Daxili İşlər Nazirliyində kollegiya iclası

Aprelin 2-də Daxili İşlər Nazirliyində "Cinayətkarlığa qarşı mübarizədə işin təşkili və əməliyyat-qeydiyyat işləri üzrə həyata keçirilən tədqiq tədbirlərinin vəziyyəti"nə və "Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan birinci məsələdən danışarkən əməliyyat-qeydiyyat işləri üzrə tədqiq tədbirlərinin təşkilinin xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb etdiyini, bağlı qalmış, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında əməliyyat aparatının imkanlarından istifadənin önəmli rola malik olmasını nəzərə çatdırmışdır. Nazir bu sahədə fəaliyyətin düzgün qurulmasının hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi, fəaliyyətin qiymətləndirilməsində başlıca meyar olduğunu bildirmişdir.
R.Usubov Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar dövlət yol polisi qurumlarının üzərinə insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi yönündə daha böyük vəzifələrin düşdüyünü xatırlatmışdır. O, yol hərəkəti təhlükəsizliyinin təminini ictimai qaydaların qorunmasında ən mühüm istiqamətlərdən biri adlandıraraq, dövlət yol polisinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ümumilikdə məsuliyyətlə gəldiyini, vətəndaşlarla ən çox təmasda olan xidmət kimi onun gündəlik fəaliyyətindən polisin imicinin xeyli dərəcədə asılı olduğunu diqqətə çatdırmışdır. R.Usubov görülmüş müsbət işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulamışdır.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış etmiş və demişdir ki, cinayətkarlığa qarşı mübarizəyə dair mövcud qanunvericilik aktlarından, Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində, o cümlədən cinayətlərin profilaktikasında, açılmasında və axtarışda olan təqsirləndirilən şəxslərin tutulmasında mühüm amillərdən olan əməliyyat aparatı ilə işin düzgün təşkili, onun imkanlarından səmərəli istifadə olunması, əməliyyat-qeydiyyat işləri üzrə həyata keçirilən tədqiq tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, müvafiq fəaliyyət sahəsi daim diqqət mərkəzində saxlanılaraq kollegiya iclaslarında, naziryanı əməliyyat müşavirələrində geniş müzakirə olunmuş, bir sıra zəruri təşkilati-praktiki tədbirlər müəyyənləşdirilərək icraya yönəldilmişdir.
"Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr" barədə məruzə ilə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirmişdir ki, baş idarənin şəxsi heyəti qanunvericiliklə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmış, baş vermiş yol-nəqliyyat hadisələrinin qarşısının alınması, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi həyata keçirilən təşkilati və profilaktiki tədbirlər nəticəsində daim diqqət mərkəzində olmuşdur. Qeyd olunmuşdur ki, avtomobillərin texniki vəziyyətinə nəzarət sahəsində zəruri profilaktik tədbirlər keçirilmiş, respublikada qeydiyyatda olan avtomobillərin 72,8 faizi texniki baxışla əhatə olunmuşdur. Avtonəqliyyatın texniki vəziyyətinə nəzarətin artırılması məqsədilə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Şəki, Zaqatala, Balakən, Şəmkir, Bərdə və Tərtər şəhərlərində fəaliyyət göstərən diaqnostika məntəqələrinin imkanlarından səmərəli istifadə olunmuş, atmosfer havasının avtomobillərin zərərli təsirindən qorunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ötən ilin aprel-oktyabr aylarında bir sıra iri şəhərlərdə, avqustun 1-dən 31-dək isə bütün ölkə ərazisində "Təmiz hava" aylığı devizi altında tədbirlər keçirilmişdir.
Kollegiya iclasının iştirakçılarına məlumat verilmişdir ki, təkcə 2009-cu ildə fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 75 min avtomobil gətirilmiş və bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 937 mini keçmişdir. Belə bir şəraitdə Dövlət Yol Polisi əməkdaşları da işlərini müasir tələblər səviyyəsində qurmaq, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir sıra əməli-praktiki tədbirlər həyata keçirmişlər. Nəticədə ötən bir il ərzində 884 mindən çox inzibati xəta pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 20, sürət həddinin aşılması üzrə 138, ötmə qaydalarının pozulması üzrə isə 13 min fakt aşkarlanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 43,5 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 24,3 faizi ötmə qaydalarına düzgün riayət edilməməsi və qarşıdan gələn nəqliyyatın yoluna çıxma səbəbindən baş vermişdir. Nəticədə 105 mindən çox sürücü yerində cərimələnmiş, 3062 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
R.Zeynalovun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş kompleks tədbirlər nəticəsində yol-nəqliyyat hadisələrinin sayının və onların ağırlıq dərəcəsinin aşağı düşməsinə nail olunmuşdur. Belə ki, ötən il respublika ərazisində 2792 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 930 nəfər həlak olmuş, 3044 nəfər yaralanmışdır. 2008-ci illə müqayisədə hadisələrin sayı 178 fakt, həlak olanların sayı 122 nəfər, yaralananların sayı 188 nəfər azalmışdır.
Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr barədə danışmışlar.
İclasa yekun vuran nazir Ramil Usubov yol-nəqliyyat hadisələrinin profilaktikasının səmərəliliyinin artırılmasını, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunması, ötmə qaydalarını pozma və nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmə kimi inzibati xətaların aşkarlanmasına daha çox diqqət yetirilməsini, ictimaiyyəti ciddi narahat edən, yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərən amillərdən olan avtoxuliqanlıq hallarına qarşı daha sərt tədbirlərin görülməsini ərazi polis orqanlarının rəislərindən tələb etmişdir.
General-polkovnik Ramil Usubov cari ilin ilk rübünün artıq başa çatdığını, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə səyləri ilə ötən dövrdə də cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində uğurlu nəticələrin qazanıldığını, əvvəlki dövrlərdə əldə olunmuş müsbət təmayüllərin bu müddətdə də qorunub-saxlanıldığını vurğulamışdır. Nazir əmin olduğunu bildirmişdir ki, şəxsi heyət Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, ali diqqət və qayğıya cavab olaraq ölkə iqtisadiyyatının dinamik inkişafının əsas şərtlərindən olan sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında