Gözəl idman mübarizəsi, yenilməz qələbə əzmi həmişə tamaşaçıda rəğbət hissi oyadır. Mariya Stadnik də güləşəndə heç kim, hətta bitərəf idman həvəskarları da onun yüksək ustalığına, xalça üzərində ani halda məharətlə yerinə yetirdiyi və çox vaxt rəqibləri çıxılmaz vəziyyətə salan mürəkkəb fəndlərə biganə qalmır, layiq olduğu qələbəyə alqışlarını əsirgəmirlər. Ona görə də əgər desək ki, Azərbaycanda qadın güləşinin lideri bütün idman ictimaiyyətimizin sevimlisinə çevrilmişdir, yəqin ki, bu fikrə etiraz edən tapılmaz.
O, mahir usta olduğunu Ukraynadan respublikamıza gəlib Azərbaycan yığma komandasının üzvü olduğu elə ilk günlərdən sübuta yetirmişdir. Hərçənd Mariya Bakıda məşqlərə başlamazdan əvvəl də artıq güləşin incəliklərinə dərindən bələd idi, ölkəsində də kifayət qədər nüfuz qazanmışdı, amma Ukrayna millisində öz çəkisində birinci nömrə olmaqda kəskin rəqabətlə üzləşirdi. Azərbaycanda isə tezliklə ustalığını daha da cilalayıb, yığma komandamızın şərəfini böyük müvəffəqiyyətlə qorumağa başladı, onun liderinə çevrildi, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında, "Qran-Pri"lərdə və digər mötəbər beynəlxalq yarışlarda 48 kq çəki dərəcəsində qazandığı qələbə və medallarla ona inananların ümidlərini tam doğrultdu.
Diqqəti belə bir fakta yönəltmək istəyirəm. Azərbaycan idmançılarının 1996-cı ildən bəri müstəqil komanda şəklində çıxış etdikləri beş Olimpiya oyunlarında təmsilçilərimizdən beşi hərəyə iki dəfə fəxri kürsüyə yüksəlmişdir. Onlardan biri də Pekin - 2008-in bürünc və London - 2012-nin gümüş mükafatçısı Stadnikdir. Mariya bu siyahıda digər olimpiyaçı qəhrəmanlarımız sərbəst üsulla güləşən Namiq Abdullayev (Atlanta - 1996, gümüş, Sidney - 2000, qızıl), stend atıcısı Zemfira Meftahəddinova (Sidneydə qızıl, Afina - 2004-də bürünc), yunan-Roma güləşçisi Rövşən Bayramov (Pekin və Londonda iki gümüş medal) və sərbəst üsulla güləşən Xetaq Qazyumovla (Pekin və Afinada iki bürünc mükafat) yanaşı addımlayır. Stadnikin siyahıda Meftahəddinovadan sonra ikinci qadın idmançı olduğunu da qeyd edək.
Ömrünün 25-ci ilini yaşayan Mariya Stadnikin (o, 1988-ci il iyunun 6-da anadan olmuşdur) ilk böyük nailiyyətləri 2008-ci ilə təsadüf etmişdir. Həmin il milli komandamızın güləşçisi Avropa çempionatında çıxışlarını fəxri kürsünün zirvəsində başa vurmuş, tamaşaçıların alqışları altında ona qızıl medal təqdim olunmuşdur.
Öz çəkisində qitəmizin bir nömrəli güləşçisi adını daşımağa başladıqdan bir qədər sonra isə medal arxasınca Pekinə yola düşdü. Bu dəfə daha kəskin rəqabətdən çıxmalı idi. Çin Xalq Respublikasının paytaxtında onu Olimpiya xalçası üzərində görüşlər gözləyirdi. Mariya çətin sınaqda özünü də, pərəstişkarlarını da bürünc medalla sevindirdi və XXIX Olimpiadadan Azərbaycana mükafatla qayıdan yeddi təmsilçimizdən biri oldu. Əgər yadınızdadırsa, həmin Olimpiya oyunlarında onunla yanaşı, cüdoçu çempion Elnur Məmmədli, gümüş "klassiklər" Rövşən Bayramov və Vitali Rəhimov, Mariya kimi, daha üç bürünc mükafatçımız boksçu Şahin İmranov, sərbəst üsulla güləşən Xetaq Qazyumov və cüdoçu Mövlud Mirəliyev də fəxri kürsüyə qalxmışdılar.
Beləliklə də, 2008-ci il iyirmi yaşlı güləşçinin həyatında ən uğurlu, ən yaddaqalan il oldu. Avropa çempionatının qızıl və Olimpiya oyunlarının bürünc mükafatları ona gələcəkdə yeni qələbələrin sevincini vəd edirdi.
Belə də oldu. Artıq növbəti ildə Azərbaycan idmançısı daha da məşhurlaşdı, dünya çempionatında birinci yeri tutdu və qaliblərin mükafatlandırılması mərasimində heç vaxt üzündən təbəssüm əskik olmayan güləşçimizi fəxri kürsünün zirvəsində gördük, onun əsl idman fədakarlığı ilə fəxr etdik. İndi Azərbaycanın qadın güləşində də dünya çempionu var idi. Deməli, olduqca yaddaqalan, tarixi bir qələbə qazanılmışdı.
Bəs bu tarix necə yazıldı? Ölkəmiz üçün əlamətdar hadisə 2009-cu il sentyabrın 23-də Danimarkanın Herninq şəhərində baş verdi. Orada keçirilən dünya çempionatının elə birinci günü Mariya Stadnik çıxışlarını fəxri kürsünün ən yüksək pilləsində başa vurdu və onun bu tarixi qələbəsi şərəfinə idman sarayında Azərbaycanın dövlət himni səsləndirildi, milli bayrağımız ən yüksəyə ucaldıldı.
Çempionluğa aparan yolda isə Mariya qızıl medala məhz onun daha çox layiq olduğunu sübuta yetirmək üçün bir-birinin ardınca beş rəqibini "aradan götürməli" idi. Güləşçimiz bu çətin vəzifənin öhdəsindən məharətlə gəldi. Belarus, İspaniya, Ukrayna və Böyük Britaniya təmsilçiləri üzərində inamlı qələbələrdən sonra təmsilçimizi öz çəkisində planetin ən güclü güləşçisi adından cəmi bir addım ayırırdı. Bu addımı o, finalda rusiyalı Larisa Orjak ilə görüşdə atmalı idi. Azərbaycan idmançısı yenə də rəqibinə heç bir ümid yeri qoymayıb (3:0, 2:0) öz mükafatlar kolleksiyasını dünya çempionatının qızıl medalı ilə zənginləşdirdi. Bu qələbə ölkəmizə ikiqat sevinc gətirdi. İndi Azərbaycanın qadın güləşində də dünya çempionu var idi.
Bununla da Avropa çempionu Olimpiya oyunlarının mükafatçısı Mariya Stadnik çempionatda bütün rəqiblərindən güclü olmağı bacardı. Ən başlıcası isə bizim qəhrəman xalça üzərində yüksəliş illərini yaşayırdı.
Təəccüblü deyil ki, sonrakı illərdə də "Qran-Pri" turnirində, Türkiyədə Yaşar Doğunun xatirəsinə həsr edilən beynəlxalq yarışda və daha bir neçə turnirdə ustalığına və qələbə əzminə görə qızıl medallarla mükafatlandırıldı.
Mariya Stadnikin idman həyatında 2011-ci ilin elə indiki kimi sentyabr ayında İstanbulda keçirilən dünya çempionatı da xüsusi yer tutur. Payızın birinci ayının on dördüncü günü o, Argentina, Qazaxıstan, Venesuela, ABŞ və Kolumbiya idmançılarına qalib gəlib finala çıxdı. Bu dəfə həlledici görüşdə yaponiyalı rəqibinə uduzsa da, güləşçimiz ikinci yeri tutmaqla XXX Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempiontda London - 2012-yə "bilet" sifariş etmişdi.
İngiltərə paytaxtına isə böyük arzularla, ali məqsədlər uğrunda mübarizə aparmaq əzmi ilə yola düşmüşdü. İstəyirdi ki, Pekin - 2008-in "bürüncünü" Olimpiada - 2012-nin daha yüksək keyfiyyətli medalına dəyişsin, hətta Azərbaycana çempion kimi qayıtsın. Londonda startlar ərəfəsində elə idman ictimaiyyətimizdə də belə bir ümumi rəy formalaşmışdı ki, Stadnik qızıl medala real namizəddir.
Ümidlərimizin və proqnozların tam doğrulması üçün təkcə bir qələbə çatışmadı. Püşkə əsasən, Olimpiya fəxri kürsüsünə aparan yolda çıxışlarına səkkizdəbir finaldan başlayıb burada ABŞ təmsilçisi Klarissa Çuna, dörddəbir finalda polşalı İvana Matkovskaya qalib gələn Azərbaycan güləşçisi çox prinsipial yarımfinal görüşündə ukraynalı İrina Merleni üzərində də qələbə qazanıb finala çıxdı. "Qızılın" bir addımlığında yaponiyalı Xitomi Obara ilə görüşdə "büdrəyib" gümüşlə kifayətlənsə də, o, məqsədə çatmışdı, ardıcıl iki Olimpiadadan medalla qayıdacaqdı, üstəlik də, bu dəfə daha qiymətli mükafatla.
Finaldan dərhal sonra isə rəqibi Obara onu tədrik edən yapon jurnalistlərə deyəcəkdi: "Gözəl qələbə qazandım. Mən günü Olimpiadanın medalı ilə başa vurmaq əzmində idim. Bu medalın qızıl olmasını daha çox istəyirdim. Bunu bacardım. Finaldakı rəqib - Azərbaycandan olan qız layiqli raqibdir. O, çox gözəl güləş göstərdi. Belə görüşlərdə qalib gəlmək çox fərəhlidir".
Azərbaycanın qadınlardan ibarət milli güləş komandasının lideri Mariya Stadnik respublikamızda ona göstərilən böyük qayğıya cavab olaraq beynəlxalq meydanda inamlı çıxışları və diqqətəlayiq qələbələri ilə həm özünə böyük nüfuz qazanır, həm də təmsil etdiyi ölkənin etimadını tam doğruldur, idman həvəskarlarımızın məhəbbətini qazanır və yeri gələndə onun məşqləri üçün yaradılan gözəl şəraitə görə idman təşkilatlarımıza minnətdarlığını bildirməyi də unutmur.
Londonda özünün gümüş müvəffəqiyyətindən sonra Ukrayna mətbuatına verdiyi və bizim azerisport.com-un da yaydığı qısa bir müsahibədən aşağıda diqqətinizə çatdırdığımız sətirlər bu baxımdan maraq doğurmaya bilməz:
- Olimpiadada birinci yeri tutsaydınız, Azərbaycan bayrağını götürüb xalça ətrafında dövrə vuracaqdınız?
- Əlbəttə, mən şərəfini qoruduğum ölkənin bayrağı ilə dövrə vurardım. Azərbaycanlılar lazımi anda mənə kömək əli uzatdılar. Həmin vaxt ukraynalılar mənim xidmətimdə maraqlı deyildilər. Ancaq mən idmanla vidalaşa bilməzdim. Güləşi çox sevirəm. Bəli, mən Ukraynada böyümüşəm, bu ölkədə indinin özündə də il ərzində az məşq etmirəm. Amma hər halda, vaxtımın çox hissəsini Azərbaycan yığmasının heyətində keçirirəm. Azərbaycanlılar məni çətin vaxtda qəbul etdilər və buna görə onlara minnətdaram. Əgər növbəti Olimpiadada qalib gəlməyi bacarsam, böyük sevinclə Azərbaycan bayrağını qaldıracağam.
Fikir verdinizsə, iki Olimpiadanın mükafatçısı özünün üçüncu Olimpiya oyunlarında finalda da qalib gəlib çempion olmaq arzusu ilə yaşayır. Bütün arzularına çatasan, Mariya Stadnik!
Bugünkü qəhrəmanımız haqqında ona və göstərdiyi güləşə məhəbbətlə qələmə aldığımız bu qeydləri yekunlaşdırarkən onu da xatırlatmaq yerinə düşər ki, XXX London Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Stadnik Mariya Vasilyevna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuşdur.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.