Yeni mərhələnin başlanğıcı Yeni mərhələnin başlanğıcı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 milyon manatadək artırılmışdır. Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 1 yanvar 2014-cü ildən qüvvəyə minir. Keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının reallaşdırılması üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir.Yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnəcəkdir.
Mərkəzi Bankın yaydığı açıqlamada bildirilir ki, bank sektorunun maliyyə sabitliyi və dayanıqlıq potensialının daha da gücləndirilməsi, korporativ idarəetmə sisteminin inkişafı, əmanətçilər və investorların maraqlarının qorunmasına yönəldilmiş strategiya çərçivəsində qabaqcıl beynəlxalq təcrübə əsasında bankların kapitalına kəmiyyət və keyfiyyət tələblərini davamlı olaraq artırmışdır. Nəticədə bankların kapitalizasiyası yeni keyfiyyət səviyyəsinə yüksəlmişdir ki, bunun da nəticəsində bank sektorunun effektivliyi artmış, maliyyə dayanıqlığı göstəriciləri yaxşılaşmışdır. Formalaşmış əhəmiyyətli kapital bazası bank sektoruna 2008-ci ildə başlanmış qlobal maliyyə böhranını hazırlıqlı və möhkəm sabitlik yastığı ilə qarşılamağa imkan vermişdir.
Mərkəzi Bank əlavə edir ki, hazırda Azərbaycan bank sistemi inkişafının yeni mərhələsinə daxil olur. Bu mərhələdə maliyyə vasitəçiliyinin genişləndirilməsi, qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin yeni keyfiyyətini təmin etmək üçün bankların kapitalizasiyasının davam etdirilməsi zəruridir. Bankların kapital bazasının gücləndirilməsi bankalara olan etimadın daha da artırılması və onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu, iqtisadi subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank xidmətlərinin çeşidinin genişlənməsinə və dəyərinin ucuzlaşmasına dəstək verəcək, maliyyə bazarlarının, xüsusən də banklararası bazarın inkişafına müsbət təsir göstərəcəkdir. Bütün bunlar növbəti dekadada iqtisadiyyatın ikiqat artımı və şaxələndirilməsi hədəflərinə adekvat olaraq bank sisteminin maliyyə dərinliyinin yüksəldilməsinə gətirib çıxaracaqdır.
Bank sektorunun inkişafına qısa baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bank sektorunda aparılan islahatların əhəmiyyətini qiymətləndirərək bildirmişdir ki, dinamik imkişaf yolu keçən ölkəmizdə maliyyə sektoru da tərəqqi Ölkə Prezidenti eyni zamanda qlobal maliyyə böhranın Azərbaycan iqtisadiyyatına və eləcə də maliyyə sferasına təsir etmədiyini bəyan etmişdir.
Beynəlxalq ekspertlərin də sözgedən sektor üzrə qiymətləndirmələri müsbətdir. Azərbaycanın bank sektorunun inkişafı respublikanın iqtisadi inkişaf tempini qabaqlayacaq. Bu barədə müsahibəsində "Moody's Eastern Europe" agentliyinin vitse-prezidenti Yevgeni Tarzimanov bildirib. "2011-ci ilin avqustunda "Moody's" Azərbaycanın bank sektoru üzrə proqnozu "mənfi"dən "sabit"ə dəyişib. Bu, MDB ölkələri arasında regionda proqnozun ilk müsbət dəyişməsi idi. Makroiqtisadi göstəricilər isə müsbət dinamika üzrə davam edir. Əsas müsbət məqam - qeyri-neft sektorunun inkişafına doğru irəliləyişdir və fikrimizcə, bu, bank sektorunun inkişafının və sabitliyinin əsas təkanverici qüvvəsi olacaq". Mərkəzi Bankının 2012-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə hesabatında qeyd edilir ki, "2012-ci ilin pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda maliyyə sabitliyinin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilib. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, ötən il sabitliyə təsir edən amilləri nəzarətdə saxlayaraq adekvat siyasət həyata keçirmişdir. 2011-ci ildə Mərkəzi Bank məzənnə siyasətini valyuta bazarında təklif mənbələrinin genişlənməsi şəraitində həyata keçirmişdir. Məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 4 milyard dollardan çox valyuta sterilizasiyası həyata keçirilmişdir. Nəticədə cari ilin ötən dövründə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,5 faiz möhkəmlənmişdir. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə demək olar ki, neytral qalmış və ölkənin rəqabət qabiliyyətinin qorunmasını təmin etmişdir. Ötən 11 ayda xarici ticarətdə partnyor olan ölkələrdə orta çəkili inflyasiya Azərbaycandakı inflyasiyanı 2,3 faiz bəndi üstələmişdir".
Azərbaycan bank sektorunun inkişaf tarixini təhlil edən zaman qlobal maliyyə böhranı başa çatdıqdan sonra bankların likvidliyinin artması və eləcə də daha yüksək keyfiyyətli xidmət təklif etməsi diqqəti çəkir. Hal hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir ki, bunlardan yalnız birində- Beynəlxalq Bankda dövlətin payı var. Digərləri isə kommersiya banklarıdır və bunların 40-a qədərinin məcmu kapitalı 10 milyon manatdan yuxarıdır.Yalnız iki bank 3.5 və 5 milyon manat məcmu kapitala sahib kriteriyaya aid edilir. Son 5 il ərzində bankların aktivlərində təxminən 3 dəfə artım qeydə alınıb. Belə ki, 2007-ci ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 5,1 milyard manatdan 14,8 milyard manata çatıb. Həmçinin bu artım kredit qoyuluşlarında da özünü göstərib. Kredit qoyuluşlarının həcmi 2007-ci il iyul ayına 3,5 milyard manat idisə, hazırda bu vəsaitlərin həcmi 10,6 milyard manata qədər artıb. Qeyd etmək lazımdır ki, bankların kredit imkanlarının artması sonda tədavülə daha münasib şərtlərlə nəqd pul təklifini sürətləndirir, nəticədə iqtisadi artım stimullaşdırılır. Yuxarıda qeyd etdiyimiz kimi, son illər Azərbaycan bankları üçün vacib məsələlərdən biri etibarın bərpa olunması olub. Bu sahədə irəliləyişlərin olduğu rəqəmlərdən də görünür. Belə ki, 2007-ci ildə əmanətçilərin ümumi əmanətlərinin miqdarı 0,99 milyard manat olduğu halda hazırda analoji göstərici 4,4 milyard manata qədər artmışdır. Bank aktivlərinin 3, kredit qoyuluşlarının 3 dəfə artması ilə müqayisədə əmanətlərin miqdarının 4,4 dəfə artması bu sahədə uğurların olduğuna sübutdur. Təbii ki, ölkədə bank sektorunun inkişaf etməsi bu sahədə gəlirlərin səviyyəsinə də öz təsirini göstərir. Əgər 2007-ci ildə 40 bank ümumilikdə 0,133 milyard manat gəlir əldə etmişdisə, 2011-ci ilin axırı üçün faktiki mənfəətlə işləyən 31 bankın ümumi mənfəəti 1,1 milyard manatdan artıq olub ki, bu da müqayisə dövrü üçün təxminən 9 dəfə artım deməkdir. Maraqlı tendensiya isə odur ki, illər keçdikcə zərərlə işləyən bankların sayında artım olub.Məsələn, 2007-ci ildə 5 bank zərərlə fəaliyyət göstəribsə, 2011-ci ildə zərərlə fəaliyyət göstərən bankların sayı 13-ə çatıb. Həmçinin bu dövr ərzində zərərin məbləği 3,65 milyon manatdan 238,63 milyon manata yüksəlmişdir. Məhz bu amil bank sektorunda rəqabətli şəraitdə kapitalın təmərküzləşməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması və rəqabətqabiliyətinin artırılması məsələlərinə diqqəti artırıb.
Minimum nizamnamə kapitalının artırılması nə vəd edir?
Mərkəzi Bank tərəfindən kommersiya banklarının minimum nizamnamə kapitalına olan tələblərinin artırılmasının ilk növbədə bankların iqtisadiyyatdakı rolunun və payının artmasına, bank əməliyyatlarının keyfiyyətinin və çeşidinin, həmçinin bankların müştəri bazasının və gəlirlərinin artmasına müsbət təsir göstərəcək. Belə ki, xeyli müddətdir ki, Mərkəzi Bank və hətta bir sıra beynəlxalq qurumlar Azərbaycanda bankların birləşməsinin həyata keçirilməsinin zərurətini vurğulayırlar. Bu istiqamətdə təşviqedici fəaliyyətlərə baxmayaraq hələlik ölkəmizdə bankların birləşməsi faktları qeydə alınmayıb. Bu baxımdan son qərar bankların birləşdirilməsi prosesini sürətləndirə və bununla da bankların rəqabət aparma qabiliyyətini yüksəldə bilər. Əslində bu islahatla Azərbaycanda bank sektoru yeni dövrə qədəm qoyduğunu qeyd etmək olar. Bu dövrdə banklar özlərinin kapitalını və ümumiyyətlə güclərini artırmaqla həm də keyfiyyətə daha çox fikir verməli olacaqlar. Belə ki, Qazaxıstanda cəmi 34 bank, Özbəkistanda isə 30-a yaxın bank fəaliyyət göstərir ki, bu da Azərbaycanla müqayisədə azdır. Rəqabətli mühitdə daha böyük banklar daha keyfiyyətli xidmət və eləcə də daha yüksək inam deməkdir. Buna görə də Azərbaycanda bankların birləşməsi istiqamətində islahatların aparılması olduqca əhəmiyyətlidir. Minimum nizamnamə kapitalının artırılması kiçik bankların böyük banklarına və hətta kiçik bankların bir-birləri ilə birləşməsinə səbəb olacaq ki, bu da bank sektorunda yeni mərhələnin əsasını qoyacaq. Bankların birləşdirilməsi təcrübəsindən xarici ölkələrdə də geniş istifadə olunsa da onun forma və metodları fərqlidir. İlk növbədə, inkişaf etmiş ölkələrdə bankların və ya iri korporasiyaların birləşməsini bazar qanunları özü tələb edir. Yəni hər hansı müəssisə öz kapitalını və müştəri bazasını artıra bilmirsə, və ya bazarda daha üstün məhsullar təklif edən rəqibləri ilə mübarizədə uduzursa o zaman həmin müəssisə və ya bank könüllü surətdə birləşməyə gedir. Bu tipli birləşmələr iqtisadi ədəbiyyatda "Mergers and acquisitions" (qısaca M&A) adlanır. Bu tipli birləşmə daha çox şirkətlər və ya banklar arasında bağlanan qarşılıqlı müqavilələr əsasında tənzimlənir və birləşmənin şərtləri də burada öz əksini tapır. Bu baxımdan da Mərkəzi Bankın bir neçə dəfə kommersiya banklarını birləşməyə çağırması, lakin hələlik birləşmə prosesinin getməməsi başadüşüləndir. Mərkəzi Bankın son qərarı bankların sağlamlaşdırılmasına müsbət təsir göstərə bilər. Bu baxımdan dünya təcrübəsində bank aktivlərinin ÜDM-a nisbəti anlayışından geniş istifadə olunur. Yəni bank sektoru iqtisadiyyatda təkcə maliyyə vasitəçiliyi deyil, həm də məcmu tələbi stimullaşdırmağın bir vasitəsi hesab olunur. Belə ki, bank faizlərinin artımı məcmu tələbə təsir etidiyi halda, faizlərin aşağı enməsi isə əksinə bazarda canlanma yaranmasına səbəb olur. Hal-hazırda Azərbaycanda bankların aktivlərinin ÜDM-ə nisbəti cəmi 27 faiz təşkil edir. Növbəti 10 ildə ÜDM-in həcmini 2 dəfə artırmaq hədəfini nəzərə alsaq, deyə bilərik ki, bu işdə əsas ağırlıq həm də bank sektoruna düşəcək. Bu isə indidən bank sektorunun kapitallaşmasını və sağlamlaşmasını tələb edir. Mərkəzi Bankın son qərarı bankların kapital bazasının genişlənməsi həm də, onlara öz filiallarının sayının artırmağa imkan verəcək. Bəzi bankların demək olar ki, yalnız paytaxtda fəaliyyət göstərdiyini nəzərə alsaq o zaman onların müştəri bazası baxımından da korluq çəkdiyini demək olar. Bu tələblər həmçinin, bankların əlavə müştəri bazası əldə etməsi və nəticədə gəlirlərinin artımına şərait yarada bilər. Mərkəzi Bank banklar üçün tələb olunan nizmanamə kapitalının həcmini anidən 5 dəfə artırmaqla (10 milyon manatdan 50 milyon manata) əhalidə bank sektoruna olan inamı daha da artırmağa çalışır. Bu gün Azərbaycanda 43 bank fəaliyyət göstərir ki, onların da əksəriyyətinin nizamnamə kapitalı bu günkü tələblərə (10 milyon manat) cavab verir. Bütün ölkələrdə bank sektoru həssas sektor sayıldığı üçün bu sektora olan inamı qoruyub sağlamaq vacibdir. Təsadüfi deyil ki, xarici ölkələrdə hətta ABŞ kimi güclü bazar iqtisadi sisteminə əsaslanan ölkələrdə belə böhran və ya müflisləşmə səbəbindən bankların maliyyə vəziyyəti pisləşdikdə və ya müflis olduqda vətəndaşların bu sektora inamının azalmaması üçün dövlət tərəfindən bu tipli banklara böyük həcmli kreditlər ayrılır. Yəni hər hansı bir bankın müflis olması ABŞ kimi güclü iqtisadiyyatı olan ölkə üçün fəlakət olmasa da bu həm də inam məsələsi deməkdir. Bu baxımdan əmanətçilərin hüquqlarının qorunması çox önəmlidir. Bu kimi hallarda hətta bəzi banklar bağlanmasına baxmayaraq, əmanətlərin qaytarılması üçün ayrıca ofislər saxlayırlar. Bu baxımdan yanaşdıqda, Azərbaycan bank sektoruna güclü inamı bərpa etmək üçün bu tipli islahatların daha çox birləşmələr və sağlamlaşdırma yolu ilə olması məqsədəuyğundur. Əgər ölkədə bank sektoruna inam tam bərpa olunarsa bu həm də sərbəst vəsaitlərin dövriyyəyə daxil olmasını stimullaşdırmaqla daha sürətli iqtisadi artıma şərait yarada bilər. Minimum nizamnamə kapitalının artırılması, eyni zamanda, bankların ölkəmizə gəlməkdə maraqlı olan xarici banklar ilə rəqabət aparma qabiliyyətinin gücləndirilməsin səbəb ola bilər. Azərbaycan bank sektorunda liberallaşma istiqamətində islahatların davam etdirildiyini nəzərə alsaq yaxın zamanlarda ölkənin maliyyə sektoruna tanınmış xarici bankların daxil olması ehtimalları kifayət qədər yüksəkdir. Bu baxımdan, kapitalın təmərküzləşməsi bankların xarici kapital ilə rəqabət aparma imkanlarını artıracaq. Təbii ki, nizamnamə kapitalının artırılması ilə bağlı diqqəti çəkən məqam kapitalın həcminin 5 dəfə artırılmasıdır ki, bu da kifayət qədər böyük rəqəm hesab edilə bilər. Bu baxımdan, 50 milyon manatlıq nizamnamə kapitalı hədəfinin pilləli həyata keçirilməsi daha məqsədəuyğun olardı. Bütövlükdə, qeyri-neft Ümumi Daxili Məhsulunda aparıcı paya malik olan maliyyə-bank sektorunda yeni islahatlar həyata keçirilməyə başlanılır. Bu tədbirlər, ölkə iqtisadiyyatındakı artım tempi ilə bağlı proqnozlaşdırılan hədəflərə çatmaqda əsas yardımçı ola bilər.

{nl}


Vüqar BAYRAMOV, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında