Parisdə Ermənistan səfirliyi qarşısında izdihamlı etiraz mitinqi keçirilmişdir

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə etiraz olaraq sentyabrın 18-də Parisdə Ermənistan səfirliyi qarşısında Azərbaycan və türk icmalarının birgə izdihamlı mitinqi keçirilmişdir. 
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, "Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcəkdir!", "Ermənistan terrorçu dövlətdir!", "Xocalıya ədalət!", "Qarabağ bizimdir, bizim də olacaqdır!", "Şəhidlər ölməz, Vətən bölünməz!" kimi şüarların səsləndiyi mitinqdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ölkəmizin himni səsləndirilmişdir.
Mitinqi açan Fransadakı Azərbaycan icmasının fəal üzvü Mirvari Fətəliyeva-Pur aksiyada Almaniyadan, İsveçrədən, İsveçdən, Hollandiyadan, Belçikadan, İngiltərədən, Lüksemburqdan Azərbaycan və türk icmalarının yüzlərlə üzvünün gəldiyini, Fransadakı azərbaycanlıların və türklərin də onlara qoşulduğunu diqqətə çatdırmış, ermənilər tərəfindən işğal edilmiş torpaqların tezliklə azad olunacağına inandığını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Avropa ölkələrindəki Azərbaycan və türk icmalarının fəallığının getdikcə artdığını, Xocalı soyqırımının unudulmayacağını bəyan etmişdir.
Ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından silah gücünə zorla çıxarıldığını xatırladan Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı beynəlxalq qurumların siyasətini terror üzərində quran, ərazisini başqa bir ölkənin torpaqları hesabına genişləndirməyə can atan Ermənistanı dəstəklədiklərini, Azərbaycanın haqq səsini qulaqardına vurduqlarını bildirmiş, bütün dünya ölkələrinin beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın ASALA terror təşkilatını dəstəkləməsinin yolverilməz olduğunu diqqətə çatdırmış, insan hüquqlarından ağızdolusu danışan bəzi avropalı deputatların minlərlə azərbaycanlını qətlə yetirən erməniləri günahlandırmaq əvəzinə, ölkəsinin bayrağının təhqir edilməsinə dözməyərək erməni zabitini öldürdüyünə görə 8 il həbsdə yatdıqdan sonra Azərbaycana verilən Ramil Səfərovun Prezident tərəfindən əfv olunaraq azadlığa buraxılmasından narahat olmalarından təəssüf hissi keçirdiyini vurğulamışdır. T.Rüstəmxanlı Ermənistan prezidenti Serj Sarkisyanın və həmin ölkənin digər rəhbər işçilərinin əllərinin yüzlərlə azərbaycanlının qanına batdığını, onların indiyədək cəzasız qaldığını bəyan etmiş, belə təhlükəli və işğalçı dövlətə qarşı mübarizə aparmaq üçün Azərbaycan və türk icmalarını daha sıx birləşməyə çağırmışdır.
Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Avropanın bir çox ölkəsindən gələn Azərbaycan icmaları üzvlərinin Parisdə izdihamlı mitinq keçirmələrinin güclü erməni lobbisinə qarşı çıxacaq bir qüvvənin yetişməsindən xəbər verdiyini, konqresin vitse-prezidenti Musa Pünhan, rəyasət heyətinin üzvü Elsevər Məmmədov, Almaniyadakı Azərbaycan icmasının üzvü Ramiz Baxşəliyev, Hollandiya-Azərbaycan-Türkiyə Kültür Dərnəyinin rəhbəri İlhan Aqşin, Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxti çıxışlarında vəhşiləşmiş erməni əsgərlərinin işğal etdikləri ərazilərdə dinc yerli əhaliyə tutduqları divandan, hətta uşaqlara və qadınlara belə aman vermədiklərindən söhbət açmış, alman faşistləri ilə müqayisədə erməni əsgərlərinin daha amansız olduqlarını, vətəndən uzaqda yaşamalarına baxmayaraq, lazım gəldikdə Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanların hərəkətlərini təkrar etməyə hazır olduqlarını, dövlətimizin yürütdüyü daxili və xarici siyasəti tam dəstəklədiklərini, üçrəngli bayrağımızın tezliklə Şuşada dalğalanacağına ümidvar olduqlarını bildirmişlər.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı demokratik bir ölkə kimi tanınan Fransanın dünyaya nəhəng simalar - filosof-maarifçilər, şairlər və yazıçılar, rəssamlar və heykəltəraşlar verdiyini xatırlatmış, Avropa dövlətlərinin Azərbaycana qarşı ikili siyasət yeritdiyini xüsusi vurğulamış, Fransanın 20 ildən artıq ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq, daim Ermənistanı dəstəklədiyini, bu işğalçı dövlətə hərtərəfli yardım göstərdiyini diqqətə çatdırmışdır.
S.Rüstəmxanlı 500-dən çox deputatı olan Avropa Parlamentinin 57 deputatının ermənini qətlə yetirən Ramil Səfərovun əfv olunaraq azadlığa buraxıldığına görə Azərbaycana qarşı qərəzli qərar qəbul etməsini tamamilə ədalətsiz bir hərəkət, bağışlanmaz bir hal olduğunu, bir erməni zabitinə görə səsini qaldıran avropalı deputatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 30 min azərbaycanlının şəhid olmasına, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına, Xocalı soyqırımına göz yummaları yalnız təəssüf hissi doğurur. Erməni yalanları üzərində köklənən qondarma "erməni soyqırımı"nın inkarına görə insanlara cəza verilməsini dəstəkləyən Avropanın Xocalı soyqırımına siyasi qiymət verməkdən boyun qaçırması məgər ədalətsizlikdən xəbər vermirmi?! Bəli, Avropa ölkələrinin əksəriyyəti ermənipərəst siyasət yürüdür. Artıq bu, açıq şəkildə özünü büruzə verir. Belə haqsızlığa, ədalətsizliyə qarşı Azərbaycan və türk icmaları birləşməli və birgə fəaliyyət göstərməlidirlər.
Min nəfərdən artıq azərbaycanlı və türkün iştirak etdiyi etiraz aksiyasının sonunda Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyannamə oxunmuşdur.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında