Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il martın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr edilmiş respublika konfransında verdiyi tapşırığa əsasən iqtisadi rayonlar üzrə zona müşavirələri keçirilir.
Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin və İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə bu mövzuda ilk zona müşavirəsi aprelin 2-də Gəncədə keçirilmişdir.
Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan Gəncə və Naftalan şəhərləri, Göygöl, Samux, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Tovuz, Şəmkir, Qazax, Ağdam, Füzuli, Tərtər, Kəlbəcər və Xocalı rayonlarının icra hakimiyyətlərinin başçıları, onların sosial-iqtisadi məsələlər üzrə müavinləri və həmin bölgələrdə fəaliyyət göstərən sahibkarlar zona müşavirəsində iştirak etmişlər.
Müşavirəni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev açaraq dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin möhkəm təməl üzərində, yəni əvvəlki Dövlət Proqramının müvəffəqiyyətləri əsasında inkişaf etdiyini diqqətə çatdırmışdır. Şöbə müdiri bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair hər iki proqram ölkə həyatının bütün sahələrini əhatə etməklə əhalinin rifahının yüksəlməsinə xidmət edir. Sosial-iqtisadi inkişafın sürətləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqi nəticəsində Azərbaycan bütün sahələr üzrə inkişaf edərək Dövlət Proqramının icrasının birinci ilində də qazandığı uğurlarla dünya ölkələri arasında öz yerini və mövqeyini daha da möhkəmləndirmişdir. Lakin qarşıda görüləsi işlər hələ çoxdur.
Respublikamızda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların tətbiqi, eləcə də bütün sahələrdə müasirləşmənin və inkişafın təmin edilməsi üçün 2009-2013-cü illər üçün qəbul olunmuş Dövlət Proqramında şəhər və rayonlarımızda geniş infrastruktur şəbəkəsinin yaradılması nəzərdə tutulmuşdur. Bu müşavirənin keçirilməsinin əsas məqsədi də bölgələrdə görülən işləri bir daha nəzərdən keçirmək, həlli vacib məsələləri təhlil etməkdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev birinci Dövlət Proqramının əhatə etdiyi dövrdə, ikinci Dövlət Proqramının ilk ilində görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış etmişdir. Məruzəçi demişdir ki, dünya iqtisadiyyatında baş verən böhran keçən il Azərbaycanda o qədər də hiss olunmamışdır. Əksinə, dövlətimizin başçısı İlham Əliyev tərəfindən aparılan düzgün iqtisadi siyasət nəticəsində bütün sahələr üzrə uğurlu göstəricilər əldə edilmişdir. Keçən il ölkəmizdə ümumi daxili məhsul istehsalı 9,3 faiz, adambaşına düşən gəlir isə 7,9 faiz artmışdır. Bunun nəticəsində əhalinin gəlirləri 8 faiz yüksəlmiş, aylıq orta əməkhaqqı 298 manata çatmışdır.
Həyata keçirilən antiböhran tədbirləri nəticəsində qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsiri minimuma endirilmişdir. Ölkədə yaradılmış siyasi sabitlik, qanunvericiliyin təkmilləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlıq təbəqəsinin formalaşması və onun inkişaf etdirilməsi, uğurlu neft strategiyası, əlverişli biznes və investisiya mühitinin yaradılması və digər amillər bu uğurların qazanılmasına şərait yaratmışdır.
Məruzəçi birinci Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərlə bağlı görülən işlər barədə ətraflı söz açmış, dövlətimizin başçısının yerlərdə vəziyyəti öyrənmək məqsədi ilə regionlara 27 dəfə səfər etdiyini, 150-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirakını xatırlatmış, başlanmış işlərin uğurla sona çatdırılmasının ikinci Dövlət Proqramında nəzərə alındığını vurğulamışdır. Nazir bildirmişdir ki, ötən 5 il ərzində ölkədə 766.277 yeni iş yeri açılmışdır ki, bunun da 547.573-ü daimidir. Yaradılmış iş yerlərinin 80 faizi regionların payına düşür. Təkcə 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır. Beş ildə 27.572 yeni müəssisə yaradılmış, regionlarda min kilometrdən çox magistral yol çəkilmiş, 600 kilometr respublika əhəmiyyətli, 2.700 kilometr yerli əhəmiyyətli yollar bərpa olunmuş, 69 yeni körpü salınmış, 34 körpü təmir edilmişdir. Beş il ərzində 9 elektrik stansiyası tikilərək istifadəyə verilmişdir ki, onun da 7-si regionlardadır. Həmin dövrdə 1.566 kilometr yeni qaz xətti çəkilmişdir. 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 62 faiz təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 85 faizə çatmışdır. Əhalinin su təchizatı sahəsində də uğurlu işlər görülmüşdür. Regionlarda 723,5 kilometr yeni su xətti, 209,31 kilometr kanalizasiya xətti çəkilmiş, 23 su anbarı tikilmiş, 214 artezian quyusu qazılmışdır.
Uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin həlli istiqamətində də xeyli iş görülmüşdür. Regionlarda 75 qazanxana tikilib istifadəyə verilmiş, 72 qazanxana əsaslı təmir edilmişdir. Bölgələrdə 632 avtomat telefon stansiyası, 610 yeni poçt binası, 1.600-ə qədər məktəb və məktəbəqədər tərbiyə müəssisəsi tikilmiş və təmir olunmuşdur ki, bunun da 1.304-ü regionların payına düşür. Ayrı-ayrı şəhər və rayonlarda 16 xəstəxana, 42 ambulatoriya-poliklinika müəssisəsi, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi, 19 feldşer-mama məntəqəsi istifadəyə verilmişdir. Bundan başqa, regionlarda 18 müasir olimpiya-idman kompleksi tikilmiş, əlil və şəhid ailələri üçün 33 yaşayış binası, 7 bərpa mərkəzi istifadəyə verilmişdir. Qaçqınların məskunlaşdıqları çadır şəhərcikləri isə birdəfəlik ləğv edilmişdir.
Məruzəçi regionlar üzrə həyata keçirilən iri layihələrdən danışarkən demişdir ki, birinci Dövlət Proqramında bölgələrdə icrası nəzərdə tutulan bir çox layihələr uğurla həyata keçirilmişdir. Gəncədə yeni beynəlxalq hava limanı, Gəncə-Qazax avtomobil yolunun Gəncə-Şəmkir-Qazax hissələri, Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu istismara verilmişdir. Gəncə və Qazaxda müalicə-diaqnostika mərkəzləri, Füzuli rayonunda tibb mərkəzi inşa edilmişdir. Gəncənin sənaye potensialını gücləndirmək məqsədi ilə "OKA" markalı avtomaşınların yığımına başlanılmış, "Jardin Röyal" şokolad fabriki fəaliyyətə başlamış, "Gəncə Sənaye Cihaz" ASC, tikiş fabriki, "Gəncə-Şərab-2" Səhmdar Cəmiyyəti yenidən qurulmuşdur. Ağstafada "Akkord" şirkətlər qrupunun tikiş fabriki istifadəyə verilmişdir. Qazaxda bentonit gili istehsalı müəssisəsi, Şəmkirdə "Ata-Sənaye" MMC-nin quşçuluq fabriki yenidən qurulmuş, Goranboyda yağlı boya zavodu istifadəyə verilmiş, gips zavodu tamamilə yeniləşdirilmişdir.
Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən danışan nazir qeyd etmişdir ki, Gəncə-Qazax iqtisadi rayonu üzrə həyata keçiriləcək iri layihələrin artıq bir neçəsinin icrasına başlanılmış, bəzilərinin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir. Bu il Gəncə-Qazax avtomobil yolunun Tovuz hissəsinin, Qazax-Gürcüstan sərhəd avtomobil yolunun Gəncə hissəsinin, Şəmkir-Gədəbəy avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılacaqdır. Gəncənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Tovuz-Zəyəmçay su kəmərinin inşasının başa çatdırılması üçün hazırlıq görülür. Şəmkir çayı üzərində dəryaçanın və Tovuzçay su anbarının tikintisində işlər daha da sürətləndiriləcəkdir. Əlillərin sosial müdafiəsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir. Yaxın vaxtlarda Tovuzda 36 və 16 mənzilli, Qazaxda, Ağstafada, Gədəbəydə və Daşkəsəndə hər biri 16 mənzilli, Gəncədə isə 36 mənzilli yaşayış binalarında inşaat işləri başa çatdırılacaqdır.
Məruzəçi Gəncə-Qazax iqtisadi rayonunun təhsil, səhiyyə və mədəniyyət sahələrində görüləcək işləri müşavirə iştirakçılarının diqqətinə çatdırdıqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu üzrə həyata keçiriləcək tədbirlər barədə məlumat vermişdir.
Qeyd edilmişdir ki, Yuxarı Mil kanalının tikintisi davam etdiriləcək və Yuxarı Qarabağ kanalının yeni qolunun inşasına başlanacaqdır. Füzuli rayonunda 25 meqavatlıq su elektrik stansiyasının, Tərtər rayonunda Aqrar Elm Mərkəzinin inzibati binasının və avtovağzalın tikilməsi, Ağdam rayonunda isə Dövlət Dram Teatrı binasının təmiri, Ergi massivinin su təminatının yaxşılaşdırılması üçün Ergi-1 və Ergi-2 nasos stansiyalarının bərpası, Quzanlı qəsəbəsində 50 çarpayılıq xəstəxana binasının tikintisi nəzərdə tutulmuşdur.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2009-cu ildə və 2010-cu ilin ötən dövründə ayrılan vəsait hesabına maliyyələşdirilmiş investisiya layihələrindən danışan nazir demişdir ki, həmin müddətdə Gəncə-Qazax iqtisadi rayonu üzrə 430 sahibkarlıq subyektinə 21.283,5 min manat məbləğində güzəştli kredit verilmişdir ki, bunun da sayəsində 1.222 yeni iş yeri açılmışdır. Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 191 sahibkarlıq subyektinə 613 min manat məbləğində güzəştli kredit verilmiş, nəticədə 221 yeni iş yeri yaradılmışdır. Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə bu il Ağstafada "Ağstafa Süd" kompleksinin, "Aqroservis" müəssisəsinin, Şəmkirdə damazlıq və quşçuluq müəssisəsinin, "AZAQRO-II" MMC-nin istixana kombinatının, Samuxda "NAA-Aqrotara" MMC-nin soyuducu anbarlarının avadanlığının yeniləşdirilməsinə, meyvə və tərəvəz emalı sexinin tikintisinə başlanacaqdır. Ötən il regionlarda özəl maliyyə mənbələri hesabına xeyli istehsalat sahələrinin istifadəyə verildiyini bildirən Ş.Mustafayev demişdir ki, Qazax rayonunda qarışıq yem zavodu, Gədəbəydə qızıl-mis emalı zavodu, "Kiçik Qafqaz" ailəvi istirahət mərkəzi, Ağstafada "Riyad" şirkətinin mineral su istehsalı sexi, Goranboy rayonunda "Gilan ənd Knauf Gipso-karton" MMC-nin yeni kalsid zavodu, "Lalə-Tekstil" MMC-nin Goranboy filialı, Naftalan şəhərində "Möcüzəli Naftalan" sağlamlıq mərkəzi, Gəncədə isə "Ramada Plaza" mehmanxanası istifadəyə verilmişdir.
Məruzəçi dövlət investisiyaları və dövlət zəmanəti ilə cəlb edilmiş xarici kreditlər hesabına görülən və görüləcək işlərdən danışarkən qeyd etmişdir ki, bu vəsaitlər bölgələrin infrastrukturunun yeniləşməsinə, xüsusilə magistral yolların salınmasına, şəhər və rayonların su, kanalizasiya sistemlərinin yenidən qurulmasına yönəldilmişdir. Bu sahədə Asiya İnkişaf Bankının, İslam İnkişaf Bankının, Koreyanın Şinhan Bankının, Dünya Bankının, Almaniyanın KFW Bankının vəsaitlərindən daha çox istifadə olunur.
Əhalinin ərzaq təhlükəsizliyi Dövlət Proqramından danışan Şahin Mustafayev bu sahədə də müsbət irəliləyişlərin olduğunu vurğulamış və qarşıdakı illərdə uğurların daha da artırılması üçün həyata keçiriləcək tədbirləri müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Nazir demişdir ki, əhalinin ərzaq təminatının daha da yaxşılaşdırılması və tələbatın yerli istehsal hesabına ödənilməsi üçün dövlətimizin başçısı fermerlərə bir sıra güzəştlərlə bağlı sərəncam imzalamışdır. Məhz bunun nəticəsidir ki, torpaq sahiblərinin əkin-biçinə marağı xeyli artmış, kənd təsərrüfatı məhsulları istehsalında yüksək göstəricilər əldə edilmişdir. Sevindirici haldır ki, Azərbaycanda, xüsusilə regionlarda istehsal olunan məhsulların ixracında irəliləyiş nəzərəçarpacaq dərəcədə artmışdır.
Müşavirədə Tovuz, Qazax, Ağstafa, Göygöl rayon icra hakimiyyətlərinin başçıları Tofiq Zeynalov, Rauf Hüseynov, Elxan Usubov, Arif Seyidov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin giriş və yekun nitqlərində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün görülən işlərdən danışmış, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Gəncədəki "Neon" firmasının rəhbəri Arif Həsənov, Samux rayonundakı "Azrus-dostluq" MMC-nin sədri Qəmbər İsmayılov, Şəmkirdəki "Şərq ulduzu" MMC-nin sədri Əsgər Əlirzayev və Gəncədəki "Elba" MMC-nin sədri Elçin Rüstəmov ölkədə özəl sektorun inkişafına və sağlam biznes mühitinin yaradılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev müşavirəyə yekun vurmuş və dövlətimizin başçısı İlham Əliyevin martın 12-də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqların həyata keçirilməsi üçün qarşıda duran vəzifələri bir daha diqqətə çatdırmışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.