Bakı məktəblərində təhsilin inkişafı üzrə uğurlu tədbirlər həyata keçirilir

Sentyabrın 10-da "Hyatt Regency-Naxçıvan" mehmanxanasında Bakı şəhər təhsil işçilərinin konfransı keçirilmişdir. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. 
AzərTAc xəbər verir ki, konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Bakının ümumtəhsil müəssisələrində 2011-2012-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışan N.Rzaquliyeva bildirmişdir ki, ölkə iqtisadiyyatının dinamik inkişafı keyfiyyətli təhsil üçün əlverişli şərait yaratmışdır. Təhsili ölkəmizin davamlı tərəqqisinin əsas amillərindən biri hesab edən Prezident İlham Əliyev bu sahənin inkişafına, dünyanın qabaqcıl ölkələrinin təhsil səviyyəsinə yüksəlməsinə xüsusi diqqət göstərir. Məhz bu diqqətin sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoymuş, bu sahədə xeyli nailiyyətlər əldə edilmişdir.
Qeyd olunmuşdur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldığı ilk gündən etibarən fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəltmişdir. Bu fəaliyyət istiqaməti BŞTİ-yə həm dövlət, həm də cəmiyyət tərəfindən dəstək qazandırmışdır. Bu qurumun tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi vardır. Həmin təhsil ocaqlarında 311 min 695 şagirdin təlim-tərbiyəsi ilə 29 min 870 müəllim məşğul olur.
Tədris ilində Bakı şəhərində 5 yeni məktəb binası inşa edilmişdir. Həmin məktəblərdən biri - Binə qəsəbəsindəki 326 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmişdir. 32 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün əlavə korpus tikilərək istifadəyə verilmiş, 68 məktəb binasında əsaslı təmir işləri aparılmışdır. 3 məktəbin istilik sistemi təmir edilmiş, 2 məktəbə qaz xətti çəkilmişdir.
Təhsil müəssisələrinə 221 adda 477 min 830 dərslik, 32 adda 28 min 93 dərs vəsaiti verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri uğurla reallaşdırılır. Nəticədə bu müsabiqələr təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir. Müsabiqədə iştirak edən məktəb və müəllimlərin builki nəticələri də ürəkaçan olmuşdur. Bu müsabiqədə iştirak edən müəllimlərdən 51 nəfəri "Ən yaxşı müəllim", məktəblərdən 20-si "Ən yaxşı məktəb" sırasına daxil olmuşdur.
Keçən tədris ilində V-XI sinif şagirdlərinin iştirak etdiyi "Bilik yarışı"nda 90 minə yaxın məktəbli iştirak etmişdir. Şəhər mərhələsinin ikinci turunda qalib gələn 229 şagird respublika turuna vəsiqə qazanmışdır. Respublika turunda uğurla iştirak edən şagirdlərimizdən 105 nəfəri qalib yerləri tutmuşlar. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2006-cı ildə 48 olmuşdur.
Dərs ilində şəhərin ümumtəhsil məktəblərinin XI siniflərində 21 min 916 şagird təhsil almış, bunlardan illik qiymətlərinə görə 755 şagird imtahanlara buraxılmamışdır. 664 (3,14 faiz) şagird isə imtahanlardan "qeyri-kafi" qiymət almışdır.
Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında BŞTİ-nin tabeçiliyində olan məktəblərin 1 məzunu maksimum bal - 700 bal toplamışdır. Məzunların 17 min 858 nəfəri (attestat alanların 88,4 faizi) ali məktəblərə sənəd vermiş və onlardan 9 min 256-sı, yəni imtahanlarda iştirak edənlərin 51,83 faizi uğur qazanmışdır.
Təhsil ocaqlarında "Elektron məktəb" layihəsi də həyata keçirilir. Bir sıra məktəblər layihədə uğurla iştirak edirlər. Artıq 20 və 23 nömrəli məktəblər tam elektron təhsilə keçmişlər. Müəllimlərin İKT üzrə savadlılığının yüksəlməsi tezliklə şəhərin bütün məktəblərində elektron məktəbə keçidin başa çatmasına imkan yaradacaqdır.
Ümumi orta təhsil səviyyəsi üzrə fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 2012/2013-cü dərs ilində V siniflərdə dərs deyəcək müəllimlərin adlı siyahısı hazırlanmış və Kurikulum Mərkəzinə təqdim edilmişdir. Treninqlərin keçiriləcəyi baza müəssisələri müəyyənləşdirilmiş, treninqdə iştirak edəcək müəllimlərin siyahısı təkrar dəqiqləşdirilmişdir. Bu ilin iyul-sentyabr aylarında 5 min müəllimin kurikulum təlimlərində iştirakı təmin edilmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 47 məktəbdənkənar təhsil müəssisəsi, o cümlədən, 18 idman məktəbi, 14 uşaq yaradıcılıq mərkəzi, 8 texniki yaradıcılıq mərkəzi, 3 məktəbdənkənar tərbiyə işi mərkəzi, 3 ekoloci tərbiyə və təcrübəçilik mərkəzi və 1 Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi fəaliyyət göstərir. Məktəbdənkənar təhsil müəssisələrində və idman məktəblərində 3 min 199 dərnək və bölmədə 42 min 990 uşaq məşğul olur.
Məktəbdənkənar təhsil müəssisələrimizin uğurları 1 nömrəli Şahmat-Dama Məktəbinin nəticələrində özünü daha qabarıq göstərir. Bu məktəbin gənc şahmatçıları respublika və beynəlxalq, eləcə də Avropa və dünya çempionatlarında qızıl, gümüş və bürünc medallar qazanmışlar.
Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, müəllim və valideynlər Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafına xüsusi əhəmiyyət verdiklərini xatırlatmışlar.
Təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan danışmış, müvafiq sahə üçün dövlət büdcəsindən ayrılan vəsaitin ilbəil artdığını bildirmişdir.
Bu il respublika üzrə ümumilikdə 43 min 588 yerlik 162 yeni məktəb binası tikildiyini, 103 məktəb binasının əsaslı təmir edildiyini, 21 təhsil müəssisəsi üçün əlavə korpuslar inşa olunduğunu qeyd edən nazir təhsilin inkişafı ilə bağlı fikirlərini də diqqətə çatdırmış, tövsiyələrini vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında