Xorvatiyada tikilən "Bərdə" gəmi-bərəsi Azərbaycan dənizçilərinə təhvil verilmişdir

Sentyabrın 14-də Xorvatiyanın Pula şəhərindəki "Ulyanik" tərsanəsində Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sifarişi ilə tikilən "Bərdə" gəmi-bərəsinin təhvil-təslim sənədlərinin imzalanması və gəmidə Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, təntənəli mərasimdə Azərbaycan tərəfdən sənədləri Gəmiçiliyin baş mühəndisi Şahid Orucov, Xorvatiya tərəfdən isə "Ulyanik" tərsanəsinin kommersiya departamentinin rəhbəri Sercio Paykoviç imzalamışlar. Sənədlərə əsasən, artıq sentyabrın 14-dən "Bərdə" gəmisi Azərbaycanın mülkiyyətindədir.
İmzalanma mərasimindən sonra Gəmiçiliyin və tərsanənin nümayəndələri yeni bərədə respublikamızın üçrəngli bayrağının qaldırılması mərasimində iştirak etmişlər. Gəminin kapitanı Əmrah Abbasov dövlət himnimizin sədaları altında bayrağımızı dalğalandırmışdır.
Mərasimdəki çıxışlarda Avropada hökm sürən iqtisadi böhran şəraitində məhz Pulada gəmi tikintisini sifariş verdiyi üçün Azərbaycan dövlətinə minnətdarlıq bildirilmiş, bu sifarişin iş yerlərinin qorunub saxlanması, inşaat prosesində yeni texnologiyaların tətbiqi baxımından tərsanəçilər üçün əvəzsiz olduğu vurğulanmışdır.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun Xorvatiya tərsanəçilərinə təbrikini çatdıran Şahid Orucov ötən ilin noyabrında təməli qoyulmuş gəminin bir ildən də az müddətdə təhvil verilməsini böyük nailiyyət kimi qiymətləndirmişdir. O, Gəmiçiliyin nəqliyyat donanmasının mütəmadi olaraq təzə gəmilərlə zənginləşməsini Azərbaycan Prezidenti İlham Əliyevin dəniz nəqliyyatına xüsusi diqqəti kimi dəyərləndirərək, bu qayğıya görə bütün dənizçilər adından minnətdarlığını bildirmişdir. Ş.Orucov demişdir ki, Azərbaycan dənizçiləri ilə Xorvatiya tərsanəçilərinin əməkdaşlığı, demək olar ki, otuz illik tarixə malikdir. 1984-86-cı illərdə "Ulyanik"də 8 gəmi-bərə inşa edilərək Xəzər dənizçilərinə təhvil verilmişdir. O vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə bu bərələrin hamısı Bakıya gətirilmişdir. Həmin gəmilər bu gün də Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində uğurla istismar edilir, Azərbaycandan Qazaxıstana və Türkmənistana, habelə əks istiqamətdə müxtəlif yüklər daşıyırlar. Bu gün Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı daim dəniz nəqliyyatının problemləri ilə maraqlanır, donanmanın təzələnməsində dənizçilərə əməli kömək göstərir. Məhz onun xeyir-duası ilə son dörd ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanması üçün Xorvatiyada inşa olunmuş daha 4 gəmi-bərə alınmışdır. Ümidvaram ki, "Akademik Zərifə Əliyeva", "Qarabağ", "Ağdam", "Şahdağ" bərələri kimi yeni tikilən "Bərdə" və "Balakən" gəmiləri də respublikamız üçün əhəmiyyətli yüklərin daşınmasında, ölkəmizin tranzit potensialının güclənməsində öz sözlərini deyəcəklər.
"Bərdə" gəmisi yaxın günlərdə Pulanı tərk edərək Bakıya doğru istiqamət götürəcək, bütün Avropanı dövrə vuraraq, Sankt-Peterburqdan keçməklə Rusiyanın daxili suları ilə Xəzər dənizinə çıxacaqdır. "Bərdə" gəmisinin oktyabrın ortalarında Bakıya çatması planlaşdırılır. "Balakən" bərəsi isə sentyabrın sonlarında sifarişçiyə təhvil veriləcəkdir. Uzunluğu 154,8 metr, eni 17,5 metr, dedveyti 5000 ton olan bərələr əvvəlkilərdən fərqli olaraq 54 dəmir yol vaqonu götürəcək, Böyük İpək yolunda yüklərin nəqlində böyük rol oynayacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında