Şriftin ölçüsü:
14.09.2012 03:35 | Oxunma sayı: 512
Ölkəmizdə səfərdə olan Niderland Krallığının Baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc-a) məxsusi müsahibə vermişdir.
- Niderland-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Ötən 20 ildə Azərbaycan ilə Niderland arasında münasibətlər yüksələn xətlə inkişaf etmişdir. Hər iki ölkədə səfirliklərimizin açılması ilə Azərbaycan ilə Niderland arasında siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq daha intensiv xarakter almışdır. Azərbaycan və Niderland arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı artmışdır. Bu ilin əvvəlində Niderlandın infrastruktur və ətraf mühit naziri xanım Şultz van Haegenin və enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Rene Van der Lindenin Azərbaycana səfərlərini xüsusi qeyd etmək olar.
Biz BMT Təhlükəsizlik Şurasının üzvü və artan iqtisadi potensiala malik Azərbaycanın regionda siyasi məsələlərdə, enerji təhlükəsizliyinin təminində oynadığı rolu yüksək qiymətləndiririk. İkitərəfli əməkdaşlığımız daha da genişlənmiş və dərinləşmişdir. Biz Avropa dəyərlərini də bölüşürük.
- Azərbaycana səfəriniz ikitərəfli münasibətlərin inkişafına hansı töhfələri verəcəkdir?
- Ötən müddət ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi il ərzində 200 milyon ABŞ dollardan artıq olmuşdur. Niderlanddan Azərbaycana ixracın həcmi üç dəfə artmışdır. Azərbaycandan Niderlanda ixracatda neft və neft məhsulları əsas yer tutur. Lakin ixrac məhsullarının növləri ildən-ilə getdikcə daha da artır. Səfər zamanı mən ticarət, investisiya və bilik mübadiləsi sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ümid edirəm. Biz Azərbaycanın Avropanın enerji təminatının şaxələndirilməsinə töhfə verə biləcəyini yaxşı başa düşürük. Lakin hesab edirəm ki, əməkdaşlığımız təkcə neft və qaz ilə məhdudlaşmamalıdır. Mən iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlmişəm. İnanıram ki, onlar qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi ilə iqtisadiyyatın şaxələndirilməsində azərbaycanlı həmkarları üçün yaxşı tərəfdaşlar olacaqlar. Eyni zamanda, bizim bir sıra elmi təsisatlarımız Azərbaycan universitetləri ilə əməkdaşlıq sahəsində iş görürlər. Səfər zamanı bir çox müqavilələr imzalanacaqdır.
- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Enerji təhlükəsizliyi siyasətinin əsas elementi bir enerji mənbəyindən və ya bir ölkədən asılılığın qarşısının alınmasına xidmət edən şaxələndirmədir. Bu mənada Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Gələcək onilliklərdə təbii qaz hasilatının getdikcə daha da azalacağını nəzərə alsaq, Avropanın daha çox idxal edilmiş qaza ehtiyacı olacaqdır. Məhz burada şaxələndirmə öz sözünü deyir. Buna görə də Avropa Komissiyası Xəzərdən Avropaya qaz nəqli üçün çox səylər göstərmişdir. Hazırda Azərbaycan Türkiyə ilə birlikdə TransAnadolu qaz kəməri layihəsi üzərində işləyir. Bu layihə başa çatdıqdan sonra "Şahdəniz" yatağından və ola bilsin ki, digər mənbələrdən Avropaya qaz nəqli başlayacaqdır.
- Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün hansı işlər görülə bilər?
- Ölkələrimizin bir çox ümumi cəhətləri vardır. Delta ərazisində yerləşən hər iki ölkə həm də qaz hasilatçılarıdır. Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq kontekstində biz geniş dialoqa və Azərbaycanı Aİ standartlarına daha yaxınlaşdırmaq məqsədi güdən əməkdaşlığa böyük önəm veririk. Niderland iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və açıq rəqabətin təşviqi istiqamətində həyata keçirilən islahatları dəstəkləyir. Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Ötən illə müqayisədə Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 9 pillə irəliləmişdir. Ümid edirik ki, Azərbaycanın iqtisadiyyatı gələcəkdə daha da inkişaf edəcəkdir. Bundan başqa ümid edirik ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində danışıqlarda da uğur əldə edəcəkdir. Aİ və Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar prosesini davam etdirir. İqtisadi əlaqələrimizin tam potensialını reallaşdırmaq üçün investisiyaların qorunması ilə bağlı ikitərəfli razılaşmanın əldə edilməsi istiqamətində konkret addımların atılması da vacibdir. Müsbət nəticələr əlverişli mühitin yaradılmasına kömək edəcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.