Xidmət işində dövlət orqanları arasında koordinasiyanın təkmilləşdirilməsi vətəndaşların daha rahat həyatını təmin edəcək

Azərbaycanda hərtərəfli islahatlar böyük uğurla davam etdirilir. Beynəlxalq aləmdəki mövqelərimiz gündən-günə möhkəmlənir və respublikamız nəinki regionun, eləcə də bütövlükdə dünyanın aparıcı dövlətlərindən birinə çevrilir.
Bu sürətli yeniləşmənin , daha böyük beynəlxalq nüfuz qazanmağımızın təməlində ölkənin sivil dünya təcrübəsi əsasında idarə edilməsi, eləcə də, qabaqcıl ölkələrin əldə etdiyi innovasiyaların Azərbaycan ictimai-siyasi və iqtisadi mühitinə tətbiq edilməsidir. Zaman sübut edir ki, gənc müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi bütün islahatlar həqiqətən dövlətin qüdrətlənməsini və insanların rifah halının yaxşılaşmasını təmin edir. Bunu yerli ekspertlərlə yanaşı beynəlxalq aləmdəki dostlarımız da böyük məmnuniyyətlə qeyd edirlər. Beynəlxalq aləmdə keçirilən dünya miqyaslı tədbirlərin tribunasından rəsmi Bakının dövlət idarəçiliyində əldə etdiyi uğurlar barədə çox eşitmişdik. İndi həmin təqdiredici fikir yaradan faktların sırasına daha bir mükəmməl və möhtəşəm fakt əlavə olunmuşdur.
Bu gün Azərbaycan dövlətinin uğurlarından söz açan mütəxəssislər dövlət başçımızın sentyabrın 5-də imzaladığı fərman və sərəncamları daha tez yada salırlar. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərman, agentliyin əsasnaməsinin təsdiq olunması haqqında və agentliyin strukturu haqqında fərmanlar, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncamlar ölkəmizə xoş niyyətlə nəzər salanların sevincinə, bədxahlarımızın isə növbəti təlaşına səbəb olub.Dövlət başçımızın imzaladığı bu sənədlərə görə narahatlıq keçirənləri də başa düşmək mümkündür. Onlar yaxşı bilirlər ki, Prezident İlham Əliyevin imzaladığı istənilən sənəd Azərbaycan dövlətinin daha da qüdrətlənməsini təmin edir. Bu isə bizim dostlarımızı sevindirsə də, bədxahlarımıza qətiyyən sərf etmir.
Haqqında söhbət açdığımız "ASAN Xidmət" mərkəzləri barədə danışan mütəxəssislərin hamısı bu addımı alqışlayır və təqdir edir. Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün fikrincə isə əhaliyə göstərilən xidmətlərin bir əldə cəmlənməsi və şəffaflığın təmin edilməsi son nəticədə vətəndaşın xeyrinə olacaq:
"Bu səbəbdən də mən yeni qurumdan çox şeylər gözləyirəm. Artıq bundan sonra bütün dövlət qurumları daxilində yeni bir qurum yaradılacaq. Yəni bütün xidmətlər bir qurumun əlində cəmləşəcək və onun da bütün dövlət orqanlarında nümayəndəlikləri olacaq. Hesab edirik ki, prosesin idarə olunması, qiymətləndirmə, keyfiyyət, yəni vətəndaş üçün mühüm olan məsələlər prezident yanında olacaq. Ona görə də nəzarət və xidmətin keyfiyyəti mühüm məsələ olduğu üçün nazirliklər nəzdində elektron xidmətlərin bir əldə cəmlənməsini müsbət qiymətləndiririk. Xidmətlərin bir əldə cəmlənməsi və ən mühümü şəffaflığın təmin olunması ilk növbədə vətəndaşın xeyrinə olacaq".
Bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçiriləcək. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilməlidir.
Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov mətbuata verdiyi müsahibəsində bildirib ki, yeni qurum vətəndaşlara dövlət orqanları tərəfindən xidmətləri daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərəcək. "ASAN" sözünün ingilis dilindən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi ("Azerbaijan Service and Assessment Network") kimi tərcümə olunduğunu qeyd edən şöbə müdiri deyib ki, "ASAN Xidmət" ilk növbədə dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşma hesab olunmalıdır: "Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim ediləcək. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana biləcək. Bu, vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların rahatlığının təmin edilməsinə imkan verəcək.
Xatırladaq ki, bu qurumun fəaliyyəti nəticəsində təkcə ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsi yüksəlməyəcək, eyni zamanda Fərmanda adıçəkilən dövlət qurumlarının arasındakı koordinasiya da təkmilləşəcək. Ona görə də adı çəkilən sənəddə Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna və Milli Arxiv İdarəsinə tapşırılıb ki, yuxarıda qeyd edilən xidmətlərin "ASAN Xidmət" mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər. Təbii ki, bu prosesdə əsas faktor kadrların düzgün seçilib yerləşdirilməsidir. Ona görə də müvafiq nazirlik və baş idarələrə tapşırılır ki, mərkəzlərdə xidmət göstərəcək əməkdaşlarının təyinatı zamanı onların nəzakətli, məsuliyyətli, peşəkar olmaları, ünsiyyət qurmaq və izah etmək bacarıqları nəzərə alınsın. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirməni təmin etmək məqsədi ilə həmin mərkəzləri rabitə kanalları ilə təmin etməlidirlər. Maliyyə Nazirliyi bu tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə təkliflərini müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, Fərmanın icrasına nəzarəti həyata keçirsin, "ASAN Xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizinin həmin mərkəzlərin saxlanılması, mərkəzlərdə fəaliyyət göstərən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə ayrılması barədə müvafiq təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Görüləcək işlərin miqyası nəzərə alınaraq çoxlu sayda yeni ştat vahidlərinin yaradılması zərurəti də ortaya çıxır. Odur ki, Fərmanda bu barədə xüsusi tövsiyələr vardır. Nazirlər Kabinetinə tapşırılır ki, icra hakimiyyəti orqanları tərəfindən "ASAN Xidmət" mərkəzlərində xidmət göstərilməsi üçün həmin orqanlara əlavə ştat vahidlərinin ayrılması barədə və daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların "ASAN xidmət" mərkəzlərində quraşdırılacaq xüsusi terminallar vasitəsilə real vaxt rejimində əldə edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Hökumət müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları bu Fərmana uyğunlaşdırılacaq. O cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması da təmin ediləcək. Bu sahədə Ədliyyə Nazirliyinin də üzərinə müvafiq vəzifələr düşəcək. Belə ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməlidir. Görünən odur ki, Azərbaycan dövləti ölkə əhalisinə göstərilən xidmətin dünya standartları səviyyəsinə qaldırılması üçün özünün bütün imkanlarını səfərbər edir.
QHT təmsilçisi Osman Gündüzün sözlərinə görə, yaradılan yeni qurum dövlət orqanları arasında koordinasiyanı təmin edə biləcək və ən əsası bunun sayəsində vətəndaşlar rahat şəkildə müraciətlərinə cavab ala biləcəklər: "Düşünürük ki, prezident yanında yaradılan bu qurum indiyədək mövcud olan bəzi neqativ halları aradan qaldırmağa qadir olacaq. Bu xidmət işə düşəndən sonra siz hətta ofisinizdən çıxmadan da müəyyən pul vəsaiti ödəməklə sənədləri ofisinizə gətirdə biləcəksiniz".
Bir sözlə, Azərbaycan dövləti qüdrətləndikcə ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsi də gündən -günə yaxşılaşır. İndi haqqında söz açdığımız yenilik isə bu xidməti daha da müasirləşdirəcək və Azərbaycan insanının həyat səviyyəsinə yeni töhfələr veriləcək.

{nl}

İttifaq MİRZƏBƏYLİ , "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında