Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə hələ bir ildən çox vaxt qalıb. Bu gün hər bir azərbaycanlının ölkəmizin inkişafı, beynəlxalq aləmdə reytinqinin yüksəlməsi, mövqelərinin daha da möhkəmləndirilməsi, xalqımızı ən çox narahat edən problemlərin aradan qaldırılması uğrunda həmrəylik nümayiş etdirdiyi bir vaxtda, radikal müxalifət düşərgəsində vəzifə davası gedir. İctimai Palata adlı qondarma bir qurumda "cəmləşərək" guya müxalifətin birliyi barədə rəy formalaşdırmaq istəyənlərin iç üzü bəlli oldu.
Bu vaxta qədər saysız-hesabsız qurumlar yaradan radikal müxalifətin budəfəki təşkilatlarının da uzunömürlü olmayacağı çoxlarına bəlli idi. Çünki İctimai Palata adlı qondarma quruma toplaşanlar, əslində, "mehriban düşmənlər" idi. Müxalifət düşərgəsində olmayanlara da bəllidir ki, AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər bir - biri ilə qatı düşməndir. Onlar sadəcə Azərbaycanı gözü götürməyən xarici qüvvələrdən qrant almaq xatirinə birlik görüntüsü yaratmaq üçün müxtəlif qurumlar yaradır, ayda və ya iki ayda bir həmin qurumun toplantısını keçirməklə guya həmrəy olduqlarını nümayiş etdirirdilər.
Artıq İctimai Palata adlı qondarma qurum da ömrünü başa vurmaqdadır. Bu dəfə qurumun gözləniləndən çox tez dağılacağının səbəbkarı isə Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. Radikal müxalifət qondarma qurumun növbəti yığıncağına adam topladığı bir vaxtda xarici ölkələrin birinə "istirahətə" gedən İsa Qəmbər qabaqcadan "Azadlıq" radiosuna verdiyi müsahibənin efirdə səsləndirilməsinin vaxtı çatdığını bildirib. Həmin müsahibəsində Müsavat başqanı 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını söyləyib. Bununla da radikal müxalifət düşərgəsində AXCP - Müsavat qarşıdurması açıq müstəviyə keçib. AXCP üzvləri deyirlər ki, onlar İsa Qəmbərin hiyləgər olmasına çoxdan bələddirlər. Hətta partiyanın sədri də bunu təsdiqləyib. Digər müxalifət partiyalarının sədrləri də AXCP - Müsavat birliyinə inanmadıqlarını bəyan etmişdilər. Ona görə də həmin partiyalar İctimai Palata adlı qondarma quruma üzv olmadılar.
Azərbaycanın müxalifət liderləri hesab edirlər ki, son 20 ildə müxalifətin ciddi bir iş görməməsinin, seçkilərdə qələbə qazana bilməməsinin başlıca səbəbi Müsavat Partiyası ilə AXCP arasında münasibətlərin qeyri-səmimi qurulmasıdır. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirləri bu baxımdan maraqlı olduğundan diqqətə çatdırmaq istərdik. ADP sədri deyib:"Uzun müddətdir ki, biz Azərbaycanda siyasi mühitdəyik və ardıcıl olaraq Azərbaycan müxalifətində bir çox mənfi tendensiyalar məhz Müsavat ilə AXCP arasında münasibətlərin düzgün qurulmaması ilə bağlı olub. Biz bundan xeyli qabaq demişdik ki, heç bir halda bu iki qrup bir-birinə güzəştə getməyəcək və İctimai Palatanın tərkibində də vahid namizədlə çıxış etməyəcək. İctimai Palata da bu iki partiyanın monopoliyasındadır. Bu partiyalar, hətta, özlərini İctimai Palatadan da üstün bir qurum kimi təqdim edirlər".
S. Cəlaloğlu deyib ki, İctimai Palatanın rəhbərliyi iki qrupa bölünüb. Bir qismi Müsavatın tərəfdarları və üzvləridir, digər qismi isə AXCP tərəfdarları və üzvləridir. ADP sədrinin qənaətinə görə, bu onunla bağlıdır ki, İctimai Palata əvvəlcədən düzgün qurulmayıb. Bir çox məsələlər qabaqcadan açıq şəkildə ortalığa qoyulmur. İndi də deyirlər ki, bunu etməyək, onu etməyək, hələ tezdir, seçkiyə iki gün qalmış müzakirə edək, ictimaiyyət bizim hərəkətlərimizə qiymət verənə qədər biz artıq aradan çıxaq, öz bildiyimizi edək.
ADP sədri bunun düzgün yol olmadığını deyir və müxalifətin bu düşüncəsini gülünc hesab edir. Ona görə də Müsavat və AXCP-nin bu cür münasibəti bütünlükdə Azərbaycan müxalifətini məğlubiyyətə məhkum edir.
S.Cəlaloğlu hesab edir ki, İctimai Palatanın ümumi rəyi AXCP və Müsavat üçün bir o qədər də önəm daşımır və ən başlıcası da budur ki, hər iki partiyanın qrup və fərdi maraqları ictimai maraqlardan çox-çox üstündür. Hətta müttəfiqləri ilə məsləhətləşmədən hərə öz bildiyi kimi bəyanat verir, özünün namizədliyini elan edir. Bu da arzuolunmaz reaksiyalara gətirib çıxarır. Düşünürəm ki, sadəcə bu iki partiya arasında səmimi əməkdaşlıq yoxdur".
Azadlıq Partiyasının sədri Əhməd Oruc da Müsavat və AXCP-nin bir - birinə düşmən kəsildiyini bildirib. O, hər iki partiyanın 20 ildir uğursuz fəaliyyət göstərdiyini vurğulayıb. Ə.Oruc Müsavat başqanı İsa Qəmbəri və AXCP sədri Əli Kərimlini prezident seçkilərində elə bir ciddi fiqur hesab etmədiyini bildirib. Ona görə də onların namizədliklərini irəli sürüb-sürməməyinin heç bir əhəmiyyəti olmadığını deyib. Görünür, Azadlıq Partiyasının sədri İctimai Palatanın son mitinq çağırışlarına kimsənin səs vermədiyindən bu qənaətə gəlib. Artıq xalq bu iki müxalifət "liderinin" yalanlarından və antimilli hərəkətlərindən cana doyub. AXCP sədrinin Azərbaycanda təxribatlar törətmək istəyən İranın radikal dini liderlərinin, fars mollalarının müdafiəsinə qalxması, İsa Qəmbərin isə müxtəlif bəhanələrlə Tbilisiyə gedərək ermənilərlə əməkdaşlığı davam etdirmək barədə müqavilə imzalaması ictimaiyyət tərəfindən nifrətlə qarşılandı. Müxalifətin digər nümayəndələri ictimaiyyətin gözündən düşməmək, ərtaflarına topladıqları 10-15 nəfəri də itirməmək üçün İctimai Palataya qoşulmadılar və ümumiyyətlə, AXCP-dən və Müsavat Partiyasından kənar durdular. Ə.Orucun fikrincə, İctimai Palatanın adi bir məsələnin müzakirəsinə hazır olmadığı, adi bir müzakirədən sarsılıb dağılmaqdan ehtiyatlandığı ortadadır. Bu cür absurd vəziyyətə düşmüş insanların namizədliyini irəli sürməsi və yaxud sürməməsi heç nəyi dəyişməyəcək.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan etməsi Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevi də hiddətləndirib. O deyib ki, bu "bədbəxt insan" bu vaxta qədər qatıldığı bütün seçkilərdə uduzmağından hələ də bir nəticə çıxarmayıb. Ağıllı adamlar dərk etməli idi ki, onu dəstəkləyən yoxdur. Ona görə də çəkilib bir kənarda durmalı idi. Müsavat başqanı İsa Qəmbər isə bütün bunlardan nəticə çıxarmaq əvəzinə, hələ 2013-cü il prezident seçkilərində də namizəd olmaq fikrinə düşüb. Rəsul Quliyev bildirib ki, Müsavat başqanının namizədliyini irəli sürməsində qeyri-adi heç nə görmür:"Bu, onun əqidəsinin məhsuludur.Görünür, bu adam ömrünün sonuna qədər məğlub olmağı xoşlayır. Bu isə siyasətlə məşğul olan partiya sədrinə xas olan xüsusiyyət deyil".
Rəsul Quliyev həmçinin Müsavat başqanının partiyanın ali tədbirini gözləmədən seçkilərdə namizəd olmaq niyyətini açıqlamasından təəccübləndiyini qeyd edib. O bildirib ki, demokratiyadan dəm vuran bir şəxsin partiyanın konfransını keçirmədən namizədliyini irəli sürməsi onun əqidəsinin göstəricisidir. Mənim bir daha bu şəxs haqqında danışmaq fikrim yoxdur.
Xaricdə təhsil alan intellektual gəncliyin təmsilçisi hesab olunan Emin Milli İsa Qəmbərin timsalında köhnə nəslin siyasətçilərini, o cümlədən AXCP sədri Əli Kərimlini siyasətdən getməyə çağırıb. Emin Milliyə Bəxtiyar Hacıyev, Erkin Qədirli və başqaları da açıq dəstək veriblər. Bu insanlar həm də xaricə bağlı olan şəxslər kimi tanınırlar.Görünür artıq xarici ölkələrin demokratik fikirli nümayəndələri də İsa Qəmbərin qəflətən prezidentliyə namizədliyini irəli sürməsindən narazı qalıblar. Müxalifət düşərgəsində AXCP - Müsavat qarşıdurması hələ müstəqilliyimizin ilk dövrlərinə təsadüf edir. Həmin vaxtdan başlayaraq bu iki partiya arasında vəzifə davası, birincilik uğrunda didişmə hələ də səngimək bilmir. Bir faktı diqqətə çatdırmaq istərdim. 1990-cı illərin sonunda İsa Qəmbər AXC-nin kadrları hesabına Müsavat Partiyasını gücləndirmək istəsə də, bu tam istədiyi mənada alınmadı.Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-də parçalanma baş verəndə, Müsavat başqanı Əli Kərimli haqqında belə demişdi: "Mən "hakimiyyətin uşağı"nı Elçibəyin siyasi varisi kimi tanıya bilmərəm".
Müxalifət partiyalarının funksionerləri və müstəqil politoloqlar açıq şəkildə bəyan edirlər ki, AXCP və Müsavatın ayrı-ayrı namizədlərlə seçkilərə qatılmasının heç bir əhəmiyyəti yoxdur. Artıq İsa Qəmbərin də, Əli Kərimlinin də siyasi resursları tamamilə tükənib.
Müsavatçılar artıq açıq şəkildə bildiriblər ki, Müsavat Partiyası AXCP sədri Əli Kərimlinin prezidentliyə namizədliyini heç vaxt dəstəkləməyəcək. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, İsa Qəmbər olmasaydı, namizəd mən olacaqdım.
O, heç bir halda Əli Kərimliyə güzəştə getməyəcəklərini də bəyan edib. A.Hacılı bu fikri bildirərkən görünür, əmin imiş ki, Əbülfəz Elçibəyin zəhərləndirilməsində AXCP sədrinin əli olduğu tam sübuta yetiriləcək. Çünki müxalifətin digər nümayəndələri də onlarda bu barədə məlumat olduğu barədə açıqlama veriblər. Hətta bununla əlaqədar istintaqa ifadə verəcəklərini də bəyan ediblər. Göründüyü kimi, vəzifə hərisliyi "mehriban düşmənlərin" iç üzünü ortaya qoydu. İndi onlar bir - biri ilə daha amansız mübarizə aparmağa başlayıblar.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.