İnşaatçılar bayramı yüksək nailiyyətlərlə qeyd edirlər

Ölkəmizin neft-qaz ehtiyatlarının hasilatı və nəqli üçün tələb olunan infrastrukturun yaradılması inşaatçıların əməyindən çox asılıdır. Bu sadə həqiqəti dərk edən neft sənayesinin tikinti-quraşdırma idarələrinin əmək kollektivləri son illər dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün daha böyük səylə çalışırlar. 
Məhz bunun nəticəsidir ki, son zamanlar neft-qaz sənayesinin infrastruktur imkanları əsaslı şəkildə yeniləşdirilir, dənizdə və quruda yeni-yeni obyektlər inşa olunur. Bütün bu tədbirlər isə öz növbəsində neft və qaz hasilatının artırılmasına, neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Həmin işlər isə Dövlət Neft Şirkəti "Neftqaztikinti" Trestinin fədakar inşaatçıları tərəfindən həyata keçirilir.
Trestin qabaqcıl müəssisələrindən sayılan 2 saylı Tikinti-Quraşdırma İdarəsinin kollektivi "Neftçilər Günü"nü yüksək iqtisadi göstəricilərlə, ölkəmizin neft-qaz sənayesi üçün son dərəcə vacib olan layihələrin icrası sahəsində qazandığı uğurlarla qarşılayır. İnşaatçılar cari ilin ötən dövründə ölkəmizin neft-qaz sənayesi üçün son dərəcə vacib olan bir sıra layihələrin icrası istiqamətində mühüm uğurlara imza atmışlar.
İdarənin inşaatçıları ilin ötən dövrü ərzində "Azneft" İstehsalat Birliyinin ayrı-ayrı neft və qazçıxarma idarələrinin sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşlar. Belə ki, kollektiv H.Z.Tağıyev adına NQÇİ-nin sifarişi ilə Buzovna sahəsində 3 və 4 saylı neft və qazçıxarma sexlərinin neftyığma sahəsinin, eləcə də suyun kompleks hazırlanması və vurulması sahəsinin tikintisini uğurla başa çatdıraraq obyekti vaxtında təhvil vermişdir. Bir qədər əvvəl isə inşaatçılar N. Nərimanov adına NQÇİ-nin sifarişi ilə "Daşgil" yatağı-Azərbaycan Qaz Emalı Zavodu arası 700 millimetrlik qaz xəttinin əsaslı təmirini, 676 və 272 saylı estakadayanı meydançaları birləşdirən 10 kilometrlik sualtı qazliftin, eləcə də 1 və 3 saylı neftyığma məntəqələrinin, "Daşgil" yatağı ilə 1 saylı neftyığma məntəqəsini birləşdirən sualtı neft xəttinin tikintisini başa çatdırmışlar. İnşaatçılar, həmçinin "Günəşli" yatağındakı dərin dəniz özüllərində "NBO" tipli qaldırıcıların və "Neft Daşları" yatağında 501 saylı meydançanın və 2A saylı neftyığma məntəqəsinin tikintisini də vaxtında başa çatdıraraq sifarişçi təşkilatlar olan 28 May və Neft Daşları NQÇİ-lərə təhvil vermişlər.
"Azəriqaz" İstehsalat Birliyinin sifarişçisi olduğu layihələrin içrası ilə bağlı həyata keçirilmiş tədbirlər də diqqəti cəlb edir. Müdafiə Sənayesi Nazirliyinin ərazisindən keçən qaz kəmərinin "Qarasu" Əməliyyat Şirkətinin ərazisinə köçürülməsi, Hövsan-Digah-Qaradağ və Qaradağ qazpaylama stansiyası cənub qaz kəmərinin tikilməkdə olan Gəmiqayırma Zavodunun ərazisinə düşən hissəsinin köçürülməsi, Dübəndi neftyığma məntəqəsində əmtəə çənləri parkında çənlərin əsaslı təmiri, Qalmaz qazpaylama məntəqəsində əsaslı təmir işləri bu qəbildən olan layihələrdəndir. İlin ötən dövrü ərzində inşaatçıların ölkənin qaz təsərrüfatı sahəsində reallaşdırdıqları ən mühüm işlər Qazıməmməd-Qazax qaz kəmərinin müxtəlif hissələrində əsaslı təmir, demontaj, qaynaq və xətti kranların quraşdırılması ilə bağlıdır. Bütövlükdə isə bu sahədə 2 milyon 389 min 183 manatlıq tikinti-quraşdırma işləri görən kollektiv layihənin icrasını uğurla başa çatdırmağa müvəffəq olmuşdur. Artıq obyekt təhvilə hazırlanır. Yeri gəlmişkən, Azərbaycan neftçilərinin kəşf etdikləri "Ümid" yatağında zəngin qaz ehtiyatları aşkar olunmuşdur. Artıq həmin ehtiyatların sahilə nəqli üçün lazımi infrastruktur yaradılır. Bu işdə 2 saylı Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları da yaxından iştirak edirlər. Artıq onlar "Ümid" yatağının neft və qaz hasilatının nəqli sisteminin tikintisi" layihəsi çərçivəsində Süleyman Vəzirov borudüzən gəmisi vasitəsilə 4 kilometr sualtı kəmərin çəkilişini başa çatdırmışlar.
Hazırda idarənin inşaatçıları ölkəmizin neft-qaz sənayesi üçün son dərəcə vacib olan bir sıra digər layihələrin icrasını da sürətlə davam etdirirlər. Bu işlərə isə "Hacıqabul mərkəzi qaz-kompressor sahəsinə məxsus 260-cı kilometr ölçü qovşağının yenidən qurulması", "Qaz Emalı Zavodunda məşəl sisteminin yenidən qurulması", "Neftqaztikinti" Trestinin Qaradağ rayonunda yerləşən bazasının ərazisində anbar binalarının tkintisi", "Ə. Əmirov adına NQÇİ-nin neftin kompleks hazırlanması sexində iki ədəd min kubmetrlik əmtəə çəninin tikintisi", "Abşeronneft" NQÇİ-nin yığım-nəql sisteminin yenidən qurulması", "N. Nərimanov adına NQÇİ-nin qaz-kompressor sexində qradirnin və nasosxananın yenidən qurulması" və s. misal göstərmək olar. Bütövlükdə isə 2 saylı Tikinti-Quraşdırma İdarəsinin kollektivi cari ilin 8 ayında 16 milyon 951 min 336 manatlıq inşaat işləri həyata keçirmişdir. Bu qədər maliyyə vəsaitinin xərclənməsi, heç şübhəsiz, kollektivin gərgin əməyi hesabına başa gəlmişdir.
İdarənin rəisi Elxan Salmanov dedi:-Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hszırlanmış yeni neft strategiyasının uğurları ilbəil artır. Bu da, heç şübhəsiz, ölkəmizin neft sənayesində çalışan bütün əməkçiləri yeni-yeni nailiyyətlərə ruhlandırır. Azərbaycanın neft-qaz sektorunun inkişafı tikinti-quraşdırma işlərinin həcminin də getdikcə artmasına səbəb olur. Məhz bunun nəticəsidir ki, son illər kollektivimizə verilən sifarişlərin həcmi xeyli artmışdır. Onu da deyim ki, biz bunu, həm də kollektivimizə göstərilən yüksək etimad kimi dəyərləndiririk. Dövlət Neft Şirkəti və "Neftqaztikinti" Tresti rəhbərliklərinin ölkəmizin neft və qaz təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən layihələrin icrasına göstərdikləri qayğı və dəstək inşaatçılarımızda ruh yüksəkliyi yaradır. Elə bütün bunların nəticəsidir ki, kollektivimiz tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilirlər...

{nl}

Səhifəni hazırladı: Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında