yağan gün" əsəri, qeyd etdiyimiz kimi, problem ədəbiyyatıdır, erməni probleminə, Azərbaycana və azərbaycanlılara qarşı yönəlmiş erməni vəhşiliyinin ifşasına həsr olunmuş romandır. Problemin şərhi üçün ədəbi vasitə kimi xarakterlər, canlı insan taleləri seçilmişdir. Əsasən Nəcəfin, bir insanın nakam taleyindən maya tutan roman son anda canlı xarakterlər toplusu kimi yadda qalır. Bu insanlar - Nəcəf, Mikayıl, Nəcəfin alaçıq qonşuları olan Armenak, Akop, erməni qaniçənləri - Andranik Poqosyan, Arsen və başqalarının canlı həyat tarixçəsi, - Andranik Ozanyan, Nijdeh, Hamazas, Dro və bu kimi millətçilərin xəyali obrazlarının yaratdığı bədii mənzərə problemin köklərinə qədər getməkdə yazıçıya kömək edir.
Əsərin süjeti Nəcəfin həyat tarixçəsi üzərində qurulub. Erməni quldurları tərəfindən yandırılmış, yer üzündən silinmiş, əhalisi, demək olar ki, başdan-başa qırılmış, müəllifin öz diliylə desək, pərgarı pozulmuş Həsənlinin yadigarlarından biri Nəcəfin... Qundaqda ikən əmisi Mikayıl tərəfindən xilas edilən Nəcəfin... Və beləcə bir zülmdən qurtarıb digər zülmə tuş gələn, erməni əsirliyindən xilas olub əmisinin əsirliyinə düşən Nəcəfin...
Ədib paradoksal effektlərlə ədəbi həqiqəti əyaniliyi ilə çatdırır. Bir tərəfdə müdrik Azərbaycan yazıçısı, digər tərəfdə əli yüzlərlə azərbaycanlının qanına batmış Arsenin babası Manuk. Və mənən deqratasiyaya məruz qalan, uçuruma yuvarlanan, son anda qatilə çevrilən Arsen... İki millət, iki ağsaqqal... Biri Xeyrin təmsilçisi, digəri Şərin... Arsen hər dəfə, xeyirxah Azərbaycan yazıçısı Əli İldırımoğlunun ədəbi öyüd-nəsihətləri, mənəvi-əxlaqi təlqinlərilə təmizlənmək, saflaşmaq, düz yola qayıdıb tövbə qapısını döymək istəyəndə Manukun fitnəkar xəyali görüntülərilə, cin, şeytan siqlətli siluetiylə üzləşir, onun qan qoxulu, vəhşi ehtiraslı "nəsihətlərini" dinləməli olur.
Əli İldırımoğlu humanizmi Arseni nə qədər ciddi-cəhdlə qoruyub saxlamaq, onun daxilində insani duyğuları oyatmağa çalışırsa, əlahəzrət realizm, həyat hadisələrinin real inkişafı başqa şeylər diqtə edir. Son anda Arsen Nəcəfi arxadan güllələyib qətlə yetirdikdən sonra (düzdür, qisas qiyamətə qalmır, Nəcəfin dostu Rövzət də Arseni öldürür). Realizm humanizmə qalib gəlir. Müəllif son anda həyatın real məntiqi ilə barışmağa məcbur olur. Amma bu, heç də onun humanizminə xələl gətirmir. Əsərin bütöv ruhuna hopmuş bu humanizmin döyüşkən ruhu oxucunu əbədiyyətə səsləyir, bəşəri duyğuları qorumağa çağırır.
Qeyd etdik ki, "Daş yağan gün" problem ədəbiyyatıdır. Bu problemi çözmək üçün müəllif müxtəlif ədəbi-bədii vasitələrdən istifadə edir. Bunlardan biri və ən çox müraciət olunanı simvoldur. Əsərdə hadisələrə simvolik yanaşma tərzindən, simvolik təsvir vasitələrindən, simvolik təxəyyüldən geniş istifadə edilib. Ədib, əsasən real substansiyaları simvolun subyektinə çevirir. Burada təxəyyül, təhtəlşüur, yaxud yuxu timsallı simvollara da rast gəlirik. Bu, real və mistik simvollar əsər boyu bir-birini tamamlayıb harmoniya yaradır.
Yazıçının protoobrazı kimi canlanan və əsər boyu hadisələrin əlaqələndiricisi, koordinatoru kimi çıxış eləyən balaca uşağın düşüncələri son anda simvolik yaddaşa çevrilir. Onun məhv edilmiş Köhnə Həsənli kəndi barəsindəki düşüncələri, öz yetkin ağlı və balaca əllərilə bu kəndin oxşarını, maketini yaratması özü simvolik təxəyyülün məhsuludur. Balaca qəhrəman xəyal dünyasını ələk-vələk eləyərək öz aləmində daha mükəmməl bir kənd salır...
Əli İldırımoğlu bədii məqsəd naminə mürəkkəb, mistik simvollardan da kifayət qədər yararlanmışdır. Xüsusən, yuxu və qarabasmalardan... Nəcəfin yuxuları, üzünü görmədiyi valideynləri ilə xəyali həsb-halları, mənfur, qaniçən əcdadlarının Arsenin gözünə görünən ruhları, qarabasmaları və s. Bunlar heç də real, təbii yuxular deyil, daha çox ədəbi yuxulardır, məqsədə, ideyaya, yazıçı amalına xidmət edən ədəbi vasitələrdir. Bu mistikada daha çox Xeyirlə Şərin savaş ahəngi var. Romanda dərin, bitkin, real, bəzən də romantik mənzərələr toplusuna rast gəlirik. Bunlar insan mənzərələridir, təbiət, ictimai, siyasi, etnoqrafik, əxlaq, mənəviyyat mənzərələridir. İnsan mənzərələri xüsusi diqqətçəkəndir. Əsərin fabulası da bir-birindən fərqli, bir-birindən zəngin və təzadlı insan xarakterləri üzərində qurulub. Müəllif problemin həlli yollarını da xarakterlərin işığında çözələyir. Bu insanların bəzisi haqda artıq söhbət açmışıq, onların tərzi-halını sərf-nəzər etmişik. Bunları böyük ciddi bir qalereya da adlandırmaq olar. Hər biri ciddi bir romanın baş qəhrəmanı ola biləcək mərtəbədə dayanan bu insanlar qoyulan problemi araşdırmaq üçün xüsusi açar rolu oynayır. Gürcü Çeburdanidze və yəhudi Betker bu qalereyanı əlvanlaşdırır və tamamlayır.
Üç millət - azərbaycanlı, erməni və gürcü uzun müddətdir ki, qonşuluqda yaşamağa məhkum olmuşlar. Müəllif bura dördüncü tərəfi, yəhudiləri də əlavə edir. İnsafən, yəhudilər əsrlər boyu azərbaycanlıların içində yaşamış və daim səmimi münasibətlər sərgiləmişlər. Odur ki, kənar arbitr kimi yəhudi xalqının nümayəndəsinin də məsələyə münasibət bildirməsi, müəllifin qələbəsidir.
Əli İldırımoğlu öz əxlaq və mənəviyyat platformasında ardıcıl və bəzi hallarda sərtdir. O kəndin təmizliyini, bakirəliyini, əxlaqi mükəmməlliyini bu gün deqratasiya uçurumunda olan dünya sivilizasiyasına qarşı qoyur: "Kürsək vaxtı köpəklə qancıq kənd arasında, adamların gözü qarşısında bir-birinə səmtiməzdi, dalda bir yerə çəkilərdi... İndi sivilizasiyanın "fontan" vurduğu bəzi-bəzi dəbdəbəli şəhərlərdə günün günorta çağı intim hisslərin əsirinə çevrilən açıq-saçıq geyimli nazlı-qəmzəli qızların, elə dulların da, kişi qiyafəli gədə-güdələrin, ədəb normalarına sığmayan və ikrah hissi doğuran davranışlarının şahidi olduqca on bir evli Təzə Həsənlidə gördüklərimi xatırlayıb təəssüf hissi keçirirəm". Budur Əli İldırımoğlunun kəndi-kəsəyi, eli-elatı.
Əsərin bədii məziyyətlərinə gəldikdə burada da Əli İldırımoğlu yaradıcılığına xas şirin təhkiyə, obrazlı dil, zəngin təəssüratlar təbii və etnoqrafik mənzərələr öndədir. Dil faktoru başqa əsərlərində olduğu kimi burada da ədəbi hadisə səviyyəsindədir, çoxqatlı, çoxlaylı, obrazlı və fəlsəfidir.
Romanda etnoqrafik mənzərələr, folklor yaddaşı koloritli dil və təhkiyə ilə üzvi şəkildə qovuşub maraqlı ahəngdarlıq yaradır.
Şübhəsiz, yaxşı əsər yaddaşın oyaq xatirələrində səni uzun müddət tərk etmir, ilk sevgi kimi qəlbində həzin bir iz buraxır. Biz "Daş yağan gün" romanından da eynən bu təəssüratları aldıq. Əsər bizə nə verdi? Estetik zövq verdi, əxlaqi kamillik, mükəmməllik aşıladı. Bir az bizi tarixə apardı, yaddaşımızın alt qatlarını tərpətdi, mürgülü duyğularımızı oyatdı, bir az da ruhumuzu diksindirib özümüzü özümüzə qaytardı. Başqa sözlə, yaddaşımızı təzələdi, unutqanlığımızı unutmamağa çalışdı...
Bütün eybəcərliklərə qarşı bir sipər kimi bu gün vicdanı qoymalıyıq. Əli İldırımoğlunun "Daş yağan gün" əsərinin bədii-estetik qayəsi bunu deməyə əsas verir.
{nl}
Loğman RƏŞİDZADƏ
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.