Masallıda Beynəlxalq Folklor Festivalı

Məlum olduğu kimi, Masallı şəhəri 2012-ci ildə Azərbaycanın "Folklor paytaxtı" elan edilmişdir. Bununla əlaqədar ilin əvvəlində hazırlanmış tədbirlər planına əsasən, rayonun ayrı-ayrı ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxış və elmi konfranslar keçirilmişdir. Sentyabrın 7-də isə Masallıda il çərçivəsində ən böyük tədbir- Beynəlxalq Folklor Festivalı başlanmışdır. Üç gün davam edən bayrama qatılmaq üçün Türkiyə, Rusiya, İran və Latviya ölkələrindən, habelə Azərbaycanın müxtəlif guşələrindən folklor qrupları bölgəyə gəlmişdilər.
Tədbir iştirakçıları və nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər.
Sonra Heydər Əliyev parkının qarşısında təşkil olunmuş açılış mərasimində qruplar öz ölkələrinin bayraqları ilə rəsmi parad keçirmişlər. Festival iştirakçıları ulu öndərin adını daşıyan prospekt boyunca irəliləyərək Nizami Gəncəvi adına parka gəlmişlər. Qonaqlar parkda təşkil olunmuş sərgiyə baxmış, Azərbaycan milli mətbəxinin ləziz təamlarını dadmışlar. Axşam festivalın möhtəşəm açılış konserti olmuşdur.
Ertəsi gün festival iştirakçıları Masallının Boradigah qəsəbəsində və Şərəfə kəndində maraqlı konsert proqramları ilə çıxış etmişlər. Təşkilatçılar həmçinin onları rayonun görməli yerləri ilə tanış etmiş, el sənətkarlarının əl işlərini göstərmiş, özəl suvenirlərlə sevindirmişlər.
Festivala sentyabrın 9-da Masallı Olimpiya İdman Kompleksində yekun vurulmuşdur. Azərbaycan Respublikasının dövlət himni səslənmişdir. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bədii kollektivlərə xalqımızın qədim tarixi və mədəniyyətini əks etdirən hədiyyələr təqdim etmişdir.
Yekun konsertində Türkiyə, İran, Latviya, Dağıstan, Kabarda-Balkarın folklor qrupları, eləcə də Naxçıvanın "Şərur" folklor ansamblı, Masallının "Nağaraçılar" qrupu, "Halay" rəqs kollektivi və onun veteranlar qrupunun rəhbərləri çıxış edərək təəssüratlarını bölüşmüş və festivalın təşkilatçılarına dərin minnətdarlıqlarını bildirmişlər. Natiqlər festival günlərini heç zaman unutmayacaqlarını söyləmişlər. Belə bir fikir xüsusi vurğulanmışdır ki, Masallı istənilən beynəlxalq mədəni tədbirə uğurla sahiblik edə bilər.
Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsində Latviyanı "Beautiful sonq" ("Gözəl mahnı") ilə uğurla təmsil edən, həmçinin mətbuat konfransında "Sarı gəlin" Azərbaycan xalq mahnısını məharətlə oxuyaraq ürəklərə yol tapan Anmarinin Masallıda "Gəl, səhərim"i də ustalıqla təqdim etməsi tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Sonra mərasim konsert proqramına daxil olan əlvan folklor nömrələri ilə davam etmişdir. Kollektivlər bacarıq və istedadlarını bir daha göz önündə sərgiləmişlər. Mədəniyyət və incəsənətin xalqları asanlıqla yaxınlaşdırması, möhkəm tellərlə birləşdirməsi festivalda bir daha özünün parlaq təcəssümünü tapmışdır.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında