Sumqayıtda yeni ünvan: Bayraq Meydanı

Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan rəmzdir. Bayrağı uca olanın, başı da uca olar, hörmət-izzəti də artar. Ölkəmizdə Dövlət Bayrağı Gününün təsis olunması və hər il təntənə ilə keçirilməsi məhz bu mənəvi dəyərdən qaynaqlanır. Bu gün artıq Sumqayıt sakinləri də doğma şəhərdə, 70 metr ucalıqdan boy göstərən milli bayraqla qürur duya bilirlər. Aylardan bəri yaradılan yeni Bayraq Meydanının, nəhayət, açılış mərasimi olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov KİV nümayəndələri ilə görüşdə bildirdi ki, ölkənin hər yerində həyata keçirilən abadlıq-quruculuq işləri böyük inkişafın tərkib hissəsi olaraq yeni nailiyyətlərə aparan yolu daha da nurlandırır. Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkənin iqtisadi qüdrəti davamlı şəkildə yüksəlir. Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus yeri olan Sumqayıt şəhəri də sürətli inkişaf dövrünü yaşayır.
Natiq onu da vurğuladı ki, ölkə başçısının tapşırığı ilə şəhərdə abadlıq-quruculuq işləri vüsət alıb. Bu gün şəhərin rəmzinə çevrilən hər nə varsa, yurdsevərlik əlamətidir. Yeni Bayraq Meydanı da bu simvollardandır.
Genişliyi və arxitekturası ilə göz oxşayan meydan şəhərin lap mərkəzində, icra hakimiyyətinin inzibati binası ilə H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrı arasında ünvan tapıb. Klassik parametrlərə uyğun olan Bayraq Meydanı 18 min kvadratmetr ərazini tutur. Hündürlüyü 70 metr olan bayraq dirəyində Azərbaycanın dövlət bayrağı əzəmətlə dalğalanır. İndi onu şəhərin demək olar ki, hər nöqtəsindən görmək mümkündür. Uzunluğu 20 metr, eni 10 metr olan bayrağın parçası Dövlət Neft Şirkəti tərəfindən Türkiyədən gətirilib.
Maraqlı tədbir respublika Sərhəd Qoşunlarının nəfəsli çalğı alətləri orkestrinin ifasında marşla başlandı. Sonra musiqi məktəbləri şagirdlərinin birgə xoru Azərbaycanı və dövlət bayrağını tərənnüm edən xalq, bəstəkar mahnılarından ibarət popurri, habelə ingilis dilində məzəli mahnı ifa etdi. Uşaq xoru ilə yanaşı, valideynlərin də xor kollektivi çıxış edərək balaca ifaçıları həvəslə dəstəklədi.
Bayram tədbirinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanları, müəssisə, idarə, ictimai təşkilat rəhbərləri, habelə şəhər ictimaiyyətinin nümayəndələri tamaşa edirdilər. Qonaqlar arasında Şəhər Günü münasibətilə Sumqayıtın tərəfdaş şəhəri olan Lüdviqshafendən (AFR) gəlmiş nümayəndə heyəti də vardı.
Qeyd edək ki, meydanın bütün ərazisi boyunca dördkünc Britaniya daşları düzülüb, müasir fənərlər quraşdırılıb. Ətraf tam yaşıllaşdırılıb və abadlaşdırılıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti binasının fasadı da dəyişdirilib, Bayraq Meydanının memarlıq ansamblına uğurla uyğunlaşdırılıb. Buradan keçən avtomobil yolu ləğv edilib. Bayraq Meydanı şəhərin bir çox tədbirlərinin keçiriləcəyi məkana çevriləcək.
Açılış günü xalq gəzintisi ilə başa çatdı.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında