"Azneft" İstehsalat Birliyinin qabaqcıl neftçıxarma müəssisələrindən sayılan "28 May" Neft və Qazçıxarma İdarəsində də bayram əhval-ruhiyyəsi olduqca yüksəkdir. Çilov adasında, eləcə də özüllərdə çalışan qəhrəman neftçilər "Neftçilər Günü"nü və "Əsrin müqaviləsi"nin imzalanmasının 18-ci ildönümünü yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə qeyd edirlər.
Belə ki, 2012-ci ilin yanvar-ayqust aylarında idarə üzrə 3 milyon 332 min 100 ton əvəzinə 3 milyon 365 min 43 ton neft hasil edilərək proqnoz tapşırığına 101 faiz əməl olunmuşdur. Bundan əlavə, cari ilin səkkiz ayında dövlətə 3 milyon 354 min 411 tondan artıq "qara qızıl" təhvil verən neftçilər bu sahədə planı 100,9 faiz yerinə yetirmişlər.
Məlum olduğu kimi, idarənin istismar etdiyi "Günəşli" yatağı neftlə yanaşı, qaz ehtiyatları ilə də zəngindir. Təsadüfi deyil ki, "Azneft" İstehsalat Birliyi üzrə çıxarılan ümumi qazın təqribən yarısı bu yatağın payına düşür. Bu ilin səkkiz ayı ərzində "28 May" NQÇİ üzrə 4 milyard 51 milyon 390 min kubmetr "mavi yanacaq" hasil olunmuşdur. Qaz hasilatının orta gündəlik həcmi isə 16 milyon 672 min kubmetr təşkil etmişdir. Hesabat dövründə idarənin kollektivi dövlətə 3 milyard 467 milyon 81,2 min kubmetr "mavi yanacaq" təhvil vermişdir.
Məlumat üçün bildiririk ki, hazıda "28 May" NQÇİ "Günəşli" ilə yanaşı, "Çilov" və "Cənub" yataqlarının işlənməsini həyata keçirir. Hazırda bu yataqlar üzrə istismar fonduna 272 quyu daxildir. Onlardan 252-si işlək quyulardır. Həmin quyuların 168-i qazlift, 84-ü isə fontan üsulu ilə istismar olunur. Onu da deyək ki, cari ilin səkkiz ayında idarə üzrə hasil olunmuş ümumi neftin 2 milyon 461 min 515 tonu qazlift, 903 min 528 tonu isə fontan üsulu ilə çıxarılmışdır. Yeri gəlmişkən, son zamanlar Dövlət Neft Şirkəti tərəfindən neftçıxarmada mütərəqqi texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. "Azneft" İB üzrə çıxarılan ümumi neftin yarısından çoxunu verən "28 May" NQÇİ üzrə yaradılmış müasir qazlift sistemi bu baxımdan diqqəti cəlb edir. Çətin dəniz şəraitində fəaliyyət göstərən neftçilər fəaliyyətsiz fond üzərində də məqsədyönlü işlər aparır, bir çox quyunun yenidən istismara qaytarılmasına nail olurlar. Belə ki, bu ilin yanvar-avqust aylarında fəaliyyətsiz fonddan istismara 3 quyu daxil edilmiş və bunun da hesabına 14 min 832 ton əlavə neft alınmışdır. Bununla yanaşı, hesabat dövründə idarənin istismar fonduna 7 quyu daxil edilmişdir ki, bunlardan da 6-sı qazmadan alınmışdır. Yeni quyulardan isə 95 min 462 ton neft çıxarılmışdır.
Quyularda hasilatın sabit saxlanması məqsədilə geoloji və texniki tədbirlərə diqqət getdikcə artırılır. Cari ilin səkkiz ayında mədənlərdə 21 geoloji tədbir həyata keçirilmiş və bunun da hesabına 66 min 554 ton neft hasil edilmişdir. Bundan əlavə, yanvar-avqust aylarında idarə üzrə texniki tədbirlər sahəsində də yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə nail olunmuşdur. Belə ki, hesabat dövründə nəzərdə tutulmuş 107 əvəzinə 125 texniki tədbir həyata keçirilmiş, bu da 14 min tondan artıq əlavə neft hasilatına imkan yaratmışdır. İdarənin istismar etdiyi yataqlarda quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə əsaslı və yeraltı təmir briqadaları da tapşırılan işlərin öhdəsindən layiqincə gəlməyi bacarmışlar. Məhz onların gücü ilə bu ilin səkkiz ayında mədənlərdə 53 yeraltı və 59 əsaslı təmir işi həyata keçirilmişdir.
Əsas vəsaitlərin dəyərinə və sutkalıq neft hasilatının səviyyəsinə görə "28 May" NQÇİ "Azneft" İB-nin ən böyük neft-qazçıxarma müəssisəsidir. İdarənin dənizdə və quruda nəhəng istehsalat sahələri vardır. Təkcə onu demək kifayətdir ki, idarənin inzibati binasının yerləşdiyi Çilov adasında bir sıra köməkçi sex və sahələr, eləcə də mühüm sosial obyektlər fəaliyyət göstərir. Son illər isə adada yeni inzibati idarə binası, dəniz suyunu şirinləşdirən "Əks-osmos" qurğusu, 4 saylı yataqxana binası, mini stadion, müsir uşaq bağçası, çörəkbişirmə sexi, polikilinika və digər obyektlər tikilib istifadəyə verilmişdir. Bundan əlavə, neft-qaz yataqlarının işlənməsinin səmərəliliyinin artırılması, quyuların tədqiqi, neftin və qazın kimyəvi analizinin aparılması və quyularda gedən digər proseslərin dərindən öyrənilməsi məqsədilə özündə ən müasir avadanlıqlarla təchiz olunmuş 4 laboratoriyanı birləşdirən elmi-tədqiqat və istehsalat sexi yaradılmışdır. Yeri gəlmişkən, yaxın illərə kimi qumsal, bomboz çölləri xatırladan Çilov adası indi büsbütün dəyişmiş, zəngin bitki örtüyü ilə əhatə olunmuş bir əraziyə çevrilmişdir. Son iki-üç ildə Abşeron şəraitinə uyğun 37 mindən artıq meyvə və həmişəyaşıl ağac əkilmişdir. Bu, həm də adanın ekoloji sağlamlığının təminatı deməkdir.
Azərbaycanın ən zəngin yataqlarından sayılan "Günəşli" yatağında cəsur, öz peşəsinə qəlbən bağlı olan dəniz fatehləri çalışırlar. Hazırda "28 May" NQÇİ-yə rəhbərlik edən Rövşən Qarayev də neftçi peşəsinə dərindən bələd olmasına buradan başlayıb. Daha sonra bp şirkətində çalışan ilk yerli kadrlardan biri kimi neftçıxarmanın mütərəqqi üsulları ilə yaxından tanış olub. Məhz peşəkarlığı sayəsində ona yüksək etimad göstərilib, vaxtilə çalışdığı idarəyə rəhbər təyin edilib. R.Qarayev dedi:
Son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin modern bir quruma çevrilməsi, idarəetmədə mütərəqqi üsulların tətbiqi, ölkəmizin neft sənayesinə ən müasir texnologiyaların cəlb edilməsinin müsbət nəticələri getdikcə daha çox hiss olunur. Artıq şirkətin bütün qurumlarında olduğu kimi, bizim idarədə də elektron mübadilə sistemi yaradılmış, informasiya-kommunikasiya texnologiyaları ilə təminat ən yüksək səviyyədə təşkil olunmuşdur. Ölkənin neft-qaz sənayesinin inkişafının təmin olunması ilə yanaşı, hazırda şirkətdə insan amilinə də xüsusi diqqət yetirilir. Elə min nəfərədək insanın daimi yaşadığı Çilov adasında və idarəmizin dənizdəki stasionar özüllərində yaradılmış bütün şərait də məhz neftçilərimizin normal yaşayışının və əmək fəaliyyətinin təmin olunmasına yönəldilmişdir. Bütün bunlar, eləcə də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının hər bir uğuru kollektivimizi yeni-yeni nailiyyətlərə ruhlandırır...
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.