"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlamışdır

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlamışdır. AzərTAc xəbər verir ki, 20 sentyabr - Neftçilər Günündə işıq üzü görən 184 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 18 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir.
1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişindən sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması xüsusi buraxılışın ana xəttini təşkil edir.
Xüsusi buraxılışın üz qabığında ulu öndər Heydər Əliyevin "Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" fikri qeyd edilmişdir. Sonrakı səhifədə isə ümummilli liderin "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq" fikrinin davamı olaraq Prezident İlham Əliyevin "Azərbaycan qədim neft ölkəsidir. Sənaye üsulu ilə dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilmişdir. XX əsrdə dəniz yataqlarından dünyada yenə də ilk dəfə neft Azərbaycanda hasil edilmişdir" tezisi öz əksini tapmışdır.
Ulu öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli fərmanı ilə Neftçilər Gününün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 2012-ci il 19 sentyabr tarixli "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında", "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adı verilməsi haqqında", "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" sərəncamları yer almışdır.
Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 18 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır. Xüsusi olaraq qeyd edilir ki, həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.
Azərbaycan tarixində, onun iqtisadiyyatının inkişafında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazılarda geniş təhlil olunur, bu günün uğurları fonunda perspektivlər müəyyənləşdirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikində bildirilir ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar və qürur hissi ilə qarşılayırlar. Ötən illərdə qazanılmış nailiyyətlər respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, beynəlxalq nüfuzunun güclənməsinə möhkəm zəmin yaratmışdır. Neft və qaz hasilatında rekord göstəricilərə, istehsalatın bütün sahələrində müasirləşməyə nail olan Azərbaycan dünyanın enerji daşıyıcıları bazarında öncül mövqeyə qədəm qoymuşdur. Xəyallar həqiqətə çevrilmiş, Azərbaycan neft sənayesinin tarixi şöhrəti özünə qaytarılmışdır. Həyata keçirilən genişmiqyaslı regional və qlobal layihələr nəticəsində ölkəmiz nəinki özünün enerji təhlükəsizliyini tam təmin etmiş, həmçinin neft, qaz, emal və neft-kimya məhsullarının etibarlı ixracatçısı kimi Avropanın enerji təhlükəsizliyi sisteminin vacib həlqələrindən birinə çevrilmişdir.
Təbrikdə bu məqam xüsusi vurğulanır ki, ARDNŞ inkişaf etdikcə respublikamızın sosial-iqtisadi həyatında daha yaxından iştirak edir. Neftçilərimiz dövlət və xalq qarşısında böyük məsuliyyət və cavabdehlik daşıdıqlarını heç zaman unutmur, ölkəmizin iqtisadi yüksəlişi naminə əllərindən gələni edir, onlara göstərilən yüksək etimadı əzmlə doğruldurlar.
ARDNŞ-in prezidenti R.Abdullayevin "Neft-qaz sənayesi Azərbaycanın tərəqqisinə xidmət edir" yazısında qeyd edilir ki, ümummilli lider Heydər Əliyev tərəfindən işlənilmiş neft strategiyasının önəmli cəhətlərindən biri qədim neft-qaz ölkəsi olan Azərbaycana əvvəlki şan-şöhrətini qaytarması, dünyanın nəzərlərini yenidən respublikamıza cəlb etməsidir. Bu strategiya mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası idi və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Yazıda o da qeyd edilir ki, ölkə daxilində və xaricdə həyata keçirilən neft-qaz və neft-kimya əməliyyatlarında Azərbaycanı layiqincə təmsil edən Dövlət Neft Şirkəti modern, müasir tələblərə cavab verən güclü və çevik quruma çevrilmək istiqamətində fəaliyyətini daha da genişləndirmişdir. Şirkət bu gün ölkə daxilində və onun hüdudlarından kənarda regional və qlobal əhəmiyyətli onlarla layihə həyata keçirir. ARDNŞ Azərbaycanda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçmiş ilk dövlət qurumlarındandır. Şirkətin konsolidə olunmuş hesabatları hər il beynəlxalq auditdən keçirilir ki, bu da onun kredit qabiliyyətinin artırılmasında mühüm amildir. "Biz qazanılmış nailiyyətləri yüksək qiymətləndirir, mövcud infrastrukturun qorunması, müasirləşdirilməsi, zərurət olduqda yenilənməsi məsələlərini prioritet vəzifələrimiz hesab edirik", - deyə bildirən R.Abdullayev Dövlət Neft Şirkəti və onun xarici tərəfdaşları tərəfindən Bakıda, Xəzər dənizi hövzəsində analoqu olmayan yeni gəmiqayırma zavodunun inşası istiqamətində görülən işləri buna misal göstərir.
Yazının sonunda bu fikir bir daha xüsusi vurğulanır ki, müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuz və mövqeyinin möhkəmləndirilməsi, dövlətimizin iqtisadi qüdrətinin durmadan artırılması naminə gecə-gündüz çalışan fədakar neftçilərimiz yaxşı bilirlər ki, çəkilən əziyyət, görülən işlər son nəticədə xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Onlar inanırlar ki, Azərbaycan dövləti müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha işıqlı sabahlara aparır.
Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır. Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Xəzər dənizinin dərinsulu sahələrində axtarış-kəşfiyyat işlərinin nəticələri: keçmişə və gələcəyə baxış" yazısı da maraqlı faktlarla zəngindir.
Qəzetin xüsusi buraxılışında ARDNŞ-in vitse-prezidentlərinin, ayrı-ayrı struktur rəhbərlərinin, mütəxəssislərin məqalələri də yer almışdır.
Xüsusi buraxılışda Prezident İlham Əliyevin "Ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə güclənir, yoxsulluq azalır. Sənaye potensialımız və qeyri-neft sektoru inkişaf edir. Bütün bu uğurların təməlində birmənalı deyə bilərəm ki, 1994-cü ildə imzalanmış "Əsrin kontraktı" dayanır" fikri ötən dövr ərzində görülən işlərin və qarşıda duran vəzifələrin ümumiləşdirilmiş ifadəsidir.
"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılışı ulu öndər Heydər Əliyevin "Əsrin müqaviləsi"ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin daimiliyinin əsas qarantlarından biridir..." fikri ilə tamamlanır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında