Azərbaycanlı alimin YUNESKO-dakı çıxışı maraq doğurmuşdur

Martın 31-də Parisdə YUNESKO-nun baş qərargahında "Mədəniyyətlərin yaxınlaşmasında Novruzun rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdən iki gün əvvəl YUNESKO-da TÜRKSOY-un təşkilatçılığı ilə türkdilli xalqların incəsənət ustalarının çıxışı, "dəyirmi masa" günü isə İran sənətkarlarının iştirakı ilə Bahar bayramına həsr edilmiş musiqi axşamı Novruza bu təşkilatda getdikcə daha artıq əhəmiyyət verildiyinin göstəricisidir. YUNESKO-da ciddi maraq doğurmuş və geniş dinləyici auditoriyası toplamış "dəyirmi masa"da qurumun mədəniyyət siyasəti və beynəlxalq dialoq divizionunun rəhbəri, İran, Hindistan, İraq, Əfqanıstan və Tacikistanın YUNESKO yanındakı daimi nümayəndəliklərinin səfirləri, Pakistanın Federal naziri və Ali Təhsil Komissiyasının sədri, Türkiyənin təşkilat üzrə Milli Komissiyasının komitə başçısı və Qazaxıstan eksperti maraqlı mövzularla çıxış etmişlər.
Genişmiqyaslı tədbirdə Azərbaycanı Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov təmsil etmişdir. Ədəbiyyatşünas alimin "Dünyanın yeni günü - Novruz" adlı məruzəsi tarixi faktlarla zənginliyi, problemin məhz YUNESKO-nun təklif etdiyi məramı əks etdirməsi baxımından diqqəti cəlb etmişdir. Bu məsələ müzakirələr zamanı xüsusi vurğulanmışdır.
R.Hüseynov demişdir ki, Novruz həm siyasi, həm də siyasətsiz bayramdır. Siyasətsizdir ona görə ki, insanların iradəsindən asılı olmayaraq yaranmış, gecə ilə gündüzün bərabərləşdiyi astronomik hadisədir. Amma Novruz həm də siyasi bayramdır. Çünki böyük siyasətlərin uğrunda daim mübarizə apardığı, bərqərar olmasına çalışdığı dostluq, bərabərlik, sülh, həmrəylik, firavanlıq, dözümlülük, ədalətlilik kimi idealların möhkəmlənməsinə xidmət edir.
R.Hüseynov Novruzun əslində bu gün onu bayram kimi keçirən 300 milyon insanın deyil, bütün dünyanın bayramı olduğunu diqqətə çatdırmışdır. Azərbaycanlı alim 2010-cu il fevralın 23-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin Azərbaycanın təşəbbüsü ilə martın 21-nin Beynəlxalq Novruz Günü kimi qəbul etməsini bu bayramın gələcəkdə bütün dövlətlərin rəsmi qeyd edəcəyi bayramlar sırasına qatılmasının müqəddiməsi adlandırmışdır.
Rafael Hüseynov, həmçinin xalqları, mədəniyyətləri qovuşduran, yaxınlaşdıran bir bayram olmasına baxmayaraq, onun hər halda Azərbaycanda daha qədimlərdən keçirilməsini və bunun əyani sübutlarının ortada olduğunu vurğulamışdır. O, YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil etdiyi Qobustanın qədim qayaüstü rəsmlərində Novruz motivləri, həmin ərazidəki ən qədim musiqi aləti qavaldaş və s. haqda maraqlı təfərrüatları açıqlamışdır.
Azərbaycanlı alim çıxışında Ermənistanın Azərbaycana təcavüzü, yüz minlərlə insanın məhz bu müharibənin yaratdığı fəsadlar nəticəsində neçə illərdən bəri əsl Novruz sevinci yaşaya bilməməsi məsələsinə də toxunmuşdur.
Ermənistanla həmsərhəd bölgədə yaşayan bir kəndin qoca sakini televiziyaya müsahibəsində demişdir ki, adətən Novruz günlərində biz böyük tonqallar qalayırdıq, uşaqlar həmin tonqalların üstündən atlanardılar. İndi həmin tonqalları yandıra bilmirik. Çünki düşmən tərəf alovu görən kimi həmin istiqaməti atəşə tutur.
Mən arzu edərdim ki, Novruzun böyük sülh mahiyyəti bu ağır problemin də həllinə yardımçı olsun, bütün sərhədlərdə yandırılan tonqallara heç vaxt atəş açılmasın.
"Dəyirmi masa"da dinlənilmiş 9 məruzənin YUNESKO tərəfindən ayrıca kitab halında nəşr edilməsi nəzərdə tutulmuşdur.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında