Unudulmaz həmkarımız Vahid Səfixanov haqqında bir neçə söz...

Ölməz şairlərimizdən birinin bu misraları indiki məqamda lap yerinə düşür: "Bu dünya ayrılıqdı, ayrılıq başdan-başa". Bəli, bizim görüşlərimiz də elə ayrılıqlardan doğur. Necə deyərlər, görüşürük ayrılmaq üçün.
Bəlkə də nağılların biri vardı-biri yox başlanğıcının fəlsəfəsində də biz insanların varla-yox arasındakı qısa, gözlə görünməyən, yalnız və yalnız vaxtla, zamanla ölçülən ömür payı, ömür qisməti durur. Gələrkən var olsaq da, ölərkən heçliyə, sonsuzluğa dönürük. İnsanlığın ölüm adlı son qismətinin yaranış tarixi bəşər tarixinin özü qədər qədim olsa da hamıya yeni görünür. Ölüm həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı, tamamlığı, bütövlüyünün yekunudur. Fransızlar: "Axşam gündüzü tamamladığı kimi, ölüm də həyatı tamamlayır" deyirlər.
Onu tanıdığımız ilk vaxtlardan gözlərinin dərinliyinə çökmüş kədərin haradan qaynaqlandığını çox sonralar bildik. Bəlkə də buna görə həmişə utancaq, həmişə kövrək, həmişə qayğılı, fikirli olurdu Vahid Səfixanov.
O da bu dünyaya hamı kimi sadədən sadə, adidən adi gəldi. Amma onun alın yazısı, qismət payı bir qədər fərqli idi. Çoxunun üzünə gülən, ona özü boyda qucaq açan, gəl-gəl deyən dünya, nədənsə bu bəndəsinə fərqli yanaşmışdı. Yaşamağın yanmaq qədər çətin, dözülməz olduğunu o, elə ilk başlanğıcdan anlayıb, dərk etmişdi. Dözməli, taleyin ona ünvanladığı iztirablara, sillələrə sinə gərməli idi ki, özünün var olduğunu təsdiqləyə bilsin, ayaqda dursun. O, bunu bacarmışdı, əməli, işi, savadı, ağılı ilə çox çətinliklərə sinə gərmişdi, çox maneələri aşmışdı...
Amma, heyif, çox heyif ki, vaxtsız əcəl onun bir çox arzularının reallığa çevrilməsinə imkan vermədi...
Payızın yavaş-yavaş öz hökmünü verməyə başladığı, isti yay günlərinə sərinlik gətirdiyi bir vaxtda - sentyabrın 5-də axşam saatlarında AzərTAc-ın savadlı və işgüzar əməkdaşı - Vahid Səfixanov həyata əlvida dedi.
V.Səfixanov 1951-ci il iyulun 1-də Ucar rayonunun Alpoud kəndində dünyaya göz açmışdı. Bir il sonra isə bu bir yaşlı körpə bütövlükdə taleyini Azərbaycanın mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhəri ilə bağlamış, sonralar onun həyat və fəaliyyətinin bütöv bir dövrü Azərbaycanın bu cənnət məkanı ilə qoşa addımlamışdır. "Şuşa" qəzetində əməkdaş, Şuşa Rayon Partiya Komitəsində təşkilatçı, "Şuşa" qəzetində məsul katib, "Sovet kəndi" qəzetinin Dağlı Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbiri, "Bakinski raboçi" qəzetinin Şirvan və Qarabağ zonaları üzrə xüsusi müxbiri olarkən, necə deyərlər, daim Şuşa ilə nəfəs almışdır.
Onun bu illər ərzində qələmə aldığı mövzular daim öz aktuallığı ilə seçilib-fərqlənmişdir. Bu qələm məhsullarında vətəndaş mövqeyi, Qarabağ ağrısı, elan olunmamış müharibənin minlərlə soydaşımızın başına gətirdiyi müsibətlər, səngərlərdə döyüşən oğullarımızın mübarizə, qorxmazlıq əhval-ruhiyyəsi, bir sözlə, o dövrün bütün problemləri əksini tapmışdır.
Azərbaycan müstəqil milli mətbuatının inkişafına öz töhfəsini vermiş Vahid Səfixanov 2002-ci ildən ömrünün son gününədək həyatının qalan hissəsini AzərTAc ilə bağlamışdır.
Onun yazıları üslub, forma, peşəkarlıq, operativlik baxımından daim diqqəti cəlb etmişdir. O ən çətin, mürəkkəb mövzuları belə qısa müddət ərzində "həzm" edə bilirdi. Özü də bu, qətiyyən keyfiyyətə təsir etmirdi. Onun bir media mənsubu kimi ən mühüm xarakterik cəhətlərindən biri də eyni vaxtda ən müxtəlif mövzularda materiallar hazırlaya bilməsi idi. Şübhəsiz ki, bu, hər şeydən əvvəl Vahid Səfixanovun dünyagörüşü, bilik və savad səviyyəsi, mütaliəsi ilə bağlı idi. Vahid Səfixanov uzun illər AzərTAc-ın iqtisadiyyat, maliyyə-bank və bölgə xəbərləri redaksiyasının redaktoru kimi çox səmərəli bir fəaliyyət göstərmişdir.
Onun jurnalistika sahəsində çoxillik səmərəli fəaliyyəti layiqincə qiymətləndirilmişdir. Təcrübəli qələm sahibi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Milyonlarla soydaşımız kimi V.Səfixanov da qaçqınlığın ağrı- acısını yaşamış və 1992-ci ilin mayında Şuşadakı doğma yurd-yuvasından didərgin düşdükdən sonra bir müddət Xəzər rayonunun Şüvəlan qəsəbəsində məskunlaşmışdır. Bir neçə il bundan əvvəl isə dövlətimiz tərəfindən onun ailəsinə məcburi köçkünlər üçün inşa olunmuş binadan hər cür şəraiti olan üçotaqlı mənzil verilmişdir. Heyif ki, ona yeni mənzildə rahat ömür sürmək qismət olmadı...
Həmişə övladları müəllimə Sevinc və həkim Ləmandan ürək dolusu danışardı.
Heç vaxt yadımızdan çıxmaz. Həyata əlvida deməsindən təxminən bir il əvvəl - ötən ilin iyulunda növbəti əmək məzuniyyətinə çıxan Vahid Səfixanov bu hadisə ilə üst-üstə düşən 60 illik yubileyini çox fərqli şəkildə qeyd etdi. Əksəriyyət məzuniyyətini daha münasib məkanlarda keçirməyə üstünlük verdiyi halda, həmişə Şuşadan ürək dolusu danışan, Qarabağın ab - havasını bütöv varlığında, yazılarında yaşadan mərhum həmkarımız bunu etmədi.
Məzuniyyətdən qayıtdıqdan sonra harada dincəldiyini soruşduqda dərindən köks ötürüb "Qarabağa getmişdim" dedi. Hər gün saatlarla Ağdam və Füzuli rayonları istiqamətində yerləşən cəbhə xəttində dayanıb boya-başa çatdığım, bu gün əlimin çatmadığı, ünümün yetmədiyi Şuşanın başını qara buludlar örtmüş dağlarına baxırdım. Bununla da sanki hazırda erməni tapdağı altında inləyən bu ecazkar şəhərin hər küçəsini, tinini, dalanını, dağını, dərəsini, qayasını 20 il bundan əvvəl olduğu kimi, yenidən xəyalən qarış-qarış gəzirdim. Bu il də məzuniyyətini Qarabağda keçirmək arzusunda idi. Əfsuslar ki, mərhum həmkarımız bir çox arzuları kimi bu istəyinə də yetişə bilmədi...
Vahid Səfixanov söhbət əsnasında tez-tez deyərdi: "Əminəm ki, jurnalistlərdən, qələm sahiblərindən söz düşəndə övladlarım mənə görə utanmayacaqlar. Çünki siyasi əqidəsindən asılı olmayaraq məni tanıyan bütün jurnalistlər vicdanlı qələm sahibi olduğumu etiraf edirlər".
Agentliyimizin əməkdaşları və çoxsaylı oxucuları adından mərhum həmkarımıza Tanrıdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında