"Azərbaycan Məişət Malları" ASC-nin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi ilə bağlı istintaq davam etdirilir

Xəbər verildiyi kimi, sentyabrın 17-də saat 17 radələrində Sumqayıt şəhərində yerləşən "Azərbaycan Məişət Malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi baş vermişdir.
Yanğının qarşısını almaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 texnikası, həmçinin 2 yanğınsöndürən helikopteri dərhal hadisə yerinə cəlb edilmişdir. Görülmüş tədbirlər nəticəsində səhər saat 4 radələrində yanğın tam söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda bildirilir ki, üzərilərinə texniki və yanğın təhlükəsizliyi, eləcə də əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər tərəfindən bu qaydaların pozulması insan ölümünə və digər ağır nəticələrə səbəb olduğundan fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanmışdır.
Hadisə yerinə Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin ekspertlərinin iştirakı ilə baxış keçirilmiş, oradan qaynaq işlərində istifadə edilmiş qaynaq aparatları, kəsici alətlər və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar götürülmüşdür.
Qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlunun meyitləri müayinə olunmaları üçün məhkəmə-tibb ekspertizasına təqdim olunmuşdur.
Hadisənin qarşısını alarkən yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin 7 əməkdaşı, eləcə də həmin müəssisədə işləyən 3 nəfər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılmışdır. Onlardan 8-i ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, 2 nəfərin isə müalicəsi hazırda davam etdirilir.
İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmiş, o cümlədən məhkəmə-yanğın-texniki, məhkəmə-tibbi və digər ekspertizalar təyin olunmuş, çoxsaylı şahidlər dindirilmişdir.
İlkin istintaqla müəyyən edilmişdir ki, "Azərbaycan Məişət Malları" ASC-yə məxsus dəmir çənlərdə cəmiyyətin 3 əməkdaşı tərəfindən qaynaq işləri aparılarkən partlayış baş vermişdir. Alov daha sonra içərisində əvvəllər kimyəvi maddələr saxlanılmış dəmir çənləri də əhatə edərək ətrafa yayılmışdır.
İşin mürəkkəbliyi nəzərə alınaraq istintaq qrupu yaradılmış və hazırda cinayət işi üzrə Sumqayıt Şəhər Prokurorluğunda istintaq davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında