Nizami Gəncəvi - 870
Artıq nə vaxtdır ki, Gəncə öz doğma şairinin, ulu Nizaminin 870 illik yubileyinə hazırlaşır. "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli sərəncamından sonra şəhərdə aparılan işlər daha da sürətlənmiş, şairin adı ilə bağlı həyata keçirilən tədbirlər öz rəngarəngliyi, ardıcıllığı və səmərəliliyi ilə seçilmişdir. Qədim Nizami yurdunda təkcə ulu şairin yubileyi ilə bağlı həyata keçirilən işlər kifayətdir ki, deyək: Gəncə necə də dəyişib, gözəlləşib!
Dövlət səviyyəsində yubileylər
Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə, dahi şairin anadan olmasının 800 illiyi ərəfəsində qəbul edilmişdir. Lakin İkinci Dünya müharibəsi başlandığı üçün bu yubiley 8 il ləngimiş və onu yalnız 1947-ci ildə qeyd etmək mümkün olmuşdur.
Ötən əsrin 70-ci illərində mədəni irsimizin öyrənilməsi və təbliği ilə bağlı bir dövrün başlanması dahi Nizaminin də yenidən dünya səviyyəsində tanıdılmasına böyük təkan oldu. Həmin mərhələnin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasını xalqımız gözəl bilir. O zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 6 yanvar 1979-cu il tarixli qərar bu baxımdan mühüm əhəmiyyət kəsb edir. İki il sonra, yəni 1981-ci ilin avqustunda böyük şairin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratdı.
70-ci illərin sonu, 80-ci illərin əvvəlləri "Nizami günləri"nə dünyanın hər yerindən qonaqlar gəlirdi və belə günlər uzun müddət yaddaşlardan silinmirdi.
Nizami Gəncəvinin son yubiley tədbiri dahi şairin 850 illiyi ilə bağlı 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki siyasi-iqtisadi və sosial böhran yubileyin keçirilməsinə imkan verməmişdir.
Növbəti yubiley təşəbbüsü ümummmilli liderimizin layiqili davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur. Yuxarıda adını çəkdiyimiz sərəncam ölkə başçısının Milli Elmlər Akademiyasının yığıncağında dediyi fikirlərə təkandır: "Nizami mərkəzinin yaradılması ilə bağlı səslənən təkliflər hesab edirəm ki, təqdirəlayiqdir. Heç kimdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir. Əgər belə ehtiyac yaranıbsa ki, bunu kiməsə sübut edək, biz bunu çox asanlıqla sübut edə bilərik. Nizaminin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir, doğmadır. Nizaminin əsərləri, əlbəttə ki, milli şüurumuzun tərkib hissəsidir. O ki, qaldı hansısa qüvvələr tərəfindən bu əsərlərə yiyə çıxmaq, yaxud da özününküləşdirmək məsələsinə, əfsuslar olsun ki, biz belə hallarla dəfələrlə üzləşirik. Bunun da əsas səbəbi ondadır ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, incəsənəti o qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi özününküləşdirmək üçün cəhdlər göstərirlər.
... Biz öz milli-mənəvi irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır.
Budur, artıq neçə vaxtdır Gəncədə, respublikamızın digər şəhər və rayonlarında, o cümlədən xarici ölkələrdə Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı saysız-hesabsız tədbirlər keçirilir, abidələrin, parkların açılışı olur, kitablar, suvenirlər, bukletlər buraxılır, ədəbi-bədii gecələr, görüşlər keçirilir.
Gəncəlilər isə bu yubileyə xüsusi önəm verirlər. Çünki Şeyx Nizami onların həmyerlisidir, səcdə etdikləri müqəddəs bir insandır, şairdir, filosofdur, mütəfəkkirdir. Bir məsələni qeyd etmək istəyirəm ki, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev ötən ilin fevralında ictimaiyyət nümayəndələri ilə keçirdiyi ilk görüşündən başlayaraq Nizami Gəncəvinin adının əbədiləşdirilməsi, təbliği ilə əlaqədar işlərin vacibliyini daim vurğulamışdır. İş isə çox görülüb. Hətta adam inana bilmir ki, qısa vaxt ərzində Nizami Gəncəvinin adı ilə bağlı bu qədər tədbir həyata keçirilsin.
Dayan, ulu Nizaminin məqbərəsinə yaxınlaşırsan!
Müqəddəs türbə lap uzaqdan diqqəti cəlb edir. Gəncənin yenicə inşa olunan əzəmətli qoşa qapılarından başlayaraq ta məqbərəyə kimi, sanki, sehrli bir aləmlə qarşılaşırsan. Yolun hər iki tərəfində şəbəkəli, milli ornamentli divarlar ucaldılıb, müxtəlif guşələr yaradılıb, gözəl asfalt yol salınıb, ən qiymətli ağaclar əkilib. Bir sözlə, hər daş, hər kəsək dahi şairin adına layiqdir. "Şeyx düzü" adlanan bu yerlər vaxtilə müqəddəs yer sayılıb. İndi də, xüsusilə məqbərə və onun ətrafında aparılan geniş abadlıq, yenidənqurma, təmir-tikinti işlərindən sonra bura gələnlərin, böyük şairi yad etmək istəyənlərin sayı qat-qat çoxalıb.
Məqbərədə və onun ətrafında aparılan işlər yüksək zövqlə, keyfiyyətlə görülüb. Burada 7 min 500 kvadratmetrdən çox sahəyə gözəl qranit lövhə döşənib. Bir süni göl və körpü yenidən təmir olunub. Məqbərənin qarşısında dahi şairin muzeyinin tikintisində xeyli iş görülüb və bu iş davam etdirilir. Bu muzeyin ümumi sahəsi 540 kvadratmetr olacaq.
Məqbərənin dörd yanı Nizami dühasına, Nizami dünyasına bürünüb. Onun əsərlərindən ibarət kompozisiyalar, miniatürlər, heykəllər adamı sanki sehrləyir, istər-istəməz saflığa, ülviliyə qovuşdurur.
Bir vaxtlar boz çöllərdən başqa bir mənzərə görünməyən yerlərdə, yəni mavzoleyin dörd yanında və ondan da aralı sahələrdə saysız-hesabsız ağaclar əkilib. Keçən il dekabrın 23-də burada 50 mininci ağac əkilib. Maraqlı, həm də təqdirəlayiq haldır ki, şəhər icra hakimiyyətinin təşəbbüsünə qoşulan ayrı-ayrı müəssisə və təşkilat kollektivləri yaşıllıq sahələrini öz aralarında bölüşdürüblər və ona qulluq edirlər. Elə bu ağacın özü Nizamiyə, Gəncəyə məhəbbətin bir simvoludur.
Başqa bir fakt. İndi şəhərdə yeni evlənən gənclər toy günü mütləq Nizami Gəncəvinin məqbərəsi önünə gəlir, bura gül-çiçək dəstələri qoyur, öz ehtiramlarını bildirirlər. Gözəl bir ənənə yaranıb və bununla fəxr etməyə, öyünməyə dəyər.
Nizami prospektini tanımaq olmur
Şəhərin ən uzun prospektidir. Keçən ilə kimi Nizami küçəsi adlanırdı. Amma şəhər rəhbərliyinin təşəbbüsü ilə prospektə çevrildi və bu adı doğrultmaq, ona layiq olmaq üçün burada əsl abadlıq, quruculuq, yenidənqurma işləri başlandı. Prospekt genişləndirildi. Ətrafda bir-birindən yaraşıqlı evlər, müxtəlif ticarət-məişət, sosial obyektlər ucaldıldı, piyadalar üçün keçidlər düzəldildi. Doğrudur, hələlik prospektin şəhərin çıxış hissəsində olan ərazisində işlər tam başa çatdırılmayıb. Amma iş bir an belə dayanmır. Burada bir məqama toxunmaq istərdik ki, belə tikililəri olan yerlərdə yenidənqurma işləri olduqca çox vaxt aparır, vəsait tələb edir və s. Mühəndis-kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi, asfaltlaşdırılma və sair işlər bəzən uzanır. Amma Gəncədə ötən ilin fevralından başlanan nəhəng tikinti-quruculuq işlərindən heç biri yarımçıq qalmayıb. Nə nəzərdə tutulubsa, o da yüksək keyfiyyətlə, vaxtında başa çatdırılıb. Elə haqqında söhbət açdığımız Nizami prospekti də onun kimi. Şəhərin girəcəyindən başlayıb hava limanına gedən yola kimi uzanan prospektdə bu müddətdə nələr tikilib, nələr yenidən qurulub, onu şəhər sakinləri də, qonaqlar da yaxşı bilir.
Prospektin uzadılması və genişləndirilməsi, həmçinin buradakı yaşayış binalarının, digər tikililərin fasadlarının, dam örtüklərinin zövqlə yenidən qurulması bu yerlərin görkəmini tamamilə dəyişdirmişdir. "Hərbi şəhərcik" deyilən ərazi indi nümunəvi, milli ornamentli hasarları olan bir məhəlləyə çevrilib. Yolboyu düzülmüş eybəcər, primitiv tikililərdən əsər-əlamət qalmayıb. Milli ornamentli divarlar şəhərin içərilərinə kimi uzanıb gedir.
"Yevlax avtovağzalı" deyilən avtovağzal şəhərdən kənara köçürülüb. N.Nərimanov prospektinin başlandığı ərazi də genişləndirilib, gözəl bir park salınıb. Bir qədər aşağıda - Gəncə Dövlət Universitetinin yaxınlığındakı ərazidə, Gəncəçayın sağ sahilində Bayraq meydanı inşa olunub, ətrafda böyük abadlıq-quruculuq işləri görülüb, adamların istirahəti üçün hər cür şərait yaradılıb. İndi günün istənilən vaxtında burada yüzlərlə adam olur, dincəlir. Qeyd edək ki, Gəncədəki bayraq öz hündürlüyünə görə respublikada Bakıdan sonra ikincidir.
"Xəmsə" kompleksi, "Zərrabi" teatrı...
"Xəmsə" abidə kompleksi də Nizami prospektində yerləşir. Əslində ötən əsrin 80-ci illərində inşa olunmuş kompleks indi tamamilə başqa görkəmdədir. Əvvəla, bu kompleks dağılıb gedirdi, pis vəziyyətə düşmüşdü. Digər tərəfdən müxtəlif tikililər, o cümlədən qarşısında inşa olunmuş ticarət obyektləri onun görünməsinə imkan vermirdi. Şəhər rəhbərliyinin təşəbbüsü ilə kompleks tamamilə yenidən quruldu, burada ulu Nizaminin abidəsi ucaldıldı. Bu ilin yanvarında ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə açılan kompleks Nizami əsərlərinin motivlərinə həsr olunub. Burada Azərbaycan memarlığına istinad edilib. "Xəmsə" 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılıb. Kompleksdə Nizami Gəncəvinin "Leyli və Məcnun", "Sirlər xəzinəsi", "Yeddi gözəl", "Xosrov və Şirin", "İsgəndərnamə" poemalarının hər birinə aid abidə ucaldılıb. İndi kompleks Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət abidəsidir.
"Zərrabi" poeziya teatrına da ikinci həyat verilib. 1979-cu ildə bərpa olunmuş tarixi abidənin yerində açılmış, sonralar hətta Dövlət teatrı statusu almış mədəniyyət ocağı yararsız hala düşmüşdü. Orada daha açıq havada tamaşalar göstərilmirdi. Halbuki bir vaxtlar bu poeziya teatrına şəhər sakinlərinin və qonaqların böyük marağı vardı. Bu teatrın tamaşasına ulu öndərimiz Heydər Əliyev də baxmışdı və teatrın yaradıcı heyəti ilə görüşmüş, ona öz tövsiyələrini vermişdi.
Ötən il şəhər rəhbərliyinin təşəbbüsü və köməyi ilə "Zərrabi" yüksək səviyyədə təmir olundu, burada yaradıcı heyət və tamaşaçılar üçün lazımi şərait yaradıldı. İstilik, kanalizasiya xətləri çəkildi, işıqlandırma sistemi bərpa olundu, tamaşalara uyğun dekorasiyalar hazırlandı. Tarixi memarlıq kompleksinin gümbəzləri keyfiyyətlə təmir edildi. İndi gözəl bir memarlıq nümunəsinin incəlikləri bütün qabarıqlığı ilə diqqəti çəkir. Yaxın günlərdə teatr ilk mövsümünə başlayacaq və Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan tamaşa göstəriləcək.
Nizami prospektində başqa bir kompleks, 6 nömrəli orta məktəbdən bir qədər aşağıda Nizami guşəsi də, necə deyərlər, gözdən-könüldən uzaq bir məkana çevrilmişdi. Bu məkanı da indi tanımaq olmur. Dahi şairin adına layiq şəkildə tamamilə yenidən qurulub və şəhər sakinləri, qonaqlar istər-istəməz burada dayanır, şairi bir daha yad edirlər.
Kitablar, bukletlər, filmlər...
Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi və təbliği ilə bağlı şəhər icra hakimiyyətinin təşəbbüsləri çox böyük razılıqla qarşılanıb. Maraqlı və həm də təqdirəlayiq haldır ki, bu təşəbbüslərin və təkliflərin demək olar ki, hamısı həyata keçirilmiş və yubiley ərəfəsində nizamisevərlər bir-birindən gözəl, nəfis hədiyyələr almışlar. AMEA Gəncə Regional Elmi Mərkəz tərəfindən "Adiloğlu" nəşriyyatında "Xəmsə" nəfis şəkildə yenidən nəşr edilmişdir. Eyni zamanda, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Xəlil Yusiflinin "Nizami: sələflər və xələflər" adlı 700 səhifəlik monoqrafiyası işıq üzü görmüşdür.
Bu ərəfədə Azərbaycan mədəniyyətinin və ədəbi irsinin qorunmasının, təbliğinin və inkişafının hamisi - Heydər Əliyev Fondu tərəfindən "Xəmsə" yenidən nəfis şəkildə çap olunmuşdur. Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə və Xəlil Yusiflinin tərcüməsində təqdim olunan "Xəmsə"yə CD disk də əlavə olunub. Bura tanınmış dahi şairin sözlərinə yazılmış mahnı və romanslar, operalar daxil edilib. Qeyd edək ki, "Sirlər xəzinəsi" və "Xosrov və Şirin" poemaları AMEA Gəncə Regional Elmi Mərkəzinin yenicə yaradılmış nizamişünaslıq şöbəsinin müdiri, görkəmli nizamişünas Xəlil Yusifli tərəfindən yenidən tərcümə edilmişdir. Bu kitablarla yanaşı, Gəncə Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadənin "Nizami məqbərəsinin tarixi və taleyi" adlı monoqrafiyası da çapdan çıxmışdır.
Dahi söz ustasının əlyazmalarının nüsxələri Rusiya, Fransa, Misir və digər ölkələrin kitabxanaları və muzeylərindən Gəncəyə gətirilib. Əlyazmalar artıq kitab şəklinə də salınıb və onların içərisində on üçüncü əsrə aid nəşr də var.
Bütün bunlardan başqa, Peterburq şərqşünaslığının tanınmış alimi Əfrasiyab Vəkilovun "Blokadada olan Leninqradda Nizami yubileyi" kitabı rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, professor Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq" və 31 alimin iştirakı ilə "Gəncə şəhərinin tarixi" adlı kitabları çap olunub. Avstriya milli kitabxanasında, Böyük Britaniya kitabxanasında, Saltıkov -Şedrin adına Rusiya Milli Kitabxanasında qorunan "Xəmsə" əlyazmalarının nüsxələri də kitab şəklində nəşrə hazırlanıb.
Yuxarıdakı sətirləri yazarkən nədənsə dahi şairin :
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
- misraları yadıma düşdü. Bu gün Nizami Gəncəvinin əlyazmalarının, kitablarının dünyanın hər yerindən tapılaraq gətirilməsi onun xatirəsinə, irsinə ən böyük hörmət, izzətdir.
Nizami haqqında rejissor Yusif Şeyxovun çəkdiyi sənədli film, müxtəlif disklər, döş nişanları, bukletlər və sair dahi şairin yubileyinə layiqli töhfələrdir.
Qədim şəhərin hər yerindən ulu şairin adı eşidilir...
Şəhər öz doğma şairinin yubileyini böyük təntənə ilə qeyd edir.
Məktəblərdə, uşaq bağçalarında, müxtəlif əmək kollektivlərində ən müxtəlif tədbirlər - şeir gecələri, görüşlər, ədəbi-bədii kompozisiyalar, sərgilər, konfranslar, "dəyirmi masa"lar, musiqi, teatr festivalları, idman yarışları və digər bir-birindən maraqlı tədbirlər ulu Nizaminin 870 illiyinə həsr olunub. Şəhərin mərkəzi meydanında "Nizami Gəncəvinin söz buketi" adlanan tədbir demək olar ki, hər həftə keçirilir. Meydanda şairin əsərlərindən ibarət reproduksiyalar, miniatürlər, rəsm əsərləri ən müxtəlif illərdə çap olunmuş kitablar, Nizami dövrünü əks etdirən qədim muzey əşyaları, Gəncədə çalışan Nizamişünas alimlərin əsərləri nümayiş etdirilir.
... Nizaminin necə böyük şair, filosof olmasını sübut etməyə ehtiyac yoxdur. Onun hər beyti göstərir ki, Nizami dahidir, əvəzi yoxdur. Görün, digər dahilər həmyerlimiz haqqında nələr söyləyib. Məsələn, Şərq dünyasının böyük mütəfəkkiri Ə.Nəvai deyib: "Əgər yer kürəsi tərəzi, göylər tərəzi daşı olsa belə, Nizami zəkasını çəkmək mümkün deyildir". Yaxud, dünyaca məşhur akademik Bertels: "Nizami bəşəriyyətə nə lazımsa, miras qoyub getmişdir. Biz ondan daha nə istəyə bilərik?". Görkəmli alman filosofu Höte isə daha dərinə gedib: "Şeir aləmində çox peyğəmbərlər olmuş, lakin Allah təkdirsə, Nizami də təkdir..."
Bax, elə buna görə Nizamimizi bizim əlimizdən almağa cəhd göstərənlər - paxıllar, rəzillər, nankorlar olub, onu özününküləşdirmək istəyiblər, doğulduğu məkanı bilərəkdən "səhv" salıblar, farsa, digər millətlərin nümayəndələrinə calamaq istəyiblər. Amma bunların heç biri keçmədi. Daha doğrusu, ağıllı, müdrik, öz xalqını, mədəniyyətini sevən, onunla fəxr edən insanlar bunun qarşısını aldılar. Ulu öndər Heydər Əliyev Nizaminin təbliği üçün nələr etmədi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvinin, onun irsinin bundan sonra da öyrənilməsi və təbliği üçün bir sıra mühüm qərarlar verdi, sərəncamlar imzaladı. Nizaminin Vətənində xüsusi institutun açılması, mərkəz yaradılması, onlara xeyli sayda ştat verilməsi, muzey tikilməsi və sair işlər bir daha sübut etdi ki, Nizami bizim müqəddəs sərvətimizdir, and yerimizdir, səcdə qıldığımız dahidir. Onu bizim əlimizdən almaq istəyənin qolları kəsilər.
Elə yuxarıda qeyd etdiyimiz kimi, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də Nizami Gəncəviyə münasibətini gördüyü çox böyük işlərlə bir daha büruzə verdi. Hara baxırsan Nizami Gəncəvi çıxır qarşına - prospekt də, bağ da, bulaq da, heykəl də...
Bəli, Nizami Gəncəvi burdadır, Gəncədədir. O, ölməyib, yaşayır. Hər misrası bu torpağa hopub. Gəncənin indiki durumu - növrağı Nizami ilə nəfəs alır, Nizami ilə ucalır! Həmişə ucalasan, ulu Nizami! Həmişə beləcə yüksələsən, müqəddəs Nizami! Ad günün mübarək!
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.