Müxalifət liderləri öz mənafelərini güdə - güdə iflasa uğrayıblar

Ölkəmizin iqtisadi qüdrəti artdıqca beynəlxalq aləmdəki əlaqələri daha da genişlənir, mövqeləri getdikcə möhkəmlənir. Hazırda Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin və iri şirkətlərin sayı durmadan artır. Ötən ilin sonlarında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu ilin may ayında bu quruma sədrlik etməsi bir daha təsdiqlədi ki, müstəqil dövlətimiz dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir.
Son illər nüfuzlu beynəlxalq təşkilatların tərtib etdikləri reytinq cədvəllərində respublikamızın adının öncül yerlərdə qərarlaşması sürətli inkişaf yolunda inamla irəliləməyimizin nəticəsidir. Bütün bunlar Vətənini, xalqını, millətini sevən hər bir kəsi qəlbən sevindirir. Təəssüf ki, bu uğurlardan sevinməyən, qısqanclıq hissi keçirənlər də var. Belə xəbis niyyətli anti-Azərbaycan qruplar təbii ki, ölkəmizin inkişafını, beynəlxalq aləmdə reytinqinin getdikcə artmasını istəməyən qüvvələrdir. Xarici ağalarının verdiyi çirkli pullar hesabına ölkəmizin nüfuzuna xələl gətirməyə cəhd edən belələri artıq xalqın nifrətini qazanıblar.
Bu gün cəmiyyətdə radikal müxalifət kimi tanınan xəyanətkarlar nə qədər çalışsalar da xarici himayədarlarının anti-Azərbaycan sifarişlərini yerinə yetirə bilmirlər. Çünki onların səsinə səs verən yoxdur. Azərbaycandakı sürətli inkişafı dəyərləndirən əksər müxalifət partiyaları Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti bəyəndiklərini bəyan edərək onun ərtafında birləşdiklərini bildiriblər. Həmin müxalifət partiyalarının üzvləri öz bəyanatlarında bildiriblər ki, onların əsas istəkləri hazırda respublikamızın qazandığı uğurları görmək idi. Bu uğurlar getdikcə daha da artır.
Lakin hələ də vəzifə odunda alışıb yanan, 15-20 ildir ki, partiya sədrliyindən əl çəkə bilməyən, öz gözlərində tiri qoyub başqalarının gözlərində tük axtaranlar ölkəmizin qazandığı uğurlara kölgə salmağa çalışır, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək üçün hətta mənfur qonşularımız olan ermənilərlə də əməkdaşlıq etməkdən utanmırlar. Artıq ictimaiyyətə də yaxşı məlumdur ki, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər hakimiyyəti qeyri-konstitusion yollarla ələ keçirmək üçün ermənilərlə əlaqəyə girmiş, danışıqlar aparmış və saziş də imzalamışlar. Bundan sonra hər iki partiyadan kütləvi istefalar başlanmış və bu gün onların meydanda tək qaldıqları artıq özlərinə də bəllidir.
15-20 illik partiya sədrləri öz həmfikirlərinin də qınaq hədəfinə çevriliblər. Həm AXCP, həm də Müsavat Partiyasının, eləcə də digər müxalifət partiyalarının üzvləri Əli Kərimli ilə İsa Qəmbərin 20 ilə yaxındır ki, partiya rəhbərliyindən əl çəkə bilməmələrini kəskin tənqid edir, hər hansı bir qurultay və hesabat - seçki yığıncağı keçirmədən özlərini partiya rəhbəri elan etmələrinin demokratiya ilə daban- dabana zidd olduğunu bildirirlər. Ancaq nə Əli Kərimli, nə də İsa Qəmbər antidemokratik mövqelərindən əl çəkmək istəmir, anti-Azərbaycan qüvvələrin çirkli pulları hesabına diktatorluqlarını davam etdirirlər. Onların bu əməlləri, yalnız öz mənafelərini güdmələri bu partiyalari iflasa uğradıb. Həm İsa Qəmbər, həm də Əli Kərimli ötən seçkilərin nəticələrinə bir daha nəzər salsalar və biabırçı məğlubiyyətlərini gözləri önünə gətirsələr, dərk edərlər ki, artıq xalq onları qəbul etmir. Hətta həmfikirləri də onların istefasını tələb edirlər.
Azərbaycan Demokrat Partiyasının üzvü, vəkil Qurban Məmmədovun fikirləri daha maraqlı olduğundan diqqətə çatdırırıq. Q.Məmmədov 15-20 illik partiya sədrlərini istefa verməyə çağırıb və onların kimlərsə tərəfindən idarə olunduğunu bildirərək deyib: "Bu müxalifət partiyalarının liderləri idarə olunur. Onları müxalifət hesab etmirəm və düşünürəm ki, heç bir gücə malik olmayan, neçə illərdir camaatın başını aldadan bu qüvvələr müxalifət kimi keyfiyyətsizdilər. Bir müxalifət kimi ən azı abır-həya etməlidirlər. Bu da bizim müxalifət liderlərində yoxdur. 15-20 ildir heç bir nəticə olmadan fəaliyyət göstərirlər, istefa vermək istəmirlər. Müəyyən bir dövrdə qarşıya qoyulan məqsədə nail olunmursa, nəticə əldə edilmirsə, istefa verilməlidir. Bu, elementar siyasi mədəniyyətdir. Müxalifət nə birlik yaradır-yaratsın, bu birliyə qadir deyillər. Onlar öz mənafelərini güdə-güdə iflasa uğrayıblar. Bayaq qeyd etdiyim kimi, müxalifətin birliyindən heç bir şey gözləmirəm. 15-20 ildir bu birliklər nəyə görə pozulur, kimin hesabına pozulur, bunu Azərbaycan cəmiyyəti, siyasətlə məşğul olanların hamısı yaxşı bilir. Bunlar hamısı qeyri-səmimi adamlardır, qeyri-səmimi də hərəkət edirlər".
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə də 15-20 illik müxalifət liderlərinin bu vaxta qədər heç nəyə qadir olmadıqlarını, onların bu müddət ərzində ən böyük "uğurlarının" ermənilərlə işbirliyi qurmalarının olduğunu deyib. O, nə İsa Qəmbərin, nə də Əli Kərimlinin insan haqlarının qorunmasından danışmağa haqları çatmadığını bildirib. Bu yerdə xatırlatmaq istərdik ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər prezidentin səlahiyyətlərini yerinə yetirərkən bir neçə azərbaycanlının güllələnməsi hökmünün icra olunmasına əmr verirdi. AXCP sədri Əli Kərimlinin adı isə sabiq prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək dünyasını dəyişməkdə hallanır. Hətta bir vaxtlar Ə.Kərimlinin ən yaxın silahdaşları da bu barədə onlarda fakt olduğunu bildirmiş və istintaqa ifadə verəcəklərini də bəyan ediblər.
AXCP sədri ilə Müsavat başqanının öz maddi maraqlarının təmin olunmasını hər şeydən üstün tutmaları AMİP sədri Y.Bağırzadənin də səbr kasasını daşdırıb. O, deyib ki, əgər özlərini müxalifətin "lideri" adlandıran bu iki partiya sədri ambisiyalarından əl çəkməsələr və bu partiyalar qrup maraqlarını deyil, ümumi mənafeyi düşünməsələr, müxalifət birdəfəlik məhv olacaq. Müxalifətin birliyinə gəlincə isə, hər bir partiya funksioneri bu birliyə inanmadıqlarını bildiriblər. Əksər müxalifət nümayəndələri İctimai Palata adlı qurumun qondarma olduğunu deyir. Bu oyuncaq qurumun yaradılmasında əsas məqsədin İsa Qəmbərlə Əli Kərimlinin xarici himayədarlarından daha çox qrant almaq olduğunu deyənlər yanılmamışlar. Əslində bu fikri söyləyənlərin hamısı elə müxalifət düşərgəsinin nümayəndələridir. Onlar İsa Qəmbərlə Əli Kərimlini daha yaxından tanıyırlar. Budur, proqnozlar düz çıxdı və İctimai Palata da arxivin bir küncünə atıldı. Müxalifətin "birlik oyunu" başa çatdı.
Müxalifət partiyalarının nümayəndələri də etiraf edirlər ki, 1993-cü ildən bu vaxta qədər onlar arasında heç vaxt səmimi birlik olmayıb və ola da bilməz. Çünki hər bir müxalifət partiyasının sədri özünü vahid lider hesab edir. Təbii ki, söhbət 15-20 ildir siyasi meydanda olub, heç bir nəticə əldə edə bilməyən partiya sədrlərindən gedir. Azərbaycanda vaxtilə müxalifətin birlik məsələsində Etibar Məmmədov-İsa Qəmbər problemi olub. Hətta vaxtilə onlar birləşmə məqamına da gəldilər, amma son anda kimin birinci olması məsələsi bu "birliyi" pozdu. Sonra İsa Qəmbər - Əli Kərimliyi "birliyi" meydana gəldi. Bu da iflasa uğradı. Bundan sonra Rəsul Quliyevin müxalifətə "atalıq qayğısı" peyda oldu. Son anda kimin vahid lider olacağı məsələsi aranı qatdı. Bütün bu "birliklərin" dağıdılmasında Müsavat Partiyasının başqanı İsa Qəmbərin özünü "vahid lider" hesab etməsi və AXCP sədrinin özünü "ana müxalifət" adlandırması əsas rol oynayıb. Göründüyü kimi, "ata" ilə "ana" 20 ildir ki, dil tapıb bir yerdə olduqlarını təsdiqləyə bilmirlər. Ona görə də getdikcə ətraflarında heç kim qalmadı. Ancaq bunu ört-basdır etmək üçün guya onların rəhbərlik etdikləri partiyalara güclü axının olması barədə yalan məlumatlar yayırlar. Əslində isə hər iki partiyanın sıraları tamamilə azalmış və artıq yox olmaq həddinə çatmışdır. Son hadisələr də təsdiqləyir ki, artıq nə İsa Qəmbərin, nə də Əli Kərimlinin arxasınca gedən yoxdur.
Gəlin İctimai Palatanın son mitinqlərini xatırlayaq. Bu qurumun əsas təşkilatçıları olan Əli Kərimli ilə İsa Qəmbərin adamları nə qədər çalışsalar da, mitinqə iştirakçı toplaya bilmədilər. Hər dəfə 300-500 iştirakçı toplayan İctimai Palata son anda aksiyaların keçirilməsini dayandırdı. Çünki bu qurumun "liderləri" getdikcə meydanda tək görünürdülər. İndi isə tələb hər iki "liderin" istefaya getməsidir. 15-20 illik partiya sədrləri isə deyəsən, kreslonu əldən vermək fikrində deyillər.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin neçə illərdir ki, bu vəzifəni əldən verməmək üçün hansı oyunlardan çıxdığı hamıya məlumdur. Onun başqanlıq seçimi ilə manipulyasiyalar etməsi də diqqətdən yayınmayıb. Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da müsahibələrinin birində diqqətə çatdırıb. S.Novruzov deyib: "Son zamanlar Müsavat Partiyasının sədri İsa Qəmbər başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir. Aydın məsələdir ki, bu praktikanı İsa Qəmbər hələ Xalq Cəbhəsi dövründən həyata keçirirdi. O zamanlar da Xalq Cəbhəsinin daxilində intriqalar yaratmışdı, oranı parçalayıb müxtəlif insanları üz-üzə qoymuşdu. Bunun nəticəsində isə Zərdüşt Əlizadə, Etibar Məmmədov və bu kimi bir qrup insanlar Xalq Cəbhəsindən ayrıldı. Bu formada o, Xalq Cəbhəsinin tərkibində özünün partiyasını yaratmağa nail oldu. O zaman Şimali Azərbaycan Demokratik Partiyasını yaradan və Ali Sovetin sədri işləyən İsa Qəmbər sonradan öz vəzifə səlahiyyətlərindən istifadə edərək Mənsur Əliyevin yaratdığı Müsavat Partiyasını ələ keçirdi.
Bu gün də Müsavatda analoji proses həyata keçirilir. Diqqət yetirəndə görürük ki, vaxtilə Müsavat sədrliyinə layiq ola biləcək insanların hamısı oradan uzaqlaşdırılıb. Məsələn, Sülhəddin Əkbər, İbrahim İbrahimli onun-bunun əliylə, təhqirə məruz qoyularaq oradan uzaqlaşdırıldı, Vurğun Əyyub birinci müavin ola-ola proseslərdən və partiyadan kənarlaşdırıldı. Arif Hacıyevin həbsxanadan çıxmamasını ən çox arzulayan elə İsa Qəmbər idi".
İsa Qəmbər başqanlıqdan ikiəlli yapışıb hər cür oyunlardan çıxır. Onun planı 2013-cü ilə qədərdir. İ.Qəmbər prezidentliyə namizədliyini irəli sürməklə yanaşı ayrı-ayrı beynəlxalq təşkilatlardan yenidən maliyyə dəstəyi almaq fikrindədir. Bununla o, öz maliyyə vəziyyətini düzəltməyə çalışır. Məlum olduğu kimi, il başa çatmaq üzrədir, Müsavat Partiyasının isə qurultayı keçirilmədi.
Müxalifət düşərgəsində münaqişə və qarşıdurma getdikcə daha ciddi şəkil alır. Belə getsə, növbəti prezident seçkilərinə qədər radikallar özləri özlərini sıradan çıxaracaqlar. Onsuz da onlar öz mənafelərini güdə-güdə iflasa uğrayıblar.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında