Baş Prokurorluqda elmi-praktik konfrans keçirilmişdir

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində "Cinayət prosesində azadlıq və şəxsi toxunulmazlıq hüququnun müdafiəsinin təkmilləşdirilməsi imkanları" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransın işində Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Apelyasiya Məhkəməsinin hakimləri, vəkillər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Baş prokurorun birinci müavini Rüstəm Usubov konfransı giriş sözü ilə açaraq ölkəmizdə hüquqi dövlət quruculuğu, dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində aparılan genişmiqyaslı islahatlar barədə ətraflı məlumat vermişdir.
Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov konfransın Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın peşə hazırlığı və ixtisasartırma işində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri, hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması, onların nəticələrinin tədris prosesində istifadə olunması barədə müddəalarının icrası zəminində Azərbaycan Respublikasının baş prokurorunun tapşırığına əsasən təşkil edildiyini iştirakçıların diqqətinə çatdırmışdır.
Daha sonra o, məhdudlaşdırılması zərurətdən irəli gələn fərdi hüquqların, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququnun daha səmərəli müdafiəsi üçün imkanların mövcud olduğunu, bunun üçün qanunvericiliyin təkmilləşdirilməsinin, cinayət prosesinə daha çox çəkişmə elementlərinin daxil edilməsinin, cinayət prosesi prosedur və mexanizmlərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun "hüquqi müəyyənlik" və digər keyfiyyət standart və prinsiplərinə uyğunlaşdırılmasının, onların təcrübədə tətbiqi metodikasının öyrənilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov təmsil etdiyi məhkəmə tərəfindən insan hüquqlarının, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququnun cinayət prosesində müdafiəsi məsələlərinin daim diqqət mərkəzində olduğunu, bu sahədə məhkəmə təcrübəsinin mütəmadi olaraq öyrənildiyi, bu hüququn müdafiəsi səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirildiyini, o cümlədən 2009-cu il noyabrın 3-də Ali Məhkəmənin Plenumunun qərarının qəbul edildiyini bildirərək həbs qətimkan tədbirinin tətbiqi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsipial mövqelərinin təcrübədə nəzərə alınması üsulları barədə geniş məlumat vermişdir.
Vəkillər Kollegiyasının sədri Azər Tağıyev azadlıq hüququnun müdafiəsi üzrə vəkillərin vəzifələrindən, bu vəzifələrin keyfiyyətlə yerinə yetirilməsi üçün zəruri şəraitin mövcud olmasından, bununla yanaşı, aradan qaldırılması qanunvericilik səviyyəsində mümkün olan çətinliklərin hələ də mövcud olmasından, vəkillərin peşə yararlığının artırılması üzrə həyata keçirilən tədbirlərdən, cinayət prosesində tərəflərin, eləcə də tərəflərlə məhkəmələrin qarşılıqlı hörmət şəraitində fəaliyyətinin insan hüquqlarının səmərəli müdafiəsinə zəmin olmasından geniş söhbət açmışdır.
Konfransda daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin insan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrasının rəisi Günay Əyyubova, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin şöbə rəisinin müavini Nadir Mustafayev və digər natiqlər azadlıq və şəxsi toxunulmazlıq hüququnun cinayət prosesində müdafiəsinin müxtəlif aspektləri üzrə maraqlı məruzələrlə çıxış edərək mövzuya aid şəxsi və təmsil etdikləri orqanların təcrübəsinin təhlili nəticələri, eləcə də qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsi istiqamətləri barədə fikirlərini iştirakçılarla bölüşmüşlər.
R.Usubov konfransa yekun vuraraq iştirakçılar tərəfindən məhkəmə-istintaq təcrübəsinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret maraqlı təkliflər səsləndirildiyini xüsusi qeyd edərək müzakirələrin prokurorluğun, məhkəmələrin və bütövlükdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmişdir.
Tədbir iştirakçılarına "Həbs qətimkan tədbirinin tətbiqi ilə əlaqədar qərarların İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedent təcrübəsinə uyğunlaşdırılması metodikası" adlı metodik vəsait təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında