Şriftin ölçüsü:
20.09.2012 02:43 | Oxunma sayı: 501
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks Qazma İşləri Trestinin əmək kollektivləri də peşə bayramlarını yüksək əmək nailiyyətləri, xoş ovqatla qeyd edirlər. Ölkəmizin neft sənayesinin son illərdəki uğurlardan qazmaçılara da xüsusi pay düşür. Belə ki, ölkənin quru və dəniz sahələrindəki neft-qaz ehtiyatlarının işlənməyə cəlb edilməsində qazmaçıların əməyi olduqca böyükdür.
İlin əvvəlindən gecəni gündüzə qatıb yorulmaq bilmədən çalışan bu fədakar insanlar dəniz və quru sahələrində bir-birinin ardınca müxtəlif dərinlikli yeni-yeni quyular qazaraq neftçilərə təhvil vermişlər. Hazırda Kompleks Qazma İşləri Tresti ölkəmizin quru və dəniz əraziləri üzrə Dövlət Neft Şirkətinə məxsus 25-ə yaxın yataqda, beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə axtarış-kəşfiyyat və istismar qazma işləri aparır. Həmin işlər isə Quba-Xəzəryanı, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə Bakı və Abşeron arxipelaqında həyata keçirilir.
Xatırladaq ki, sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, ölkədə neft-qaz hasilatının sabit saxlanması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi məqsədilə axtarış-kəşfiyyat qazma işləri aparan Kompleks Qazma İşləri Tresti Dövlət Neft Şirkətinin strukturuna daxil olan və böyük elmi potensiala malik olan "Neftqazelmitədqiqatlayihə" İnstitutu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s. qurumlarla sıx əməkdaşlıq edir.
Trestin qazmaçıları 2012-ci ilin 8 ayı ərzində bir sıra yeni uğurlara imza atmışlar. Belə ki, yeraltı zənginliyə yol açan bu şərəfli peşə sahibləri ilin əvvəlindən quruda yerləşən yataqlarda və dəniz akvatoriyasında 84 min 604 metr qazma işi həyata keçirmişlər. Ümumi qazma işlərinin 81 min 580 metri istismar, 3024 metri isə kəşfiyyat qazmasının payına düşür. Cari ilin əvvəlindən 46 quyunun qazmasına başlanmış, həmin sayda quyunun qazıntısı isə tamamlanmışdır. Bu ilin səkkiz ayında sifarişçilərə 52 quyu təhvil verilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5 quyu çoxdur.
Kompleks Qazma İşləri Tresti fəaliyyətə başladığı gündən qazmanın bütün sahələrində yüksək uğurlar əldə etmişdir. Bu uğurlardan ən möhtəşəmi isə, heç şübhəsiz, "Ümid" qaz-kondensat yatağının açılmasıdır. Xatırladaq ki, Azərbaycan neftçilərinin əməyi nəticəsində açılmış "Ümid" qaz-kondensat yatağı ilə bağlı bütün fəaliyyətlər ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanılır. Elə Bakıda keçirilən beynəlxalq "Neft-qaz sərgi və konfransı" zamanı dövlət başçısının "Ümid" yatağındakı 10 saylı kəşfiyyat quyusunun qazılmasına başlanması ilə bağlı öz xeyir-duasını verməsi də bunun bariz nümunəsidir. "Ümid" strukturunda yerinə yetirilən bu layihə ölkəmizdə reallaşdırılan qaz proqramının vacib buraxılış obyektlərindəndir. Bu platforma, həm də milli sektorda Azərbaycan neftçilərinin gücü ilə quraşdırılmış ilk unikal tikintidir. Platformadan vaxtından dörd ay əvvəl qazılmış 10 saylı kəşfiyyat quyusunda dünya qazma sahəsində olan son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə olunmuşdur. Cari ilin iyun ayının 8-də perforasiya olunan və mənimsənilən "Ümid" platformasından qazılmış həmin quyunun gündəlik hasilatı 1 milyon 200 min kubmetr qaz və 150 ton kondensat həcmindədir. Bu məlumatlar "Ümid" yatağında zəngin karbohidrogen ehtiyatlarının mövcudluğunu və "Şahdəniz"dən sonra ən böyük qaz ehtiyatına malik olduğunu bir daha əyani şəkildə sübut edir.
Trestin kollektivi axtarış-kəşfiyyat sahəsində də fəaliyyətini getdikcə genişləndirir. Artıq "Qoşadaş" strukturunda "Xəzər" üzən qazma qurğusu vasitəsilə Mezazoy çöküntülərinə layihə dərinliyi 3500 metr olan 1 saylı axtarış quyusunda artıq qazma işlərinə başlanmışdır. Məlumat üçün bildiririk ki, Bakı şəhərindən 50 kilometr məsafədə yerləşən "Qoşadaş" strukturunda 1957-1977-ci illərdə bir sıra seysmik kəşfiyyat işləri aparılmışdır. Bundan əlavə, qazmaçılar hazırda "Ələt-dəniz" sahəsində layihə dərinliyi 4900 metr olan 23 saylı axtarış quyusunda qazma işlərini uğurla davam etdirirlər. Yaxın vaxtlarda isə trest tərəfindən "Bulla-dəniz" sahəsində 29 saylı stasionar özüldən layihə dərinliyi 5800 metr olan 90 saylı kəşfiyyat quyusunda da qazma işlərinə başlanacaq. Hazırda isə özüldə son tamamlama işləri aparılır.
Kompleks Qazma İşləri Tresti tərəfindən ölkəmizin "mavi yanacaq"la təminatının yaxşılaşdırılması və qaz hasilatının artırılması istiqamətində qəbul edilmiş tədbirlər proqramının yerinə yetirilməsi ilə əlaqədar olaraq "Azneft" İB-nin Qaz Anbarlarının İstismarı İdarəsinin Qalmaz sahəsində 3, Qaradağ sahəsində 2 quyu qazılaraq təhvil verilmişdir. Hazırda Qalmaz sahəsində 2 quyuda qazma işləri davam etdirilir. Yaxın vaxtlarda isə Qaradağ sahəsində növbəti quyunun qazıntısına başlanacaq.
Əvvəkli dövrlərdə olduğu kimi, 2012-ci ilin səkkiz ayı ərzində də qazmaçılar mədənçilərə yüksək hasilatlı quyular təhvil vermişlər. Belə ki, "Günəşli" yatağında 6 saylı özüldən qazılmış 49 saylı quyu 240 min kubmetrlik qaz və 33 ton kondensat, 14 saylı özüldən qazılmış 160 saylı quyu 100 ton neft, 14 saylı özüldən qazılmış 301 saylı quyu 80 ton neft, "Neft Daşları" yatağında 1887 saylı özüldən qazılmış 2288 və 2295 saylı quyular müvafiq olaraq 42 ton neft, 23 min kubmetr qaz və 30 ton neft hasilatı ilə istismara daxil edilmişdir.
2012-ci ilin səkkiz ayında Kompleks Qazma İşləri Trestinin tabeliyində fəaliyyət gostərən idarələrin idarəetmə strukturunun və istehsalatda çalışan işçilərin sosial vəziyyətlərinin günün tələbləri səviyyəsində qurulması ilə bağlı da xeyli iş görülmüşdür. Bütövlükdə isə Dövlət Neft Şirkəti rəhbərliyi tərəfindən qazmaçılara göstərilən hərtərəfli qayğı və diqqət bu çətin peşə sahibləri tərəfindən razılıqla qarşılanır, onları ölkəmizin neft sənayesinin gələcək inkişafı naminə yeni-yeni uğurlara sövq edir.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.