Azərbaycan parlamentinin nümayəndə heyəti Albaniyada səfərdədir

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Albaniyaya rəsmi səfəri başlamışdır. AzərTAc Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun səfər barədə məlumatını təqdim edir. 
Səfərin ilk günü - sentyabrın 16-da Oqtay Əsədov Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşmüşdür.
Prezident dost Azərbaycan ilə əlaqələrin inkişafına Albaniyada böyük önəm verdiklərini bildirmiş, bu cür səfərləri yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, qarşılıqlı səfərlər əlaqələrimizin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Parlament diplomatiyası xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin genişlənməsində xüsusi rola malikdir və buna öz töhfəsini verə bilər. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyən Albaniya Prezidenti iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Dövlət başçısı bildirmişdir ki, Albaniyada biznes və sərmayə qoyuluşu üçün yaxşı şərait mövcuddur. Bu mühitin qorunması üçün yüksək qanunvericilik bazası yaradılmışdır.
Prezident Buyar Nişani Azərbaycanın iş adamlarını ölkəsinə dəvət etmiş və demişdir ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Albaniya dövlətinin başçısına çatdırmışdır. Qeyd edilmişdir ki, dövlətimizin başçısı Albaniya ilə əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə xüsusi önəm verir. Azərbaycan Albaniya ilə əlaqələrin inkişafında maraqlıdır.
Oqtay Əsədov Buyar Nişanini Albaniya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmiş və bildirmişdir ki, onun prezidentliyi dövründə Albaniya daha böyük uğurlara imza atacaqdır.
Milli Məclisin sədri qeyd etmişdir ki, siyasi münasibətlərimizin yaxşı səviyyədə olmasına rəğmən indiyədək dövlətlərimiz arasında cəmi 4 sənəd imzalanmışdır. Daha üç sənəd Albaniya tərəfində baxılmaqdadır. Düşünürük ki, əməkdaşlığımızın daha da güclənməsi üçün müqavilə-hüquq bazasını inkişaf etdirmək vacibdir.
Görüşdə Azərbaycanın hərtərəfli inkişafı, mühüm beynəlxalq layihələrdəki rolu və digər vacib məqamlar diqqət mərkəzində olmuşdur. Azərbaycanın, eləcə də ümumilikdə regionun inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti bir daha diqqətə çatdırılmışdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Albaniya Prezidenti Buyar Nişani ikitərəfli əlaqələrə böyük önəm verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini və səmimi salamlarını çatdırmağı xahiş etmişdir.
Həmin gün Milli Məclisin sədri Oqtay Əsədovun Albaniya parlamentinin sədri xanım Jozefina Topalli ilə görüşü olmuşdur. Sonra danışıqlar hər iki nümayəndə heyətləri arasında davam etdirilmişdir.
Görüşdə parlamentlərarası münasibətlərin inkişafı, təcrübə mübadiləsi, parlament diplomatiyası, dostluq qruplarının fəallığının artırılması, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Bildirilmişdir ki, ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni, turizm, kənd təsərrüfatı, energetika, elm kimi mühüm sahələrdə əməkdaşlıq etmək üçün daha geniş potensial imkanlar mövcuddur. Bu imkanlardan istifadə edərək əlaqələrimizi hərtərəfli genişləndirə və inkişaf etdirə bilərik. Parlamentlərimiz isə bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə töhfəsini verə bilər.
Milli Məclisin sədri Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə xanım Jozefina Topalliyə təşəkkürünü bildirmişdir. Xanım J.Topalli 2010-cu ildə Azərbaycana rəsmi səfərini xatırlayaraq bu səfərin onda mühüm izlər buraxdığını söyləmişdir. Azərbaycanda gedən inkişafı və aparılan islahatları yüksək qiymətləndirən xanım J.Topalli belə qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda daha fəal və birgə fəaliyyəti, dostluq qruplarının işi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin sədri Oqtay Əsədov Albaniya parlamentinin qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Hər iki ölkənin parlament sədrləri görüşün nəticələri ilə bağlı jurnalistlər qarşısında fikirlərini açıqlamışlar.
Görüşlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak etmişlər.

{nl}


Akif TƏVƏKKÜLOĞLU Milli Məclisin mətbuat katibi
Tirana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında