Prezident İlham ƏLİYEV: Biz daha bir erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik

Bu fikir Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirləri ilə görüş zamanı səsləndi
Azərbaycanın dünya birliyində mövqelərinin getdikcə möhkəmlənməsi artıq özünü açıq şəkildə büruzə verir. Son illərin hadisələri də təsdiqləyir ki, ölkəmizin beynəlxalq aləmdəki reytinqi daim yüksəlir. Ötən ilin sonunda müstəqil dövlətimizin dünyada nüfuzlu təşkilat kimi tanınan BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi və bu ilin may ayında həmin təşkilata sədrlik etməsi artıq ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindən xəbər verir. Bu seçkilərdə dünyanın 155 ölkəsinin Azərbaycana dəstək verməsi həyata keçirilən düzgün xarici siyasətin bəhrəsidir. Onu da qeyd edək ki, müstəqilliyimizin 20 illik tarixi ərzində ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi tarixi hadisədir.
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da artıq dünyanın əksər dövlətləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatlar da dövlətimizin mövqeyini dəstəklədiklərini bəyan ediblər. Həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq hazırda beynəlxalq ictimaiyyət məsələnin həllində fəal iştirak edir. Münaqişənin nizamlanmasında bizim hərtərəfli hüquqi bazamız vardır. Bununla əlaqədar BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Təəssüf ki, bu günə qədər qətnamələrin heç biri yerinə yetirilməyib və icra olunmamış qalır. Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda, habelə NATO-nun Çikaqoda keçirilmiş sammitində də bu məsələyə baxılmış və hər dəfə Azərbaycanın haqlı mövqeyi dəstəklənmiş, münaqişənin həllinin beynəlxalq hüquq normalarına və Helsinki Yekun Aktına əsaslanması barədə qərar qəbul olunmuşdur. Təəssüf ki, Ermənistan hələ də beynəlxalq hüququn norma və prinsiplərinə saymamazlıq göstərir və öz işğalçılıq siyasətindən əl çəkmir. Bəzi beynəlxalq qurumların münaqişənin nizamlanmasında ikili standartlar nümayiş etdirməsi, Ermənistanın işğalçılıq siyasətinə kəskin münasibət bildirməməsi bu qurumların nüfuzuna zərbə vurur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirlərini qəbul edərkən də Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik göstərməsini kəskin tənqid etdi. ATƏT hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır. Bu qurum "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.
Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsini, qonşu dövlətin ərazisinin 20 faizini bu vaxta qədər işğal altında saxladığını vurğuladı. Ermənistanın indiki ərazisinin də Azərbaycana məxsus olması səfirlərin diqqətinə çatdırıldı. Azərbaycan Prezidenti bu məsələ ilə əlaqədar tarixi faktları xatırladaraq dedi: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq vermişdi. Çoxları bundan xəbərsizdir, lakin bu, həqiqətdir. Biz daha bir erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik. Bu, qeyri-mümkündür. Ermənistan anlamalıdır ki, onların maksimalist yanaşması, Dağlıq Qarabağ üçün müstəqillik tələb etmələri mümkünsüzdür. Bunu heç kim dəstəkləməyəcəkdir. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb, Dağlıq Qarabağı heç kim tanımır. Azərbaycan Dağlıq Qarabağı heç vaxt tanımayacaqdır. Buna görə də Ermənistanın irəliləyiş əldə etmək üçün ən yaxşı variantı 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupunun təqdim etdiyi təkliflərə qayıtmaqdır. Azərbaycan bunları dəstəkləyir". Bu təkliflərdə konkret olaraq bildirilir: işğal olunmuş bütün ərazilər Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, təhlükəsizlik təmin edilməlidir.
Tarixi faktlar da təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ermənistan tərəfi dəfələrlə tarixi faktları təhrif etməyə çalışsa da, buna nail ola bilməyib. Çünki tarixi nöqteyi-nəzərdən bu ərazidə azərbaycanlılar məskunlaşıblar. Hüquqi baxımdan isə Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Sovetlər birliyi vaxtında Dağlıq Qarabağ muxtar vilayət olub, hətta muxtar respublika belə olmayıb. Dağlıq Qarabağın Ermənistanla inzibati sərhədləri də yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və dövlətimizin ərazisi daxilində yerləşir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayanda orada yaşayan insanların etnik tərkibi 75-25 faiz nisbətində idi. Sonradan Ermənistan silahlı qüvvələrinin zorakılığı ilə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. Ermənistan tərəfi Dağlıq Qarabağa bitişik 7 ətraf rayonda da etnik təmizləmə siyasəti aparıb. Yerli sakinləri silah gücünə öz ata - baba torpaqlarından didərgin salıblar. Halbuki orada heç bir zaman erməni əhalisi yaşamayıb. Nəticədə Dağlıq Qarabağın ətrafındakı rayonlardan 750 mindən çox, Qarabağın özündən 40 min, Ermənistandan qovulan 200 mindən çox qaçqın və köçkün soydaşımız var. Bu rəqəmlər münaqişənin başlandığı, etnik təmizləmə aparıldığı dövrə aiddir. Sonradan həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən soydaşlarımızın sayı bir milyonu ötdü. Bütün bunlar beynəlxalq təşkilatların gözləri qarşısında baş verdi. Həmin təşkilatların əksəriyyəti insan hüquq və azdalıqlarının qorunması ilə məşğul olduqlarını bəyan edirlər. Halbuki, bir milyondan artıq azərbaycanlının hüquqları kobud şəkildə pozulub. Belə ikili standartların nəticəsidir ki, Ermənistan hakimiyyəti daha da azğınlaşdı və ölkəmizdə çoxlu sayda terror aktları törətdi.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ ərazisində törətdikləri dağıntılar barədə səfirlərə məlumat verən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, hətta ATƏT bu dağıntılar barədə dəqiq məlumat əldə etmək üçün Dağlıq Qarabağın ətraf rayonlarına iki dəfə missiya göndərib: "Birincisi faktaraşdırıcı, ikincisi isə qiymətləndirmə missiyalarıdır. Onlar hər şeyin dağıdıldığını təsdiq ediblər. Bizim şəhərlər kimsənin yaşamadığı kabus şəhərlərinə çevrilibdir. Bütün infrastruktur darmadağın edilib, bütün qəbiristanlıqlar, məscidlər və tikililər yerlə-yeksan olunub. Bu, Ermənistan tərəfindən, gəlmələr tərəfindən törədilib. Bu, münaqişənin real mənzərəsidir".
Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun təqdim etdiyi təklifləri dəstəklədiyini diqqətə çatdırdı. Halbuki, Ermənistan tərəfi həmişə bu təklifləri rədd edib. Məhz buna görə də münaqişənin nizamlanması ilə əlaqədar danışıqlar prosesində bir ildən çoxdur ki, durğunluq yaranıb. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri mövcud status - kvonun qəbuledilməz olması barədə bəyanatlar vermələri və bu fikri dəfələrlə səsləndirmələri təbii ki, ölkəmizin diplomatik uğuru hesab olunmalıdır.Ermənistanın isə status - kvonu uzun müddət saxlamaq cəhdləri baş tutmayacaq. Çünki ölkəmiz gündən - günə qüdrətlənir, Milli Ordumuz tam formalaşıb və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Dövlətimizin başçısı səfirlərlə görüşündə də Ermənistanın mövcud status - kvonu uzun müddət saxlaya bilməyəcəyini diqqətə çatırdı: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin, xüsusən də, onların status-kvonun qəbuledilməz olması barədə bəyanatı bizi çox ruhlandırdı. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin Ermənistan status-kvonu saxlamağa çalışır və danışıqlar masasında oturmaq istəmir. Onların bütün təxribatçı əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki, status-kvonu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər. Qüvvələr və güc balansı dəyişir, Azərbaycan 20 il bundan əvvəlki ölkə deyildir. Azərbaycan özünü qorumaq iqtidarında olan ölkədir. Ermənistan üçün ən yaxşı çıxış yolu onun gələcəyinin regionun inkişafından asılı olduğunu anlamasıdır. Qonşular birgə yaşamağa öyrənməli və işğala son qoymalıdırlar. Hər şey işğalla əlaqəlidir. Bəzən Ermənistan liderləri deyirlər ki, Azərbaycan bu ölkə ilə bütün əlaqələrə son qoyub. Axı, siz torpaqlarımızı işğal edən ölkə ilə əməkdaşlığımızı necə gözləyə bilərsiniz?! Siz, öz ölkələrinizin bütün tarixi abidələrini darmadağın etmiş, ərazilərinizi işğal etmiş və bu işğalı davam etdirmək niyyətində olan işğalçı bir ölkə ilə əməkdaşlığı necə təsəvvür edə bilərsiniz? Bu, mümkün deyildir. İşğala son qoyulmalıdır. Ərazilərin işğaldan azad olunması prosesi mümkün qədər tez başlamalıdır. İşğaldan azad olunma prosesi başlayan kimi, biz münasibətlərin normallaşdırılması, gərginliyin kəskin dərəcədə azaldılması istiqamətində mühüm addımlar atmaq məsələsini nəzərdən keçirməyə hazırıq. Amma əvvəlcə bu proses başlanmalıdır. Sözdən əmələ keçmək lazımdır. Bu, bütün ölkələrin, eləcə də bizim, əminəm ki, Ermənistanın da marağındadır. Bütün insanlar sülh və əmin-amanlıq şəraitində yaşamalı və beynəlxalq hüquq mümkün qədər tez bərpa edilməlidir".
Görüşdə iştirak edən Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin Minsk qrupu çərçivəsində fəaliyyətlərini davam etdirəcəklərini bildirdi və bu günlərdə İrəvanda səfərdə olduğunu qeyd etdi. O bildirdi ki, Ermənistan prezidenti Serj Sarkisyanın açıqlamalarında gərginlik hiss olunurdu. A.Kelin bunu ölkəmizdəki son hadisələrlə, əsasən də azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan ekstradisiyası və Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunması ilə əlaqələndirdi.Dövlətimizin başçısı A.Kelinin bu çıxışına cavab olaraq bildirdi ki, Ermənistan işğalçılıq siyasətini ört-basdır etmək üçün hər vasitəyə əl atır. Buna görə də Ramil Səfərov məsələsini qabartmağa çalışır və lazımsız hay-küy yaradırlar. Azərbaycan Prezidenti ATƏT-in üzvü olan səfirlərin diqqətinə əslən erməni olan bir terrorçunun törətdiyi dəhşətli terror aktını çatdırdı və Ermənistan prezidenti Koçaryanın onu əfv etdiyini xatırlatdı. Halbuki, həmin terrorçu Ermənistan vətəndaşı olmayıb. Prezident İlham Əliyev dedi:"2001-ci ildə Ermənistan prezidenti Fransanın Orli hava limanında Türk Hava Yollarına məxsus zolaqda bir neçə nəfərin, səhv etmirəmsə 1 amerikalı, 4 fransız, digərləri türk olmaqla 8 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədən Karapetyan adlı terrorçunu əfv edib. Karapetyan Ermənistan vətəndaşı deyildi, lakin bir neçə il həbs cəzası çəkdikdən sonra o Ermənistana ekstradisiya olundu və Sarkisyanın xələfi və yaxın tərəfdaşı Koçaryan onu dərhal əfv etdi. Həmin vaxt biz beynəlxalq təşkilatlardan, siyasətçilərdən bu məsələ ilə bağlı heç bir açıqlamanın şahidi olmadıq. Mən 8 nəfərin qatili, 50 nəfərin yaralanmasına səbəb olan terrorçu ilə zabitimiz arasında paralellik aparmıram. Lakin bu, bir həqiqətdir. İndi ermənilərin özlərini təhqir olunmuş kimi qələmə verməyə haqları yoxdur. İndi Ermənistanın özünə ismarıc göndərilməlidir: bundan danışıqlar prosesini pozmaq üçün bəhanə kimi istifadə etməyin, bundan gərginlik yaratmaq üçün istifadə etməyin! Gərginliyi yaradan Azərbaycan deyil, onlardır. Onlar sakitləşməli, danışıqlar masasına qayıtmalı və münaqişənin mümkün qədər tez həlli yolunu tapmağa çalışmalıdırlar".
Avstriya, Fransa, İsveçrə və Türkiyənin ATƏT-dəki səfirləri Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq, ölkəmizin quruma üzv olduğu 20 il ərzində əldə etdiyi nailiyyətlərdən və Azərbaycan-ATƏT əməkdaşlığının uğurlarından məmnun qaldıqlarını bildirmişlər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli və bu istiqamətdə səylərin artırılması ilə bağlı fikirlərini bildirdilər.
Səfirlər, eyni zamanda, təmsil etdikləri ölkələr ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində səylərini artıracaqlarını bildirmişlər. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdəki reytinqinin yüksəlməsindən xəbər verir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında