Demokratiya pərdəsi altında vahid namizədlik iddiası
{nl}
2013-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi baş verənlər demokratiyadan, haqq- ədalətdən, insan haqlarının qorunmasından ağızdolusu danışan radikal müxalifətin əsl xislətini ortaya qoydu. Onsuz da onların iç üzü ictimaiyyətə məlum idi. AXC - Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi qısa bir vaxtda bu qurumun üzvlərinin hansı qabiliyyətin, siyasi düşüncənin və dövlət idarəçiliyində hansı biliyin, təcrübənin sahibi olmaları hamıya bəlli oldu. Son anda tərəfdaşlarını yuxuya verib hərəsi bir ölkəyə qaçdı. Ölkədə əmin - amanlıq yarandıqdan sonra isə gizləndikləri yerdən qorxa - qorxa boylanmağa başladılar.
Azərbaycanda tədricən yaradılmış demokratik ab-havadan, müstəqillikdən və sərbəstlikdən yenə də öz şəxsi mənafeləri naminə yararlanıb ortaya atılan radikal müxalifət nümayəndələri növbəti prezident seçkiləri ərəfəsində özlərinin mövcudluqlarını xatırlatmaq istəyirlər. Ancaq onların bütün "fəaliyyətləri" Molla Nəsrəddinin yorğan davasına bənzəyir. Dünənə qədər İctimai Palata adlı qondarma bir qurumda "birlik" nümayiş etdirməyə çalışan radikal müxalifət artıq pərən-pərən olub. Müsavat Partiyasının başqanı İsa Qəmbər qondarma İctimai Palatanın rəyini gözləmədən prezidentliyə namizəd olacağını bəyan etməklə bu qurumun əldəqayırma olduğunu bir daha təsdiqlədi. İ.Qəmbərin prezidentliyə namizəd olacağını tələm-tələsik elan etməsi heç də təsadüfi deyil. Onun bu yolda ən təhlükəli rəqibi olan AXCP sədri Əli Kərimlinin keçmiş əməllərindən birinin üstünün açıldığını görən Müsavat başqanı dərhal özünü ortalığa atdı.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sabiq prezident Əbülfəz Elçibəyin zəhərləndirilməsi barədə Baş Prokurorluğa müraciət etməsi və bununla əlaqədar istintaq işinin başlanması Müsavat Partiyası başqanının prezidentliyə vahid namizəd arzusunu alovlandırdı. Bir qədər sonra bəzi müxalifət nümayəndələrinin Hafiz Hacıyevə dəstək vermələri və Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərləndirilməsi barədə onlarda da məlumat olması barədə açıqlama vermələri müxalifət düşərgəsində vəziyyəti daha da gərginləşdirdi. Artıq Əli Kərimlinin yaxın silahdaşları da ona şübhə ilə yanaşmağa başlayıblar. Müxalifətin bayraqdarı kimi tanınan Elman Türkoğlunun Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərləndirilməsi barədə məlumatı təsdiqləməsi və bununla əlaqədar digər faktlar verməsi AXCP sədrinə olan şübhələri bir qədər də artırdı. Onu da qeyd edək ki, Elman Türkoğlu 20 ilə yaxındır ki, müxalifətin keçirdiyi mitinqlərdə onların önündə gedərək bayraqlarını daşıyıb. Həmişə də AXCP və Müsavat Partiyasının , həmçinin digər müxalifət funksionerlərinin ən yaxın adamı olub. Bu yaxınlarda iştirak etdiyim bir tədbirdə də bunun şahidi oldum.
Müxalifət nümayəndələrinin "Park İNN" hotelində xarici ölkə jurnalistləri və qeyri - hökumət təşkilatları ilə birlikdə keçirdikləri tədbirdə səsləndirilən "faktlardan" birində demokratik fikirlərinə görə hakimiyyət nümayəndələri tərəfindən təzyiqlərə məruz qalanlardan birinin məhz bayraqdar kimi tanınan Elman Türkoğlunun olduğu bildirilirdi. Hətta montaj etdikləri video lentlərlə əcnəbilərdə bu barədə rəy də formalaşdırmağa çalışırdılar. Çox ciddi - cəhdlə sübut etməyə çalışırdılar ki, Elman Türkoğlu demokratik fikirli, obyektiv danışan, düzgünlüyü sevən sadə bir adamdır. Ancaq onların bayraqdarı Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərləndirilməsi barədə verilən məlumatı təsdiqlədikdən, hətta bu barədə onda da fakt olduğunu bildirəndən sonra bu adam müxalifət nümayəndələri tərəfindən qeyri - ciddi şəxs, ruhi xəstə adlandırıldı.
Elman Türkoğlu müstəqil qəzetlərə verdiyi müsahibələrində deyib ki, Elçibəyi Əli Kərimli zəhərləyib. Müxalifətin bayraqdarı bildirib ki, Hafiz Hacıyevin dedikləri doğrudur - Əbülfəz Elçibəyi Əli Kərimli zəhərləyib. Özü də özünün ad günündə. Onun deməsinə görə, zəhərlənmə əməliyyatı da Əli Kərimlinin öz evində baş verib. Həmin tədbirdə qidaya zəhər qatıblar, ondan da Əbülfəz Elçibəy xəstələnib. Hətta E.Türkoğlu zəhərin kim tərəfindən gətirildiyini də bilir. Həmin şəxsin adını istintaqa çağırılan zaman deyəcəyini bildirib. Bayraqdarın dediklərindən bəzilərini diqqətinizə çatdırmaq istərdik:" ...Mən 6 il AXC-nin binasında yaşamışam. Kimin kim olduğunu çox gözəl bilirəm. Bəzilərinin hansı oyundan çıxdıqlarını öz gözlərimlə görmüşəm. Hal-hazırda Əli Kərimlinin Bakının mərkəzi yerlərində bir sıra obyektləri var. Bütün bunlar hamı üçün açıq-aşkardır.
...Bu plan çoxdan hazırlanmışdı. Bəziləri yanlış olaraq deyirlər ki, bəy Kələkidə zəhərlənmişdi. Bu, həqiqətə uyğun deyil. Bir sıra şəxslər də başqa versiyalar səsləndirirlər. Deyirlər ki, guya Ordubadda soyuqdəymədən xəstəlik tapdı. Söylənilənlər yalandır. Bəzi şəxslər bəyin guya 1991-ci ilin 23 avqustunda yaralandığını əsas gətirərək bunun da təsirli olduğunu ortaya atırlar. Guya həkimin onu müalicə etməsinə imkan verilməyib. Bu versiya da həqiqətə uyğun deyil. Əbülfəz Elçibəy Əli Kərimovun ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib... Mən Əbülfəz Elçibəyin kimlərin əli ilə zəhərləndiyini açıqlayacağam. Onlardan biri artıq dünyasını dəyişib. Həmin şəxsin adı Səmayədir. Yaşlı qadın idi. Elçibəyin yeməyinə kimlərin zəhər qatdıqlarını çox gözəl bilirəm. Bu şəxslərin arasındakı qadınlardan birinin də xüsusi əməyi olduğunu qeyd etməliyəm. ...Hafiz Hacıyev düz deyir, ad günü mərasimində. Amma Elçibəyin yox, Əli Kərimovun doğum günü tədbirində. Zəhərlənmə Əli Kərimovun evində baş verdi. Çünki onu hansısa şadlıq sarayında, restoranda həyata keçirmək çətin idi. Əgər şadlıq sarayında baş tutsaydı, işə aşpaz da qatılmalı idi. Bu isə sirrin açılması baxımından təhlükəli idi. Amma planı ev şəraitində həyata keçirmək daha məqsədəuyğun idi. Zəhəri İrandan gətirmişdilər. Onun uzunmüddətli dozası var.
...Həmin zəhəri kiminsə bədəninə yeritsən, bunun təsiri tədricən - 1 il, il yarımdan sonra üzə çıxacaq. Mən hələ Elçibəyin cənazəsi Türkiyədən gətirilməzdən öncə, 2000-ci ilin avqustunda qəzetlərə müsahibə verərək bildirdim ki, Əbülfəz bəyi zəhərləyiblər. İnanmırsınızsa, həmin dövrün qəzetlərini açıb baxa bilərsiniz. Bununla bağlı müsahibələrim həmin dövrdə "Şərq", "Yeni Müsavat" qəzetində dərc olunub. "Ədalət" qəzetindəki müsahibəni məndən o zamankı baş redaktor Aqil Abbas özü almışdı".
Elman Türkoğlu Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərləndirilməsinə tam əmin olduğunu bildirərək deyib: "AXCP-nin qərargahına gedib-gəlirdim. Bir gün belə bir xəbər yayıldı ki, guya Əbülfəz bəyə bıçaq atıblar. Bıçaq onun kürəyinə dəyib. O, bir həftə idi ki, işə çıxmırdı. Bu, mənə inandırıcı göründü. Bir gün Tofiq Türkel də mənə yaxınlaşıb dedi ki, Elman bəy, deyilənə görə, Əbülfəz bəyə bıçaq atıblar. Dilbər adlı əmimqızı ilə bəygilin evinə yollanmağı qərara aldıq. Bayrağı əlimə alıb, birlikdə onun evinə yollandıq. Əbülfəz bəy ağır-ağır nəfəs alırdı. Dedi: "Mənə heç nə olmayıb, özünü darıxdırma". O, ayaq üstdə gəzə bilirdi. Başa düşdüm ki, bıçaq söhbəti doğru deyil. Soruşdum ki, bəy, sizin zəhərlənməniz barədə xəbərlər yayılıb. Əbülfəz bəy cavab verdi: "Bəli, ad günü mərasimində məni zəhərlədilər". Soruşdum ki, hansı ad günündə, Əli Kərimovun? Bəy dinmədi. Əmimqızı dedi: "Bəy, axı siz bunu bilməmiş olmazsınız". Elçibəy cavab verdi: "Qızım, sən bilmirsən ki, süfrəyə yemək gələndə ona birinci mən əl uzadırdım. Cəmi iki qaşıq yedim və hiss etdim ki, yeməkdə nəsə var. 20-25 dəqiqədən sonra evə gəldim. Qatıq yedim, amma artıq gec idi."
Bu açıqlamalardan sonra Elman Türkoğlu müxalifət nümayəndələrinin, xüsusilə də Əli Kərimli tərəfdarlarının hədəfinə çevrilib və qeyri-ciddi adam hesab olunur. Əgər o, qeyri-ciddi adamdırsa, niyə cəmi üç ay bundan qabaq onu xarici ölkələrin kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə indiki iqtidar tərəfindən hüquqları tapdalanmış şəxs kimi təqdim edirdilər? Bax, budur müxalifətin riyakarlığını, ikiüzlülüyünü və qeyri-ciddiliyini təsdiqləyən fakt.
Bu faktlardan sonra Müsavat Partiyasının başqanı tam əmin oldu ki, artıq AXCP sədrini müxalifət düşərgəsində heç kim qəbul etməyəcək. Çünki o, çox təhlükəli bir adamdır. Əbülfəz Elçibəyi zəhərləyən bir adam istədiyi şəxsi aradan götürtdürə bilər. Ona görə də başqan vahid namizəd qismində elə özünü gördü. Əslində isə müxalifət nümayəndələri Müsavat başqanını da qəbul etmirlər. Məsələn, elə Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə də "müxalifətin vahid namizədi" anlayışının niyə İsa Qəmbərlə Əli Kərimlinin üzərində fokslaşdırılmasının səbəbini bilmədiyini deyib. O, vahid namizədliyə nə Müsavat başqanının, nə də AXCP sədrinin layiq olduğunu deyib.
Artıq müxalifət düşərgəsində yeni bir qurum yaranıb. 16 partiyanın Müxalifətin Demokratik Məşvərət Məclisi adı altında yaranan bu quruma AXCP ilə Müsavat Partiyasını yaxın buraxmırlar. Bunu isə adları çəkilən partiyaların rəhbərlərinin hiyləgərliyi, bütün məsələlərdə yalnız özlərini düşünmələri ilə əlaqələndirirlər. Həmin qurumun üzvləri bildirirlər ki, bəzi təşkilatların müxalifətin keçirdiyi aksiyalara ayırdıqları qrantları əsasən İsa Qəmbərlə Əli Kərimli alırlar. Onların hər ikisi kifayət qədər var - dövlət toplayıblar. İndi də prezidentliyə namizədlik uğrunda vuruşurlar. Yeni yaradılan qurumun üzvləri AXCP sədri ilə Müsavat başqanını heç vaxt dəstəkləməyəcəklərini bəyan ediblər.
Artıq radikallar siyasi meydanda getdikcə təklənirlər. Hadisələrin gedişi göstərir ki, nə İsa Qəmbər, nə də Əli Kərimli prezidentliyə namizədliyin təsdiqlənməsi üçün tələb olunan imzanı belə toplaya bilməyəcəklər. Artıq hamıya bəllidir ki, AXCP sədri ilə Müsavat başqanını demokratiya, haqq - ədalət maraqlandırmır. Onlar yalnız öz maraqlarını düşünürlər.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.