Azərbaycan müxalifəti ağa qara deməklə iflasa doğru gedir

Deyəsən, müxalifətin düzəlməsi heç zaman mümkün olmayacaq. Çünki istənilən məsələdə səhv tutmaq (onlar daha ağ rəngdə heç nə görə bilmirlər), istənilən addımı siyasiləşdirmək (beynəlxalq mahnı müsabiqəsini, dünya miqyaslı idman yarışlarını, təhsil, səhiyyə,mədəniyyət sahəsindəki bütün tədbirləri), öz aralarındakı didişməni ümumxalq problemi kimi təqdim etmək heç bir sağlam təfəkkür sahibinin əməli deyil.
Əslində bu gün həm düşərgənin özündəki qələm sahibləri, həm də ümumiyyətlə, ölkədə hamı indiki Azərbaycan müxalifətinin ərzi-halını olduğu kimi ifadə etməkdə çox çətinlik çəkir. Çünki bu adamların məramındakı qaragüruhçuluq, mənəm- mənəmlik, birinci olmaq istəyi, xalqa dönüklük kimi hisslər ağır, sağalmayan xəstəliyə çevrilib. Bütün bunlar az imiş kimi indi bir-birini nəinki siyasi səhnədən silmək, hətta fiziki cəhətdən yox etmək üçün dəridən-qabıqdan çıxırlar . Əvvəllər bu istəklərini bir az gizli saxlamağa çalışırdılar. İndi isə artıq heç nəyi gizlətməyə cəhd eləmirlər. Görünür, bir cəbhəçinin dediyi kimi " açarı itiriblər".
Yeri gəlmişkən, AXCP üzvü Mübariz Nurullayevin " Müsavat açarını itirib" ifadəsinə (İsa Qəmbərin özünü tələm-tələsik prezidentliyə namizəd elan etməsinə etiraz idi-red.)cavab verən müsavatçı qələm sahibi qəribə bir ifadə işlədib: "Ola bilər ki, biz açarı itirək. Bu , o deməkdir ki, bizim açarımız var. Ancaq AXCP-nin açarı heç zaman olmayıb.Daha doğrusu onların açarı həmişə özgənin əlində olub və daim özgənin çaldığına oynayıblar." Həm cəbhəçilər, həm də müsavatçılar yaxşı bilirlər ki, mən onların heç birinin tərəfini saxlamaram. Amma bu məqamda müsavatçılar inciməsinlər, mən həmin açar məsələsinə bir az aydınlıq gətirmək üçün hələ ilin əvvəlində, dəqiq desək, fevral ayında Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadədən eşitdiyim bir fikiri olduğu kimi xatırlatmaq istəyirəm: "İsa Qəmbərin hərəkat dövründən üzü bəri ən böyük nailiyyəti Levon Ter- Petrosyanın partiyası ilə əməkdaşlıq haqqında saziş imzalamasıdır." İndi cəbhəçilər müsavatçılardan soruşa bilərlər ki, özgənin əlində olan kimin açarıdır, AXCP-nin, yoxsa Müsavatın? Həmin sual bizim yanımızda səslənərsə, mən dərhal deyərdim ki, hər ikisinin. Çünki hər ikisi mövcud olduqları bütün dövrdə Azərbaycanın və Azərbaycan xalqının mənafelərinə zidd gediblər.
Doğrudur, müsavatçılar başqa bir arqument irəli sürə bilərlər ki, biz heç zaman öz başqanımızı qəsdən zəhərləməmişik. Amma cəbhəçilər onun da cavabını çox asanlıqla verə bilərlər. Çünki son 8-10 ildə Müsavat Divanında baş verən sarsıdıcı didişmələri və öldürücü qruplaşmaları Allah heç düşmənə də göstərməsin. Son on ildə "İsa Qəmbər Müsavatda diktatorluq edir" ifadəsıni müxalifət mətbuatında bəlkə də yüz dəfələrlə oxumuşuq. Bütün bunları kim ictimailəşdirir? Əlbəttə, başqanın rəhbərlikdən getməsini istəyən divan üzvləri. Məgər başqanın öz "siyasi həmfikirlərindən" gördüyü bu hücumlar kiminsə öz partiya sədrini qəsdən zəhərləndirməsindən yüngüldür?
Yeri gəlmişkən, 1993-cü ilin yayına qədər ölkə rəhbərliyində olan iqtidar həm də milli tariximizin qara səhifələrindən olan dövlət başçısının öz vəzifə kürsüsünü qoyub qaçması ilə yaddaşlara həkk olunmuşdur. tendensiyasını yaratmışdılar. Taleyin ironiyasıdır ki, həmin düşərgənin təmsilçiləri indi də orta əsrlər Şərqinə xas olan bir bəd əməllə - öz rəhbərini zəhərləyərək fiziki cəhətdən yox etməklə tarixə düşmək şansı qazanıblar. Doğrudur, prokurorluq orqanlarının və müvafiq ekspertizanın apardığı təhqiqatın nəticəsi ictimaiyyətə elan olunmayınca biz bu məsələ ilə bağlı hələ gözləmə mövqeyində dayanırıq. Amma, bu iddianın bilavasitə zəhərlənmiş şəxsin özü və bu ittihamda şübhəli bilinən Əli Kərimlinin daimi ünsiyyətdə olduğu adamlar tərəfindən irəli sürülməsi məsələnin kifayət qədər ciddi olduğuna dəlalət edir. Burada başqa bir məqam da var. Belə ki, məsələ gündəliyə gələrkən, həmin iddianı bir nəfər irəli sürürdü. Hərçənd vaxtilə nazir postunda - özü də bilavasitə Əbülfəz Elçibəyin və Əli Kərimlinin hakimiyyətdə olduğu illərdə - çalışmış bir insanın bu iddia ilə çıxış etməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük əks-səda yaratmışdı. Çünki zəhərlənməsi iddia edilən siyasətçi də, zəhərləmədə günahkar olduğu iddia olunan şəxs də, bu iddianı irəli sürən adam da cəmiyyət tərəfindən kifayət qədər tanınan insanlardır. Ona görə də bu məsələ elə-belə, başdansovdu müzakirə edilə bilməz. Amma bununla yanaşı, sonradan eyni iddia ilə həm Əbülfəz Elçibəyə , həm də Əli Kərimliyə daha yaxın olan bir insanın - Elman Türkoğlunun da çıxış etməsi cəmiyyətdə belə bir arqumentlə danışmaq imkanı yaratdı ki, Hafiz Hacıyev öz iddiasında haqlıdır.
Hafiz Hacıyevin bu iddiasının ortaya çıxmasından sonra bəzi ekspertlər belə düşünürdülər ki, bundan sonra təkcə Əli Kərimlinin özünə və partiyasına inananlar, onun arxasınca gedən azsaylı insanlar da onlardan üz döndərəcək. Həqiqətən də ölkə əhalisində bütövlükdə müxalifət düşərgəsinə qarşı bir inamsızlıq, bir çox hallarda ikrah hissləri yarandı. İnsanlar bir-birinə sual verirlər, necə ola bilər ki, öz siyasi həmfikirini, öz cəbhə yoldaşını öldürməyə əli gələn insan mənim, sənin taleyinə acısın? Bu, ola bilməz. Əli Kərimli kimi insanın rəhbərlik etdiyi siyasi təşkilata inanmaq, onun arxasınca getmək ən azı avamlıq, düşüncəsizlik kimi qəbul edilir.
Yazının əvvəlində müxalifətin ölkədə baş verən ağlı -qaralı bütün məsələlərə siyasi don geyindirmək cəhdlərini yada salmışdıq. Düşərgə mənsubları son günlər Bakıətrafı yolların birində baş vermiş və insan ölümüylə nəticələnmiş ağır yol qəzasının günahkarının məsuliyyətə cəlb olunmasını da sırf siyası hadisə kimi təqdim etməyə çalışırlar. Bu hadisə ilə bağlı mülahizələri qələmə almazdan öncə xatırladım ki, avqustun 25-də işdən evə (Müşfiqabad qəsəbəsinə) gedərkən yolda qonşulardan və sürücülərdən eşitdim ki, bizim yolda bir qızın idarə etdiyi minik maşını ilə "Kamaz" markalı yük maşını toqquşub və qızın idarə etdiyi maşında olan bir kişi hadisə yerində ölüb. Bunu o adamlar danışırdılar ki, qəzaya düşənlərin şəxsiyyəti haqqında hələ heç nə bilmirdilər. Sonra məlum oldu ki, qəzanı törədən də, hadisə yerində ölən də Müsavat funksionerləridir. Daha sonra qəzadan sağ çıxmış adamı-Nigar Yaqublunu müdafiə etmək üçün yalan uydurdular ki, guya sükan arxasında bilavasitə ölən adamın özü olub. Ekspertizanın gəldiyi nəticələr və şahidlərin söylədiyi fikirlər bu yalanı tamamilə gündəlikdən çıxarandan sonra isə Müsavatın növbəti iddiası ortaya gəldi: Nə üçün Ayaz Mütəllibovun nəvəsi qəza törədib insan ölümünə səbəb olanda onu həbs eləmədilər, indi müsavatçını həbs edirlər?
Çox yersiz, məzmunsuz və qeyri -etik sualdır. Əvvəla, A.Mütəllibovun nəvəsi qəza törədərkən zərərdidə olmuş adamlar yolun piyadaların keçməsi üçün qadağan olunmuş hissəsindən keçərkən bədbəxtliklə üzləşmişdilər. Rusiya, Fransa və Almaniyada bu məsələ çox ciddi şəkildə nəzərə alınır. Azərbaycanda da istintaq zamanı həmin arqumentlərə diqqət yetirilir. Nigar Yaqublu isə paytaxt ətrafinın ən qələbəlik yolunda, hərəkətin pik vaxtında " maşın sürməyi öyrənmək üçün" sükanı sürücüdən alıbmış, üstəlik də N.Yaqublunun sürücülük vəsiqəsi yoxdur. Bütün bunlarla yanaşı Nigar Yaqublu dəfələrlə çağırıldığına baxmayaraq, müxtəlif bəhanələrlə, üzürsüz olaraq istintaqdan yayınıb. Məgər müsavatçı olmaq kimisə törətdiyi cinayət əməlinin cəzasından azad edir? Əsla yox! Qanun qarşısında hamı eyni səviyyədə cavabdehdir. Ona görə də keçmişdə olduğu kimi yenə də istənilən məsələni siyasiləşdirmək heç kəsə üzağlığı gətirməyəcək.
Müxalifətin adi bir yol-nəqliyyat hadisəsinə qiymət verilərkən nümayiş etdirdiyi saxtakarlıq və qeyri- səmimilik bu düşərgənin ictimai-siyasi həyatda tutduğu mövqe barədə tam təsəvvür yaradır.

{nl}


İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında