Şriftin ölçüsü:
24.09.2012 03:48 | Oxunma sayı: 749
Hazırkı dövrdə daha müasir informasiya texnologiyaları tətbiq olunur. Sürəkli şəkildə tele və internet rabitə həyata keçirilsə də, artıq klassik adlandırıla biləcək poçt xidmətlərinə tələbat qalmaqdadır.
"Azərpoçt" MMC-nin qabaqcıl struktur bölmələrindən biri də Masallı Poçt Filialıdır. Müasir maddi-texniki bazası olan bu filial 42 poçt şöbəsini və 1 poçt agentliyini birləşdirir. Kollektiv əhaliyə bütün növ ənənəvi poçt rabitəsi xidmətlərini dinamik və keyfiyyətlə göstərir. Bunun nəticəsidir ki, pul baratı, banderol, bağlama, məktub və korrespondensiya qəbulundan, şəhərlərarası danışıq abunə haqlarından və faks xidmətlərindən gəlir əldə edilir. Normal xidmət naminə filial hər cür avadanlıqla təmin olunmuş, bütün şöbələr telefonlaşdılılmışdır. Bundan əlavə, Dünya Bankının layihəsi olan bank-maliyyə xidmətləri çərçivəsində əhalidən qəbul olunan kommunal xidmət haqları şəhər sektoru üzrə tam şəkildə, rayonun kənd yaşayış məntəqələri üzrə isə qismən "KOMİS" - kütləvi ödənişlərin mərkəzləşdirilmiş sistemi ilə işlənir. Həmçinin bağlanmış müqaviləyə uyğun olaraq filialın poçt şöbələrində Dövlət Yol Polisinin tətbiq etdiyi cərimələrin qəbulu və nəqliyyat vasitələrinin sığorta edilməsi həyata keçirilir.
Xüsusi qeyd edilməyə layiq faktdır ki, rayondakı poçt şöbələri ilə bərabər, özəl bankların da bu işə maraq göstərməsinə baxmayaraq, kommunal xidmət haqlarının (qaz, işıq, telefon və s.) qəbulu sahəsində liderliyi Masallı Poçt Filialı özündə saxlaya bilmişdir. Belə ki, kommunal xidmət haqlarının rayon üzrə əsas hissəsi məhz bu sistemdə yığılır. Əsas səbəblərdən biri əhalinin poçt işçilərinə inamının daha çox olması və burada işlərin günün tələbləri səviyyəsində qurulmasıdır.
Masallı Poçt Filialının rəisi Mahir Qurbanov söhbət zamanı bildirdi ki, kollektiv yaxın zamanlardan etibarən qəbul olunan bütün xidmət haqlarını "KOMİS" və "AKİS" proqramları üzrə həyata keçirməyə çalışacaq. Bu mütərəqqi proqramlar imkan verir ki, əhali ödəniş apardığı andaca onun vəsaiti hesabına keçirilsin.
Filial üzrə poçtun daşınması işi də rahat və yüksək səviyyədə icra olunur. İstismarda olan iki avtomobilə bu il "Jiqulu" markalı bir maşın da əlavə edilmişdir. Bu texniki şərait də imkan verir ki, daşımaların nəzarət-keçid müddətlərinə vaxtlı-vaxtında əməl olunsun.
Masallı Poçt Filialında çalışan 107 nəfərlik kollektivin iş şəraitinin daha da yaxşılaşmasına "Azərpoçt" MMC tərəfindən daim diqqət göstərilir. Filialın kompyuter parkı mütəmadi olaraq təzələnir. İnzibati binada əsaslı təmir işləri aparılır. Bu il Qəriblər kəndində poçt şöbəsi üçün inzibati bina tikilmişdir. Mütəxəssislərin yaxşı işi daim yüksək qiymətləndirilir. Məsələn, Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar olaraq filialın poçt əməliyyatları üzrə mühəndisi - rəis müavini Səfalı Paşayev Prezidentin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. Kollektiv üzvlərinin əksəriyyəti təcrübəli, peşəsini sevən işçilərdir.
Cari ilin əvvəlindən filialda proqnoz tapşırıqları 144 min 526 manata qarşı 148 min 264 manatlıq icra olunmuş, 102,3 faiz olmuşdur. İş planının müvafiq bəndlərinin icrası ciddi nəzarətdə saxlanmış, ayrı-ayrı poçt şöbələrində sənədli və qəfləti maliyyə-istismar araşdırmaları aparılmışdır. Bundan başqa, filialın rəhbər heyəti tərəfindən şöbələrə vaxtaşırı reydlər keçirilir, səliqə-sahman işləri, müvafiq uçot kitablarının aparılmasına nəzarət olunur və təlimat xarakterli göstərişlər verilir.
Əhalidən qaz və elektrik enerjisi haqlarının toplanması işinə nəzarət də daimi qaydada həyata keçirilir. Poçt şöbələrinə daxil olan vəsaitlərin müvafiq təşkilatların hesablarına gecikdirilmədən köçürülməsi təmin edilir. ŞAD və abunə haqlarının əhalidən toplanması ilə bağlı görülən təsirli tədbirlər sayəsində filialın tarif gəlirləri artmışdır.
Payız-qış mövsümünə hazırlıq işləri də filialın tədbirlər planına uyğun şəkildə, demək olar ki, tam həyata keçirilmişdir.
İnanmaq istərdik ki, "Azərpoçt" MMC-nin Masallı Filialının kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və öncül mövqelərini qoruya biləcəkdir.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.