Neftçilər Günü münasibətilə Dənizkənarı Milli Parkda sərgi təşkil edilmişdir

Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Neftçilər Günü peşə bayramı münasibətilə sərgi təşkil edilmişdir. AzərTAc xəbər verir ki, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, qocaman neftçilər, paytaxt sakinləri və qonaqlar burada təşkil olunmuş pavilyonlarda ölkənin neft sənayesinin inkişafını əks etdirən sərgiyə maraqla tamaşa etmişlər.
Neftçıxarma və neftayırma sənayelərinin müxtəlif mürəkkəb qurğularının, Xəzər Dəniz Neft Donanması gəmilərinin maketləri, rəngarəng stendlər və fotoşəkillər tamaşaçılarda şərəfli peşə sahiblərinin əməyi haqqında aydın təsəvvür yaradırdı. Sərgi boyunca quraşdırılmış monitorlarda Azərbaycan neftçilərinin rəşadətli əməyini, ümummilli liderimiz Heydər Əliyevin müdrikliyinin, uzaqgörənliyinin, qətiyyətinin və iradəsinin təntənəsi olan yeni neft strategiyasının reallaşmasını, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişini, habelə Prezident İlham Əliyevin neft-qaz sənayesinə aid müxtəlif müəssisələrin açılışlarında iştirakını əks etdirən sənədli kadrlar nümayiş etdirilmişdir. ARDNŞ-in tabeliyində olan müxtəlif zavod, idarə və müəssisələrin dinamik inkişafını əks etdirən filmlər sərgi iştirakçılarına həm tarixi, həm də bu günü haqqında ətraflı məlumat vermişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ARDNŞ tərəfindən bölgələrdə aparılan tikinti və quruculuq işləri barədə məlumatların toplandığı stendlərdə 2003-cü ildən başlayaraq, şirkət tərəfindən inşa olunmuş müxtəlif sosial təyinatlı obyektlər - məktəblər, uşaq bağçaları, müalicə-diaqnostika mərkəzləri və xəstəxanalar haqqında tam informasiya almaq olurdu. "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin gənc idmançılarının nümunəvi çıxışları mərkəzdə qabaqcıl idman ənənələrinin uğurla davam etdirilməsinin təsdiqinə çevrilmişdir.
Şirkətin beynəlxalq əlaqələrini, həyata keçirdiyi müxtəlif ekoloji layihələri əks etdirən stendlər tamaşaçılarda xoş ovqat yaratmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında